Rusiya və İsrail Azərbaycana qarşı birləşdi

Rusiya və İsrail Azərbaycana qarşı birləşdi

İki dövlətin səfirləri üçüncü ölkələrin ərazilərində danışıqlar aparıb.

Rusiya və İsrail faktiki olaraq bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına mane olmaq üçün səyləri birləşdiriblər.

İstiPress-in məlumatına görə, bu barədə "İnterfaks” agentliyinə etibarlı mənbə bildirib.

Mənbə bildirib ki, hər iki ölkənin vətəndaşlığını daşıyan Lapşinin Belarus tərəfinin təhvil verilməsi barədə qərar qəbul etməsindən sonra Rusiya və İsrail nümayəndələri onun sonrakı taleyinə dair daha intensiv təmaslara keçiblər.

Rusiya və İsrail səfirləri üçüncü ölkələrin ərazilərində danışıqlar apardığını qeyd edən mənbə bildirib ki, burada söhbət Aleksandr Lapşinin ekstradisiyasını və onun cinayət məsuliyyətinə cəlb olunmasına mane olmaq üçün səylərin birləşdirilməsindən gedir.

"Fəaliyyət diplomatik və hüquq-mühafizə orqanları xətti ilə aparılır”, - mənbə əlavə edib.

Xatırladaq ki, Aleksandr Lapşin ötən ilin dekabr ayının 16-da Minskdə Azərbaycanın sorğusu əsasında saxlanılıb. Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə, Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar hazırda zəruri tədbirlər davam etdirilir.

Onun sözlərinə görə, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Azərbaycanın Cinayət Məcəlləsi ilə A.Lapşini nə gözləyir?

1. 276-cı maddə. Casusluğa görə 12 ildən 15 ilədək;

2. 318.2. maddə.  Dövlət sərhədini pozmağa görə 5 ilədək;

3. 281.2. maddə. Dövlət əleyhinə yönələn açıq çağırışa görə 12 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az