Deyəsən Avropa İttifaqı rəsmi Bakı ilə əsəb müharibəsinə başlayıb və Riqa sammitindən sonra Azərbaycan hakimiyyətinin davranışlarından çıxış edərək qərar verəcək. Sizcə rəsmi Bakı bu razılaşmanı boykot edərək DESFA-nı almaqdan imtina etmək cəsarətinə sahibdirmi?
Vətəninfo.az-ın məlumatına görə, Moderator.az-a açıqlama verən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyir ki, məsələyə təmkinli yanşamaq lazımdır:
"Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 %-nin alınması üzrə Yunanıstan tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
Yunanıstan Avropa İttifaqının üzvü olduğundan, imzalanmış həmin sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minməlidir. Amma Avropa İttifaqı bu məsələyə baxma məsələsini uzadır. Bunun əsasən üç səbəbi ola bilər. Ya Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları indiyədək bu qəbildən olan müqavilə ilə rastlaşmadığından hələ fikirləşməkdə davam edir, ya Avropa İttifaqının strukturlarının fəaliyyətindəki ənənəvi ləngliklə əlaqədardır, ya da ki, Avropa İttifaqının bu məsələyə kompleks yanaşmaq istəyir, yəni Azərbaycanla olan münasibətlərin tərkib hissəsi kimi baxmağa üstünlük verir.
Fikrimizcə hər üç mümkün variant münasibətdə Azərbaycan məsələyə təmkinlə yanaşmalı və məqamını gözləməlidir. Çünki “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsisinin ARDNŞ tərəfindən alınması və bu razılaşmanın baş tutması, bir tərəfdən Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından bu ölkənin özünə lazımdırsa, digər tərəfdən həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına yeni töhfə kimi Avropa İttifaqına lazımdır. Kimsə öz xeyrini sonacan dərk etmirsə, bunun həyəcanını Azərbaycan çəkməməlidir".