Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin müdir müavini Hacı Əhliman Rüstəmov Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Beynəlxalq Fətva Simpoziumunda iştirak edib. 

"İslam İlahiyyatının Modern Problemləri” - "Fətvavermə Üsulları: Müasir Çətinliklər və Problemlər” adlı simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Udmurtiya və Monqolustandan olan din xadimləri, ilahiyyatçılar, dövlət və elm adamları, habelə Kazan İslam Universitetinin rəhbərliyi və alimləri qatılıb.

Qonaqlar simpoziumdan öncə Kazan şəhərindəki Qul Şərif məscidində Cümə namazı qılıb, məscidin muzeyi ilə, orada qorunub-saxlanılan Qurani-Kərimin qədim nümunələri və Kazan şəhərinin tarixini əks etdirən eksponatlarla tanış olublar, Kazan İslam Universitetində və Tatarıstan Müftiliyində maraqlı görüşlər keçiriblər.

"Fətvavermə üsulu”, "Modern çətinliklərin və problemlərin həlli”, "Məzhəblərin fətvalardan istifadə əsasları”, "Fətvavermədə doğru üsul və müasir məsələlərdə tətbiqi”, "Din xadimi və ilahiyyatçıların qarşılaşdığı modern çağırışlar”, "Bütün müsəlmanlara aid məsələlərlə bağlı verilən fətvaların bir yerdə toplanması” kimi başlıqlarla  Kazan şəhərində Korston otelində keçirilən  seminarlarda tədbir iştirakçıları tərəfindən İslam aləminin bugünkü fətva sahəsində mövcud olan problemləri, İslam fiqh tarixi və mədəniyyətindən bəhrələnmə üsulları, eləcə də aktual fətva məsələləri müzakirə edilib, maraqlı fikir mübadilələri aparılıb.
Keçirilən seminarlarda iştirak edən Hacı Əhliman Rüstəmov Azərbaycanda mövcud məzhəblərin tarix boyu birgə yaşamasından, məzhəblər arasında doğmalıq və qohumluq əlaqələrindən Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən ölkə məscidlərində vahid azanın səslənməsi və vəhdət namazının qılınmasından, respublikada məzhəblərarası münasibətlərin bugünkü yüksək səviyyəsindən danışıb. 
QMİ-nin əməkdaşı əldə edilən uğurların Qafqaz Müsəlmanları İdarəsinin, İdarə rəhbərliyinin, xüsusilə İdarənin Sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin böyük xidmətləri və tövsiyələri sayəsində ərsəyə gəldiyini dilə gətirib.

Hacı Əhliman Rüstəmov fətvavermə fəaliyyəti ilə əlaqədar QMİ-nin Qazılar Şurasının, habelə Fətva və moizə şöbəsinin işlərini önə çəkib, Azərbaycanın dini sahədəki unikal uğurunun digər müsəlman ölkələri üçün də nümunə və model ola biləcəyinə əminliyini vurğulayıb.  

Xatırladaq ki, 03-06 noyabr 2022-ci il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində Türkiyə Respublikası Diyanət İşləri Başqanlığının Din İşləri Ali Şurası, Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsi və Rusiya İslam İnstitutu tərəfindən Beynəlxalq Fətva Simpoziumu təşkil edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az