Rusiya MN əməkdaşları Ermənistanda Seyran Ohanyanın imzaladığı sazişi müzakirə edir...
"Rusiya Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri bu günlərdə Ermənistandadır. Onları bir gün əvvəl Ermənistanın müdafiə naziri Arşak Karapetyan qəbul edib. Rəsmi açıqlamaya görə, onlar Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində müntəzəm danışıqlarda və müzakirələrdə iştirak etmək üçün Ermənistandadırlar.
Rəsmi bəyanatda müzakirə olunan məsələlərin əhatə dairəsi göstərilməyib. Ancaq bu yaxınlarda məlum olub ki, Rusiya və Ermənistan birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında saziş layihəsini müzakirə edirlər”.
Moderator.az xəbər verir ki, bu barədə"Johovurd" qəzeti yazır.
"Qeyd edək ki, Ermənistan və Rusiyanın artıq vahid hava hücumundan müdafiə sistemi var. Hələ 2016 -cı ildə parlament Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında Qafqaz regionunda birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiqləyib. "İndi rusiyalı mütəxəssislərin Ermənistana səfəri bu müqavilə ilə bağlıdır"- deyə erməni nəşri məlumat verir.
Zəruri xatırlatma:
2015-ci ilin dekabrında Rusiya Müdafiə naziri Sergey Şoyqu və Ermənistan Müdafiə naziri Seyran Ohanyan Qafqazda "Vahid Hava Hücumundan Müdafiə Sistemi” nin yaradılması haqqında saziş imzalayıb. 2016-cı ildə Ermənistan parlamenti Rusiya ilə vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqda müqaviləni təsdiqləyib.. 2020-ci ilin iyununda isə parlamentin növbədənkənar iclasında Rusiya ilə KTMT çərçivəsində eyni müqavilə təkrar ratifikasiya olunub. Bu razılaşma çərçivəsində Rusiya və Ermənistanın hava hücumundan müdafiə və hava məkanına nəzarət sistemlərinin vahid idarəetmə altında işləməsi və real vaxt rejimində məlumat mübadiləsi aparılması nəzərdə tutulur.
Qeyd edək ki, 20216-cı ildə Ermənistanla Rusiya birləşmiş hərbi qüvvələr qrupunun yaradılması ilə bağlı da müqavilə imzalayıb. Moskva 2016-cı ildə Abxaziya, 2018-ci ildə isə Cənubi Osetiya ilə də birləşmiş hərbi qüvvələr qrupunun yaradılması ilə bağlı razılıq əldə edib...
Sultan Laçın