Araz Əlizadə: «Amma onların arzuları ürəyində qalacaq»
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup müxalifət fəalının noyabrın 17-də “Fəvvarələr meydanı”nda aksiya keçirməsi ilə bağlı müraciətini cavablandırıb. Aksiyanın Təşkilat Komitəsindən “Vətəninfo.az”a verilən məlumata görə, paytaxt rəhbərliyi “Parlament buraxılsın!” müxalifət qrupu tərəfindən keçiriləcək bu aksiyanı qeyd olunan yerdə keçirilməsini məqsədəuyğun hesab etməyib. BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsindən quruma daxil olan cavab məktubunda bildirilib ki, vətəndaşların istirahətinin təşkili üçün nəzərdə tutulan “Fəvvarələr meydanı”nda etiraz aksiyasının keçirilməsi qanunvericiliklə icazə verilmir. Aksiyanın Təşkilat Komitəsinin üzvü, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə bildirib ki, təmsil etdiyi qurum aksiyanın “Fəvvarələr meydanı”nda keçirilməsində israrlıdır və BŞİH-in cavabını sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirir.
Bu sözləri Sosial Demokratlar Partiyasının (SDP) sədri Araz Əlizadə müxalifətin 17 noyabrda keçirtmək istədiyi aksiyaya münasibət bildirərkən deyib ki, qanuni hakimiyyət qanuni yollarla öz hakimiyyətini saxlamalıdır. O bildirib ki, dünyanın hər yerində qəbul olunmuş bir qayda var ki, mitinqlər üçün yer ayrılır, kim istəsə gedib orda keçirir: “Əgər mitinq keçirtmək istəyirlərsə buyursunlar Bibiheybətə. Orada yaxşı yer düzəldiblər. Əvvəllər ora yaxşı deyildi, hər yer palçıq idi. İndi ora asfalt çəkiblər, mitinq üçün də çox normal yerdir. “Azneft”dən ora onlarla maşın gedir. Getsinlər orada keçirsinlər”. Partiya sədri müxalifətin hər hansı formada olursa-olsun milləti qeyri-stabil edib Azərbaycanda çaxnaşma salmaq istədiyini, amma onların arzuları ürəyində qalacağını da sözlərinə əlavə edib: “17 noyabr aksiyası da əvvəlkilər kimi uğursuzluqla nəticələnəcək. Bir neçə yazığı döydürəcəklər. Sonra onlara sutkalıq həbs veriləcək. Bunlar da onları siyasi məhbus adı ilə təqdim edəcək. Xaricdən də qrant alıb onları müdafiə etməyə başlayacaqlar”.