Ramiz Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev SİRLƏRİ AÇIR
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) əsas yaradıcılarından biri, partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, professor Əli Nağıyev "Yeni Sabah” xəbər portalının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?
- Ramiz Mehdiyev məsələsi ilə bağlı mənə çoxsaylı zənglər gəlsə də, onların heç birinə cavab verməmişəm. Mən Heydər Əliyev hakimiyyətdə olanda Ramiz Mehdiyev haqqında bütün sözlərimi demişəm. Amma yıxılana balta vurmaq mənim sənətim deyil. Ona görə də indi heç nə danışmaq istəmirəm. Bunlar mənə aid söhbətlər deyil. pizza mizza
Araşdırma aparsanız, görərsiniz ki, Heydər Əliyev Prezident olduğu dövrdə mən deyəcəyim bütün fikirlərimi səsləndirmişəm. İndi Baş nazirin müavini olan Yaqub Eyyubovdan soruşa bilərsiniz ki, 1995-ci ildə o, deputat olmaq istəyəndə Əli Nağıyev televiziyada necə çıxışlar edib? Ondan sonrakı dövrlərdə isə Prezident Admistrasiyasında bir köstəbək var idi. O, da gözəl bilirdi ki, mən kabinetdə oturanların üzünə necə sözlərimi demişəm.
- Nazir işlədiyiniz dövrdə Ramiz Mehdiyevlə münasibətləriniz necə idi?
- Münasibətlərimiz normal olub. Əgər nəsə yalnışlıq olubsa, cavablarını da verməyi bacarmışam. Aşağı səviyyəli məmur yuxarı vəzifədə işləyənlərin qanun çərçivəsində olan tapşırığını yerinə yetirməlidir. Əgər tabe olmasan, gərək işləməyəsən.
- Ramiz Mehdiyev niyə məşhur "91-lər”ə qoşulmamışdı?
- YAP-ı mən Heydər Əliyevlə birlikdə yaratmışam. Sözsüz ki, Əliyevçi mübariz ətrafımla birlikdə. "91-lər”i də mən yaratmışam. Çox gözəl bilirəm ki, orada kimlər var, kim səmimidir, kim saxta. Siyahıda elə adam var idi ki, hətta, nə üçün orada olduğunu belə bilmirdi. Bu gün tarix pozulur. Kimlərsə, özünü o tarixə dürtmək istəyirlər deyə, tarixi əyri yazırlar, həqiqəti saxtalaşdırırlar. Belə olmaz. "91-lər”in yaradılması təbliğat üçün lazım idi. Bir də Heydər Əliyev istəyirdi bilsin, insalar bu məsələyə necə münasibət göstərir.
Mən bunu Sirusa dedim. O, da yazıb gətirdi, mən də onun surətini çıxarıb həmin dövrdə Azərbaycan Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru olan Əli İnsanova, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Həsən Mirzəyevə, AMEA-nın Kimya Problemləri İnstitutunun direktoru Ramiz Rizayevə, Səbail rayonunun keçmiş katibi, Azərbaycan Tibb Universitetinin professoru Xəlil müəllimə, Azərbaycan Dövlət Pedoqoji Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Zahid Qaralova, Bakı Dövlət Universitetindən Səfiyar Musayevə və digər şəxslərə göndərmişəm. Belə-belə hər təşkilatdan 3-5 imza yığılıb və həmin "91-lər” adlanan müraciət qəzetdə dərc olunub. "91-lər”i ələkdən keçirsək, gərək hazırda yuxarı mərtəbədə oturanların çoxu ölsün, yerə girsin. Onların hamısı təəssadüfən oraya gəlib çıxanlardır. Ona görə də mən bu siyahıya böyük məna vermirəm.
- Siz YAP sədrinin müavini olanda, faktiki olaraq təşkilata rəhbərlik edirdiniz. Həmin dövrdə Ramiz Mehdiyev YAP-ın işlərinə çox müdaxilə edirdi?