“Qurultayda sədirliyə namizəd ola bilərəm” - Müsahibə

“Qurultayda sədirliyə namizəd ola bilərəm” - Müsahibə

Ramil Hüseynov: “Bu siyasi situasiyadan asılı olacaq”

Son günlər mediada Vətəndaş və İnkişaf Partiyası (VİP) və bu təşkilatın sədri Əli Əliyevlə bağlı müxtəlif məlumatların intensivləşdiyi müşahidə olunur. Bu informasiyaların hansının doğru, hansının yalan olduğunu demək çətinləşib. Elə bu üzdən də VİP sədrinin təşkilati məsələlər üzrə müavini Ramil Hüseynovu redaksiyamıza dəvət edib, baş verənləri onun dilindən eşitmək istədik. İlkin olaraq Ramil bəyə son günlər Ədalət Partiyasının VİP-ə birləşməsi məsələsini soruşduq:


- Əvvəla, bu müzakirələrdə Ədalət Partiyasının VİP-ə birləşməsi məsələsi heç vaxt müzakirə edilməyib. Bir məqamı da qeyd etməliyəm ki, Ədalət Partiyası öz imkanlarına görə heç bir parametrdə VİP-dən geridə deyil ki, irəlidədir. Bu partiyalar arasında sadəcə, əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb. Lakin hazırda bu müzakirələr nisbətən səngiyib və ictimaiyyət üçün açıqlanası mühüm gəlişmələr yoxdur.

- Amma belə bir fikir var ki, bu gün İlyas İsmayılovun daha çox diqqət yetirdiyi məqam birləşmə olacağı təqdirdə sədirlik məsləsdir. Çünki partiyalar birləşdiyi təqdirdə O, sədr postunu itirmiş olacaq. İstərdim bu məsləyə də aydınlıq gətirəsiniz ki, sədirlik məsələsi də ilkin müzakirlərdə aktual olubmu?

- Xeyr, bayaq da dedim, bu müzakirələr o səviyyəyə çatmayıb ki, belə mühüm məsələlər ciddi aktuallıq qazanmış olsun. Sadəcə, partiyalar arasında müzakirələr başladıqdan sonra mediada bu məsələyə müəyyən şişirdilmiş yanaşmalar oldu. Ümumiyyətlə, İlyas İsmayılov kimi siyasətçinin adının belə cılız məsələlərdə hallandırılmasını düzgün hesab etmirik.

- Digər bir məsələ isə Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövəkitin bu birləşməyə isti yanaşamamısıdır. Bu doğurdanmı belədir?

- Mən hesab eləmirəm ki, Lalə xanım belə düşünür. O, çox ağıllı siyasətçi olaraq, proseslərin gedişində nə zaman və hansı addımı atacağını bilir. Bu baxımdan onun belə bir əməkdaşlığa soyuq yanaşa biləcəyini düşünmürəm. Əslində deyə bilərəm ki, bu əməkdaşlıq müxalifətin ümumi xeyrinə olan məsələdir. Yəni əgər bir neçə müxalif partiya bir ataya gəlib fəaliyyətini vahid struktur formasında davam etdirdsələr, bu, müxalifətdaxili təmərküzləşmə prosesinə yol aça bilər. Onu da xatırlatmalıyam ki, Lalə xanım və onun lideri olduğu partiya bizim dayanıqlı müttəfiqimizdir. Mən deyərdim ki, VİP-ALP münasibətləri Azərbaycan siyasi həyatı üçün nümunə sayılmalıdır.

- Bu yaxınlarda Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə partiya sədliyindən uzaqlaşdı və yerinə Mirkazım Seyidov gəlidi. Bir çoxları bunu hakimiyyətin iqtidaryönlü İctimai Palata modeli yaratmaq üçün ilkin addım hesab etdilər. VİP bu birliyə qoşulacaqmı?

- Xeyr, bu, mümükn olmayan bir şeydir. Bizim öz siyasi xəttimiz var. VİP sədri Əli Əliyev bu siyasi xətti dəfələrlə ifadə edib. Biz bundan sonra da bu siyasi xətti davam və inkişaf etdirəcəyik. VİP müxalifət partiyası olaraq, hər zaman prinsipial və ardıcıl mövqe tutub. İqtidarın yürütdüyü siyasəti kəskin, amma obyektiv və siyasi etika çərçivəsində tənqid edirik. Bizim heç kimlə şəxsi düşmənçiliyimiz yoxdur. Eyni zamanda, iqtidarla yanaşı, müxalifətdəki həmkarlarımızın da yanlış hesab etdiyimiz addımlarını açıq tənqid etməkdən çəkinmirik. VİP daha müasir, moderin siyasi texnologiyalara əsaslanan takita əsasında fəaliyyətə üstünlük verir. Siyasi məqsədlərimizi bizimlə fikirləri üst-ütsə düşən müttəfiqlərimizlə birgə həyata keçirəcəyik.

-Bu gün Əli Əliyevin rəhbərlik etdiyi VİP-in siyasi kusru daha çox “Ümüd” partiyasının siyasi kursuna bənzəyir. Bəs hansı səbəbdən iki partiya arasında sıx əlaqələr yoxdu?

