“Müharibə edəcək ölkənin telekanallarında bayağı verilişlər verilmir. Lakin bizdə səhərdən-axşama kimi belə verilişlər efirə gedir. Bunu çəkinmədən deyirəm ki, son günlərdə isə bəzi telekanalları çıxmaq şərti ilə, telekanallar özlərini əxlaqsız səviyyəsində aparır”.
Bu sözləri “Vətəninfo.az”a cəbhədə son günlərdə baş verən gərginliyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi:
“5 əsgər atışma, 2 əsgər isə bədbəxt hadisə nəticəsində vəfat etdi və 7 Azərbaycan ailəsi öz doğmalarını itirdi. Bu ərəfədə bizim telekanallarımızın əksəriyyəti özünü şərəfsizcəsinə apardı. Xüsusəndə İctimai telekanalın tutduğu mövqeni Azərbaycan xalqına həqarət kimi qiymətləndirirəm”.
Daha sonra polkovnik son günlərdə baş verən gərginliyə də aydınlıq gətirdi:
“Cəbhə bölgəsində hər zaman gərginlik olub və olacaq. Lakin mühüm siyasi görüşlər və aparıcı dövlətlərin regiona səfərləri ərəfəsində, prezidentlərin görüşündən əvvəl və sonra bu gərginlik intensivləşir. Bu dəfəki gərginlik Amerikanın dövlət katibi Hillari Klintonun səfəri ilə bağlı idi. Ermənistan səfər ərəfəsində təxribata əl atdı və azda olsa, buna nail oldu. Lakin Azərbaycanın hücumları nəticəsində ermənilər böyük zərbə aldı, hərbi texnikaları sıradan çıxdı və xeyli itki verdilər. Azərbaycanın silahlı qüvvələri komandanlığı da 1 sıra praktik səhvlərə yol verdi. Ermənilərə zərbə vurulduğu halda, bizim hərbi qüvvələr hazır olmalıydılar ki, düşmən dövlət qisas əməliyyatı həyata keçirəcək. Və belə də oldu. Ermənilər iyunun 5-də səhər saatlarında Qazağın Aşağı Əksipara kəndi istiqamətində bizim mövqelərimizi atəşə tutdular və 5 hərbi qulluqçumuz şəhid oldu”.
Atışmalar intensive olaraq davam edəcəkmi sualına isə Ü. Cəfərovun cavabı belə oldu:
“Demək olmaz ki, atışmalar indi artan xətt üzrə gedir. Attışmalar tez bir zamanda səngiyəcək. Çünki hər iki tərəf yaxşı başa düşür ki,atışmalarla heç bir şeyə nail olmaq mümkün deyil. Torpaqlarımızın azad olunması bizim suveren haqqımızdır. Ermənistan öz havadarları vasitəsi ilə xüsusilə də, Rusiyanın dəstəyi ilə öz işğalçılıq niyyətlərini həyata keçirir. Lakin bu sonsuza qədər davam etməyəcək. Biz bunu yaxşı başa düşürük. ATƏT-in MİNSK qrupu həmsədrləri sanki özlərinə isti bir yer tapıblar. Qarabağ məsələsini həll edirik adı altında turist kimi Bakıdan girib Xankəndindən, İrəvandan girib Şuşadan çıxırlar. Yeyib-içib öz günlərini keçirirlər. Təbii ki, istəməzlər belə sərfəli iş yerini itirsinlər. Bu iş yeri onlara konfortlu və yüksək məvacibli həyat bəxş edir. Onlar üçün bu məsələnin həll olunmaması daha məqbuldur”.
Könül İbrahim