Əslində bu qərar gözlənilən qərardır. Çünki 2015-ci il yaxınlaşdıqca “qondarma soyqırımın” müzakirəsi intensiv hal alacaq. Hətta onlarla dövlət sözügedən məsələni müzakirə ilə qalmayacaq, “qondarma soyqırımı” tanıyacaq.
Bu sözləri “Vətəninfo.az” a Ankara Universitetinin əməkdaşı, politoloq Vurğun Həsənli İsrail Knesseti qondarma “erməni soyqırımı”nın gözlənilən müzakirəsi bağlı fikrini şərh edərkən bildirib.
“Amma Azərbaycan ilə yüksək səviyyəli ikitərəfli əlaqələrə malik İsrail kimi dövlətlərin parlamentində bu məsələnin müzakirəsi, bizim üçün qəbul olunmaz hadisədir və Azərbaycan bütün təsir mexanizmlərindən istifadə edərək prosesinin əngəllənməsi üçün çalışmalıdır. İlk olaraq, diplomatik vasitələrlə İsrail tərəfinə ciddi xəbərdarlıq edilməlidir. Çünki, İslam dünyasında İsrail ilə ən yüksək əlaqələr sahib müsəlman dövlətlərdən biri də məhz Azərbaycandır. Bu İsrail tərəfinin diqqətinə çatdırılmalıdır. Bu kimi girişimlər nəticə verməzsə Azərbaycan tərəfi, hər il bir neçə milyard dollar ödənərək alınan hərbi sursatın alımını yenidən nəzərdən keçirməyi düşünməli, İsrail ilə olan bütün əlaqələrin gözdən keçirilməsi gündəmə gətirilməlidir”,-deyə politoloq qeyd edib.
Politoloq onu da bildirib ki, “qondarma soyqırımın” müzakirəsi İsrailə heç bir şey qazandırmayacaq.
“Ən yaxşı halda, Azərbaycan və Türkiyə kimi müttəfiqlərini Ermənistan kimi “dövlətə” qarşı itirə biləcək.
Son olaraq bildirmək istəyirəm ki, biz məsələni ciddi qəbul etməli və təcili olaraq prosesi dayandıracaq fəaliyyətlərə başlamalıyıq”,-deyə Vurğun Həsənli söyləyib.
Elnur Eltürk