Qarabağda öz başdaşını gözləyən sənətkar - Video

Qarabağda öz başdaşını gözləyən sənətkar - Video
Bu gün Azərbaycanın bənzərsiz səsə malik xanəndəsi Səxavət Məmmədovun anım günüdür.
1953-cü il 23 oktyabrda dünyaya gələn Səxavət Məmmədov 38 illik ömründə – bu qısa zaman kəsiyində öz adını Azərbaycan mədəniyyətinin nəhəng simaları ilə bir sıraya yazdıra bilib.
 Onun ifasında "Külək, niyə belə əsirsən?”, "Yar bizə qonaq gələcək”, "Sarı bülbül”, "Azad bir quşdum” kimi mahnılar ölümsüzlük qazanıb.
Qardaşı Firuz Səxavət mərhum xanəndənin təkcə sənətkar kimi yox, bir insan kimi də hamıya doğma olduğunu deyir:
"Səxavəti tanıyanlar onun necə bir insan olduğunu bilirlər. Səxavət çox həssas insan idi. Ona pislik etmək istəyənlərə yaxşılıq edirdi. Səxavət belə bir ürəyigeniş insan idi. Ona görə də vaxtilə paxıllığını çəkənlər sonradan onu çox istəyirdi. Mən tez-tez el şənliklərində, tədbirlərdə xalqımızın içində oluram. Hara gedirəmsə, onun haqqında ancaq tərif eşidirəm. Özüm də məəttəl qalıram və fəxr edirəm ki, Səxavəti bu qədər sevirlər”.
Unudulmaz sənətkar 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Ertəsi gün doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığında son mənzilə yola salınan xanəndənin Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Sonra isə kənd ermənilər tərəfindən işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az