Prezidentin köməkçisi: "Qərbin bəzi islamofob dairələri..."

Prezidentin köməkçisi:

«İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüsün reallaşdırılması üçün praktiki addımlar atılır. Qarşıdan gələn dövrdə onu həm də İslam Əməkdaşlıq Təşkilatının ciddi şəkildə dəstəkləyəcəyinə ümid edirik».

Bunu prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının oktyabrın 3-də Bakıda keçirilən konfransında deyib.

O bildirib ki, Suriyada baş verənlər, Dağlıq Qarabağın işğal edilməsi sabit müsəlman ölkələrini narahat etməyə bilməz: «Qərbin bəzi islamofob dairələri müsəlman ölkələrində baş verənləri qərəzli təqdim edirlər. İslamı zərərli element kimi qələmə vermək doğru deyil. Müsəlmanları terrorçu kimi qələmə vermək, təqdim etmək yolverilməzdir. Bu, müsəlmanları ciddi narahat edir. Bilirsiniz ki, Azərbaycanın tarixi ərazisi Dağlıq Qarabağ işğal olunub. Ermənistan beynəlxalq aləmin qərarlarını icra etmir. Buna oxşar problem digər ölkələrdə də var. Bunun üçün vahid islam əməkdaşlığı vacibdir».

Ə.Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin KİV-ləri arasında obyektiv məlumat mübadiləsinin yaradılmasına ciddi ehtiyac var: «Bu qurum həmişə müsəlman birliyinə töhfə verib, bundan sonra da verəcək. Müsəlman dünyasının milli-mənəvi dəyərlərinin təbliği əsas məsələdir».

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az