Manqistau vilayətinin iri sənaye müəssisələrinin işçiləri isə hökuməti tətillə hədələyib. Xarici və yerli media orqanları xəbər verirlər ki, Aktau və digər şəhərlərə çoxlu sayda polis qüvvələri və texnika cəlb olunub. Hətta küçələrdə hərbi yük maşınları görünür. Ölkədə internetin və mobil rabitənin fəaliyyətində məhdudiyyətlər müşahidə olunur. Xəbər verilir ki, etirazlar tədricən paytaxt Astana və ən böyük şəhər olan Alma-Ataya da yayılmaqdadır. Artıq ötən gün paytaxtda 8 etirazçının həbs olunduğu bildirilir. Alma-Atada isə polis Respublika meydanına girişi bağlayıb.
Müstəqil müşahidəçilər bildirirlər ki, baş verən etirazları təsadüfi saymaq və yalnız sıxılmış qazın bahalaşması ilə əlaqələndirmək doğru olmaz. Çünki ümumilikdə əhali özünün sosial durumundan, qiymətlərdən, bir sözlə, dolanışıqdan narazıdır.

Bu arada ölkə başçısı Kasım-Jomart Tokayev öz "tvitter” səhifəsində etirazçılara müraciət edərək, onları qanunlara riayət etməyə çağırıb: "Vətəndaşlar yerli və mərkəzi hakimiyyətə tələblərini çatdırmaq hüququna malikdirlər. Lakin bunu qanunvericiliyə və dinc toplaşma qanununa uyğun şəkildə etməlidirlər.”
O, həmçinin məsələnin tezliklə araşdırılmasına və müvafiq qərarlar verilməsinə dair hökumətə göstəriş verdiyini bildirib.
Qazaxıstanın Energetika Nazirliyi də müraciətlə çıxış edib. Nazirlik hökumət adından bildirib ki, ölkədə sıxılmış təbii qaza ehtiyac ilbəil artsa da, onun istehsal həcmi əvvəlki səviyyədə qalır. Hökumətin son qərarına görə isə təbii qazın qiyməti bazar tərəfindən tələb və təklifə uyğun olaraq tənzimlənəcək. Bu səbəbdən qiymətlərdə artım müşahidə olunur. Lakin bu izahatlar və vədlər əhalini razı salmayıb.

Etirazların artdığını görən hökumət xüsusi komissiya yaradıb. İlk olaraq, qiymətin 120 təngədən 85 təngəyə endirilməsi qərara alınıb. Lakin etirazçılar qiymətlərin əvvəlki səviyyəyə qaytarılmasını tələb edirlər. Hökumət isə vəziyyətin daha da gərginləşməsinin və sosial tələbli mitinqlərin siyasi etirazlara çevrilməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çalışır. Ancaq müşahidəçilər bunun asan olmayacağı qənaətindədirlər. Çünki etirazlar bir günün, bir hadisənin yox, uzun illərdən bəri yığılıb qalan narazılıqların nəticəsidir.
Məlumat üçün bildirək ki, 2011-ci ildə də məhz Janaozendə böyük etiraz aksiyaları keçirilmiş və bu mitinqlər bütünlükdə Qazaxıstanı silkələmişdi. Hətta həmin vaxt polis əhaliyə odlu silahdan atəş də açmışdı. Nəticədə çoxlu sayda etirazçı xəsarət almış, xeyli həbs edilənlər olmuşdu.