Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə yol polisi haqqında "dana" ifadəsi işlədən deputat həmkarı Eldar İbrahimova qarşı son iki gündə mediada və sosial şəbəkələrdə səsləndirilən ittihamları Moderator.az-a açıqlamasında təşkil olunmuş hesab edir:
"Eldar Ibrahimov Yeni Azərbaycan Partiyasının qurucularından biri olub və Heydər Əliyevin ən yaxın silahdaşlarından sayılır. O uzun illər Heydər Əliyevlə birgə çalışıb. Bu gün də həmn YAP-a, həm parlamentə nüfuz qazandıran ağsaqqal deputatlardan biridir. Onun bir polis əməkdaşı haqqında fərdi qaydada söylədiklərini bütünlüklə polisə aid etmək olmaz. Çünki Eldar İbrahimov hər zaman polisi müdafiə edən, onu dəstəkləyən bir şəxs olub. Artıq gələn ay onun yubileyidir, 70 yaşı tamam olur. Belə bir ağsaqqal millət vəkilinə qarşı hansısa polis əməkdaşı çox hörmətsiz yanaşırsa, ona qarşı hörmətsiz davranırsa, əlbəttə, bu onu hiddələndirib və o da sərt formada buna öz etirazını bildirib. Mən hesab edirəm ki, Eldar müəllimə qarşı olan bu hücumlar təşkil olunmuş yersiz hücumlardır. Nəzərə alsaq ki, daxili işlər naziri hər il 100-lərlə polis əməkdaşını polisə yaraşmayan davranışlarına görə polis orqanlarından xaric edir. Bu faktın özü də təsdiq edir ki, polisdə belə insanlar var. Mən fürsətdən istifadə edərək Eldar İbrahimovu qarşıdan gələn yubileyi münsibətilə təbrik edirəm. Ona can sağlığı və uğurlar arzulayıram. Hər kəsi də çağırıram ki, Eldar müəllimə qarşı kampaniyaya qoşulub ağıllarına və ağızlarına gələni yazmaqdansa, qocaman siyasətçini təbrik etsinlər, ona yubileyi münasibətilə can sağlığı arzulasınlar."