“RAFİQ TAĞINI HƏKİMLƏR ÖLDÜRÜB”
Mailə Tağıyeva: “Allaha and olsun, üstümə benzin töküb, özümə od vurub yandıracağam”
Bu fikirlər 2011-ci ilin noyabr ayında öldürülmüş yazıçı Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva “Azadlıq” radiosuna verdiyi açıqlamsında bildirib. "Veteninfo.az” Rafiq Tağının xanımın fikirlərini olduğu kimi təqdim edir:
“Deyib ki, Rafiq Tağıdan sonra dolanışıqları çətinləşib: “Allah qayınlarımdan razı olsun, kömək edirlər, anamın pensiyasını alıram, birtəhər yaşayırıq. Onlara da qıymıram, ailələri var, çətindir. Bir də Rafiqin dostları sağ olsunlar, bizə əl tuturlar. Qızım Qəmər bu il 11-ci sinifdə oxuyur, hazırlıqlara gedir. Müəllimlərin pulunu Vaqif Bayatlının yoldaşı Tamam xanım verir. Üst-üstə 300 manatdan çox eləyir. Sara Nəzirova ilə tez-tez gəlirlər, söhbət edirik, dərdləşirik, bir az ovunuram.
Rafiq rəhmətə gedəndə oğlum Asiman Qərb Universitetinin 4-cü kursunda oxuyurdu. Axırıncı ilin təhsil haqqını ”Turan" agentliyi verdi. Bir də Əjdər Olun adını çəkməyi özümə borc bilirəm. Rafiqin sağlığında da, indi də bizim ailəyə çox köməkliyi dəyib. Əjdər müəllim Rafiqdən sonra heç bir bayramda bizim ailəni yaddan çıxarmır. Özü gəlir, bazarlıq edib göndərir. Allah haqqı, umu-küsü eləmirəm, köməkliyə görə də demirəm, Rafiq rəhmətə gedəndən sonra bəzi yaxın dostları bizi heç itirib-axtarmadılar".
Həyat yoldaşı deyib ki, R.Tağının ölümündən anasının xəbəri yoxdur: “Rəhmətə getdiyi günə qədər dolanışığımız çətin olub. Maaşı az idi, xəstələrə pulsuz baxırdı, yazı yazanda qonorarı ilə maraqlanmırdı. Kitabları çıxanda hamısını dost-tanışına payladı. Yazılarına görə Rafiqin taleyi üçün çox narahat olurdum. Tək mən yox, uşaqlar da, qohumlar da narahatlıq keçirirdilər. Əbülfəz Elçibəydən yazanda problem yaranmışdı, sonra Heydər Əliyevdən yazdı. Həbsdən çıxandan sonra çox dedim, Rafiq, problemli yazılar yazma, səni qaralayıblar. Həmişə də söz verərdi ki, daha yazmayacağam, rahat olun. Bıçaqlanan günü tər-təmiz geyinib işə getdi. Qəməri ”Araz" kursuna aparmışdım, pulqabım onun çantasına düşüb qalmışdı deyə evə qayıda bilmədim, oturub gözlədim. Axşam zəng gəldi, Qəmər telefona cavab verdi. Mənə dedi ki, ata dərsdən tez gəlməyimə sevinib, bizim evdə olmağımıza inanmadı. Həmişə gələndə Qəmərə deyərdi ki, qızım, kompüteri yandır, anaya de, süfrəni hazırlasın. Qəmər təəccübləndi ki, bu dəfə heç nə demədi, tapşırmadı. On beş dəqiqə sonra qapı döyüldü, sakitcə girdi evə. Bir adəti vardı, evə girən kimi Qəməri qucaqlayıb öpür, bir-birinə sarılırdılar. Bu dəfə nə məni xəbər aldı, nə qızı öpdü. Lal-dinməz keçdi evə, soruşanda nə olub, Qəmərə görə demədi. Mətbəxə keçdi, güzgünü götürüb paltosunu açanda gördüm qan içindədir. Həkimlər deyirdi ki, guya ürəyi zəif olub. Yalandır. Rafiq ömrü-boyu heç vaxt səhhətindən şikayətçi olmayıb. Həmişə demişəm, deyəcəm də: mənim yoldaşımı həkimlər öldürüb. Qatili də həmin gün xəstəxanada olub. Həkimlər xəstəxananı karvansaraya döndərmişdilər, kim gəldi yanına buraxırdılar. Sonradan dedilər, guya vəziyyəti ağır idi. Yaxşı, vəziyyəti ağır idisə, niyə palataya köçürürdülər? Neçə dəfə demişəm, həkimi, ölümündən 15 dəqiqə əvvəl yoldaşıma iynə vuran tibb bacısını gətirin, mənim onlara sözüm var, suallarıma cavab versinlər. Qaynım İlqar həkimindən soruşmuşdu ki, xəstəyə nəyə görə süni nəfəs verməmişdiniz? Cavab verə bilməmişdi.
Prezidentə müraciət edəndən sonra daxili işlər nazirinin müavini bizi qəbul etdi. Hamısı bir ağızdan deyir qatil iz buraxmayıb. Necə olur gündə bir qatil tuturlar, mənim yoldaşımı öldürən adam isə hələ də azadlıqda gəzir?"
R.Tağının həyat yoldaşı qatilin tapılmayacağı təqdirdə Prezident Administrasiyası qarşısında intihar edəcəyini bildirib: “Müstəntiq maraqlanmır, deyirlər işi bağlamaq istəyirlər. Qatil tapılmasa, Allaha and olsun, uşaqlarımı da götürüb, prezident sarayının qabağında üstümə benzin töküb, özümə od vurub yandıracağam. Mənim dövlətim kömək eləməsə, xarici ölkələrdən yardım istəyəcəyəm. Mehriban Əliyeva milyon uşağa kömək edib, bir dəfə maraqlanmayıb ki, Rafiq Tağının balaları necə yaşayır, necə oxuyurlar”.