Psixoloq: "İntiharın zəiflikdən irəli gəlməsi fikri yanlışdır, amma..."

Psixoloq:

Son illər ölkəmizdə intiharların sayı kəskin şəkildə artıb. Qeyri-rəsmi də olsa, statistikaya əsaslansaq, özünə qəsd edənlərin sayında kəskin artım müşahidə olunmaqdadır. Bu ay ərzində isə bu mənfi tendensiya bir qədər də sürətlənib. Bəs görəsən bunun əsas səbəbi nədir?

Ölkə.Az-ın bu və digər suallarını psixoloq Fərqanə Mehmanqızı cavablandırır.

- Fərqanə xanım, istərdim əvvəlcə şablon olsa da, bu sualımızı cavablandırasınız. Sizcə, insanlar hansı səbəbdən intihar edirlər?

- Bunun bir çox səbəbi var; sosial problemlər, şəxsi həyat, psixoloji problemlər və sair.

- İntihar edənləri daha çox hansı yaş qrupuna aid etmək olar?

- Statistikaya nəzər salsaq, görərik ki, 35 yaşına qədər şəxslər intihara daha meylli olurlar. Buna səbəb isə problemi olan gəncə valideyinlərinin və ətrafındakı şəxslərin basqı etməsidir. Biz həmin şəxslərin problemini öz problemimiz kimi qəbul edib, yardım göstərməliyik. İndiki halda vəziyyət belədir ki, valideynlər problemi olan şəxsi danlayır. Bu isə gəncləri kompleksə salır. Biz onları tənqid etmək əvəzinə, probleminə soyuqqanlılıqla yanaşaraq, həll etməyə çalışmalıyıq.

- Belə bir statistika varmı ki, intiharlar daha çox bölgələrdə baş verir, yoxsa paytaxtda?

- Bölgələrdə daha çox gənc qızlar intihar edir. Bunun səbəbini isə hamımız çox yaxşı bilirik. Belə ki, yeniyetmə qızlar öz razılıqları olmadan, valideynlərinin təzyiqi ilə ərə verilirlər. Bu isə nəticədə onların intiharına, yaxud da evdən qaçmasına səbəb olur. Əslində, insanlar ölmək üçün intihar etmirlər. Onlar sadəcə, yaşadıqları əzabdan bir çıxış yolu axtarırlar.

- Sizcə, intihara qadınlar daha çox meylli olurlar, yoxsa kişilər?

-Təbii ki, kişilər intihara daha meyllidirlər. Qadınlar daha emosional olduqlarında başqaları ilə dərdləşərək, problemlərini az da olsa həll edirlər. Amma çarəsizlik hissi pik nöqtəyə çatdıqda intihara meyl qaçılmazdır.

- Bildirdiniz ki, yaşı 35-dək olan şəxslər, xüsusən də kişilər intihara daha çox meyllidirlər. Sizcə, 35 yaşlı bir kişi intihar etmək fikrindədirsə, onu bu yoldan necə çəkindirmək olar?

- İntihar edən şəxs heç vaxt yaxınları ilə bu fikri paylaşmır. Əgər paylaşsa, bu, o deməkdir ki, onun şüuru özündədir. İntihardan xəsarətlə qurtulan şəxslərə "bunu hansı şəraitdə etmisiniz?” sualı ilə müraciət etdikdə hər zaman şok halında olduqlarını bildiriblər. Onların heç biri necə intihar etdiklərini və hadisənin necə baş verdiyini xatırlamır.

- Deyilənə görə, intihar zəiflik əlamətidir. Sizcə, bu fikir doğrudurmu?

- Məncə bu, ziddiyyətli bir məqamdır. Yəni intiharın zəiflikdən irəli gəlməsi fikri yanlışdır, amma bu fikirə birmənalı yanaşmaq olmaz.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az