- Mən qətiyyən hesab eləmirəm ki, bizim partiya “Ümüd” partiyası ilə eyni siyasi kursa malikdir. Sadəcə, bir məqamı qeyd edim ki, VİP özünün mövcudluğu dönəmində Azərbaycanda keçirilmiş bütün seçkilərdə yol verilmiş saxtakarlığa görə bu seçkilərin nəticələrini rəsmən tanımayıb. Xatırladım ki, VİP 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini tanımasa da, həmin seçkilərdə hakimiyyətin iki faiz səs yazdığı İqbal Ağazadə İlham Əliyevi qələbə münasibəti ilə təbrik etdi. Digər tərəfdən, hər kəsə məlumdur ki, Azərbaycanda bütün seçkilərin nəticələri Prezident Administrasiyasında müəyyən edilir. Özünüz də baxın, necə olur ki, hakimiyyət 2010-cu il parlament seçkilərində faktik qalib gəlmiş Əli Əliyevin və başqa müxalifət liderlərinin qələbəsini tanımadı, amma İqbal Ağazadənin yenidən parlamentə düşməsinə şərait yaratdı. Bütün bunlar, o cümlədən həyata keçirilən siyasət hakimiyyətin VİP-ə və “Ümid”ə münasibətinin kəskin fərqləndiyini təsdiqləyir. Bu baxımdan, VİP-i “Ümid”lə eyniləşdirmək heç bir halda mümkün və doğru deyil. Lakin VİP və “Ümid” arasında əməkdaşlıq olunası müəyyən ümummilli məsələlər təbii ki, var. Oların siyasi xəttində bizi qane etməyən nəsə varsa, bu o demək deyil ki, qarşılıqlı əməkdaşlıq tam istisnadır.

-Qeyd etdiniz ki, son parlament seçkilərinin nəticələrini saxta hesab etdiniz və müəyyən kəskin bəyanatlar verildi. Sizcə, bu, VİP sədrinin seçkilərdə qalib gəlməməsindənmi irəli gəldi?

-Mən seçki prosesesində iştirak edən bir şəxs kimi deyə bilərəm ki, Əli Əliyev 2010-cu il parlament seçkilərində namizədliyini irəli sürdüyü 15 saylı Yasamal birinci seçki dairəsində qalib gəlib. Ümumiyyətlə, həmin seçkilərdə taktik baxımdan ən düzgdün işləyən bizim partiya oldu. Lakin seçkinin nəticələri hər zaman olduğu kimi iqtidar tərəfindən saxtalaşdırıldı.

-Sizcə bu gün iqtidarla müxalifət arasında dialoq, müəyyən ümummilli məsələlərdə əməkdaşlıq mümkündürmü?

- Əlbəttə, mümkündür. Müxalifətdə və iqtidarda təmsil olunanlar bu xalqın övladları, bu dövlətin vətəndaşlarıdırlar. Kimsə kimsəyə düşmən deyil. Sadəcə, siyasi mövqelərdə fərqlilik var. VİP bu mövqelər arasında rəqabətin sivil müstəvidə aparılmasının tərəfdarıdır. Bizim vətənimiz var - Azərbaycan. Azərbaycan naminə, ümummilli maraqlar naminə biz bir masa arxasına gəlməyi, ortaya yekdil mövqe qoymağı bacarmalıyıq. Məsələn, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində hansı fərqlilikdən söhbət gedə bilər?

-Hazırda qarşıdan gələn prezident seçkiləri ilə bağlı müxalifət vahid namizəd məsləsini müzakirə edir. VİP-in bu məslədə mövqeyi nədir, vahid namizəd necə müəyyənləşməlidir?

- Mən hesab edirəm ki, VİP sədri Əli Əliyev özünün hazırlığı və siyasi qabiliyyəti baxımından, prezident seçkilərində uğurla iştirak edə bilər. Ona görə də, mən istərdim ki, Əli Əliyev prezident seçkilərinə qatılsın və tam gücü ilə mübarizə aparsın. Məsələnini digər tərəfinə gəldikdə isə, VİP-də bu istiqamətdə müzakirələr aparılmadığından, hansısa fikir bildirməyim çətindir.

-Bəs müxalifətin ümumi maraqları naminə Əli Əliyev namizədliyini geri götürə bilərmi?

-Bilisriniz, bu bir az mürəkkəb məsələdir. Hər şeyi zaman göstərərəck. Elə bir məqam yarana bilər ki, buna gerçəkdən ehtiyac olar. Yaxud da ki, bu, qəti şəkildə mümkün olmaya bilər.

-İstərdim ki, bir az VİP-in qurultayı ilə bağlı məlumat verəsiniz.

- VİP artıq bir ildir ki, partiyanın güclənməsi ilə bağlı qəbul etdiyi tədbirlər planını həyata keçirir. Partiyanın təşkilatlanması və güclənməsi yönündə ardıcıl işlər görülür. Bizim üçün əlamətdar haldır ki, son zamanlar VİP-in sıraları xüsusilə gənclərin hesabına sürətlə genişlənir. Eyni zamanda, növbəti qurultayımızın keçirilməsi də bizim gündəliyimizdədir. Yəqin ki, VİP-in növbəti qurultayı gələn ilin may ayında baş tutacaq.

- Qurultayda VİP sədrinin dəyişməsi ehtimalı varmı?

- Hazırda partiya üzvlərindən heç kim sədrliyə iddiasını açıqlamayıb. Amma o zamana qədər alternativ namizədin və ya namizədlərin ola biləcəyi istisna edilmir.
Qeyd edim ki, əgər bundan sonra Əli Əliyevin yürütdüyü siyasətlə bağlı partiya daxilində razılaşmadığımız məqamlar ortaya çıxacaqsa, mən özümü eni sədr seçkilərində iştirak üçün hazır görürərm.

Oral MƏDƏNÇİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az