RUSİYA KRİMİNAL QRUPLARIN “ƏLİ İLƏ” BAKINI QARIŞDIRMAQ İSTƏYİR

RUSİYA KRİMİNAL QRUPLARIN “ƏLİ İLƏ” BAKINI QARIŞDIRMAQ İSTƏYİR

Kremlin Azərbaycanda seçkiqabağı qorxunc planı barədə şok iddialar

Planda “Ded Xasan”ın adamlarının rol aldığı deyilir; Rusiya xüsusi xidmət orqanlarının kriminal qruplaşmaların liderləri ilə “sıx” işlədiyi çoxdan məlumdur, ancaq belə məlumatın ortaya atılmasının başqa tərəfi də ola bilər...

Son günlər mətbuatda, o cümlədən hakimiyyətə bağlı dairələrdə Rusiyanın Azərbaycanda builki prezident seçkiləri ilə bağlı bir sıra planlara malik olduğu barədə müzakirələr gedir. Hətta İsmayıllı hadisələri də daxil olmaqla, ölkədə baş verən son səs-küylü olayların də arxasında Rusiyanın dayandığına dair hakimiyyət ideoloqları tərəfindən iddialar irəli sürülüb.

Azərbaycanda hakimiyyətin mövqelərinə zərbə vuran bu və ya digər hadisədə “Rusiya izi”nin axtarılması Bakı ilə Moskva arasında münasibətlərin nə dərəcədə pis olduğunu göstərməkdədir. Hələlik “Rusiya izi”nə dair dəlillər ortada olmasa da, belə görünür ki, Bakıda şimal qonşumuzun Azərbaycanla bağlı təhlükəli planlara malik olduğu haqda ciddi narahatlıqlar mövcuddur. Bu narahatlıqlar əsassız deyil. Rusiya ötən ilin yayından etibarən Dağıstanın Azərbaycanla sərhəd ərazilərinə iri qoşun qruplaşmaları cəmləşdirib. Bir sıra nüfuzlu azərbaycanlı oliqarxları özündə birləşdirən “Milyarderlər ittifaqı”nın meydana çıxması Bakıda Kremlin Azərbaycana qarşı planları ilə əlaqələndirilib. Həmçinin Dağıstanda “Sadval” separatçı hərəkatının fəaliyyəti bərpa edilib, nəhayət “Milyarderlər ittifaqı”na müəmmalı şəkildə üzv olan Rusiya Dövlət Dumasının deputatı, milliyətcə avar olan Ramazan Abdulatipov bugünlərdə Dağıstana başçı göndərilib. Azərbaycandakı bir sıra ekspertlər iddia edirlər ki, əvvəlki başçı Azərbaycan iqtidarına yaxın idi və onun Bakıdakı məmurlarla ortaq biznesi olub. Belə birisinin vəzifədən çıxarılaraq, rəsmi Bakı ilə konfliktdə olan bir qurumun (“Milyarderlər ittifaqı”) təmsilçisini onun yerinə təyin etmək, olduqca ciddi hadisə sayıla bilər. 

Bütün bunlara əlavə olaraq, bugünlərdə informasiya agentliklərindən biri “kriminal qruplaşmalara daxil olan mənbə”yə istinadən kifayət qədər təhlükəli planlardan xəbər verə biləcək məlumat yayıb. Həmin məlumatda iddia olunur ki, ötən ay Moskvada öldürülən məşhur kriminal avtoritet “Ded Xasan”ın tərəfdarları prezident seçkiləri ərəfəsində Azərbaycanda, o cümlədən həbsxanalarda təxribatlar törətməyə hazırlaşırlar. Söhbət silahlı təxribatlardan gedir və iddia olunur ki, artıq kriminal qruplaşmalar tərəfindən Bakıda yüzlərlə adama TT tapançaları verilib. Mənbə “Ded Xasan”ın adamlarının Azərbaycanda “10 minə qədər adamı silahlandırmağa hazır olduğunu” da iddia edir.

Qeyd edək ki, “Ded Xasan”ın öldürülməsi ilə kriminal qruplaşmalar arasında böyük müharibənin başladığı artıq məlumdur. Xüsusən də “ded”ə sui-qəsdi azərbaycanlı məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin sifariş verdiyi, nəticədə onun da öldürülməsi haqda qərar çıxarıldığı bildirilir. Lakin həmin xəbərdə deyilir ki, “Ded Xasan”ın Azərbaycanda hazırladığı təxribatlar planı kriminal çəkişmələrlə bağlı deyil, seçkilərlə əlaqəlidir, yəni siyasi xarakterlidir. Bu planın arxasında “Azərbaycana qarşı olan bəzi ölkələrin” dayandığı iddia olunur. Ad çəkilməsə də, eyhamlara əsasən başa düşmək çətin deyil ki, söhbət Rusiyadan gedir.

Həm də bu iddiaları Azərbaycan iqtidarına yaxın olan deputat-texnoloqlardan biri gündəmə gətirir.

Əslində Rusiya xüsusi xidmət orqanlarının kriminal qruplaşmalarla işlədiyi yeni məsələ deyil. Məsələn, “Ded Xasan”ın dostları arasında Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin generallarının da olduğu barədə Rusiya mətbuatı geniş yazır. Hətta keçmiş daxili işlər naziri Raşid Nurqaliyevin də “ded”in “dolya” verdiyi “siloviklər”in arasında olduğu barədə “Novaya qazeta” yazmışdı. Bu baxımdan həmin məlumatda səslənən iddialar əsassız görünməyə bilər. Yəni mümkündür ki, kriminal qruplaşmalar Rusiyanın öz planlarını həyata keçirməsi üçün rıçaqlardan biri kimi istifadə oluna bilər. Digər tərəfdən, mümkündür ki, hakimiyyət dairələri seçki ərəfəsində baş verəcək hansısa qətlləri və silahlı təxribatları bəribaşdan “əsaslandırmaq” üçün bu informasiyanı dövriyyəyə buraxıb. Yəni hər iki variantda söhbət təhlükəli planlardan gedə bilər.

Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az