Rusiyanı vurmaq icazəsi: Biden “yanan ocağa neft tökür”

Rusiyanı vurmaq icazəsi: Biden “yanan ocağa neft tökür”


Prezident Joe Biden Ukraynanın Rusiya ərazisinə ABŞ-ın verdiyi uzaqmənzilli raketlərlə zərbə endirməsinə icazə verib.

Kreml buna reaksiya verib. Putinin sözçüsü Dmitri Peskov deyib ki, Biden "yanan ocağa neft tökür".

O bildirib ki, əgər həqiqətən belə bir qərar verilibsə, "bu, gərginliyin keyfiyyətcə yeni mərhələsi və ABŞ-ın bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyəti deməkdir”.

Ukrayna Prezidenti Volodymyr Zelensky aylardır ki, ATACMS kimi tanınan raketlərə qoyulan məhdudiyyətlərin götürülməsinə - Kiyevin öz sərhədlərindən kənarda zərbələr endirməsinə icazə verilməsinə çağırır.

"3-cü dünya müharibəsinə doğru"
Steve Rosenberg

BBC-nin Rusiya müxbiri

Rusiya siyasətçiləri Prezident Biden-in Ukraynanın Rusiyaya hücum etmək icazəsinə qəzəbli reaksiya veriblər.

Kremlyönlü Liberal-Demokratlar partiyasının sədri, rusiyalı millət vəkili Leonid Slutsky bunun "ciddi nəticələri olan ciddi eskalasiyaya aparacağını" deyib.

Rusiyalı senator Vladimir Cabarov Biden-in bu qərarını "3-cü dünya müharibəsinə doğru görülməmiş addım" olaraq qiymətləndirib.

Sərt sözlərdir.

Amma Vladimir Putin Rusiyasında Vladimir Putinin nə dediyi önəmlidir.

O isə bu barədə hələ ki, danışmayıb.

Əvvəllər çox danışıb. Bu yaxınlarda Kreml Qərbə açıq mesaj verib: Bunu etməyin, uzunmənzilli raketlərə dair qoyduğunuz qadağanı qaldırmayın, Kiyevə Rusiya ərazilərinin dərinliklərinə hücum etməyə icazə verməyin.

Sentyabr ayında Prezident Putin xəbərdarlıq edib ki, əgər bu baş verərsə, Moskva bunu Nato ölkələrinin Ukrayna müharibəsində "birbaşa iştirakı" kimi görəcək.

Şimali Koreya əsgərləri

Belə başa düşülür ki, Prezident Biden-in Ukrayna qüvvələrinə Rusiya ərazisinə hücum icazəsi verməsinə səbəb Şimali Koreya əsgərlərinin Rusiya əsgərləriylə birlikdə Ukraynaya qarşı vuruşmasına verilən cavabdır.

Bu ayın əvvəlində Ukrayna rəsmiləri Şimali Koreya əsgərlərinin Rusyianın Kursk regionunda vuruşduğunu açıqlayıb.

İyun ayında Şimali Koreya və Rusiya qarşılıqlı müdafiə müqaviləsi imzalayıb - bu o deməkdir ki, onlar bir-birinin ərazisinə hücum olacağı təqdirdə, bir-birinin köməyinə gələcəklər.

Keçən həftə Vladimir Putinə zəng edən Almaniya kansleri Olaf Şoltz Rusiya liderinə deyib ki, Şimali Koreyanın cəlb olunması böyük eskalasiyaya səbəb olacaq.

Rusiyaya raket hücumuna icazənin nəticəsi nə olacaq? Təhlil
Paul Adams

Diplomatiya məsələləri üzrə müxbir, Ukrayna

ABŞ Prezidenti Jo Biden-in Amerika silahları ilə Rusiyanı vurma icazəsinin domino effekti olacaq.

Bundn sonra, nəhayət Britaniya və Fransa da Ukraynaya uzun mənzilli raketlərlə Rusiyanı vurma icazəsi verəcək.

Rəsmi Kiyev uzun müddət idi ki, bu razılıq üçün çalışırdı.

Ukrayna bildirirdi ki, ona Rusiyanın dərinliklərini vurma qadağası qoymaq onun əlini arxasına bağlamaq kimi bir şeydir.

Washinqton, London və Parisin icazəsindən sonra indi Rusiyanın dərinliklərindəki bir sıra hərbi əhəmiyyətli hədəflər Ukrayna üçün əlçatan olacaq.

Amerikanın bu qərarı Rusiyanın Kursk regionundakı Ukrayna qüvvələrinin müdafiəsi ilə məhdudlaşır.

Biden administrasiyası Kiyevə deyir ki, Ukraynanın işğal etdiyi kiçik Rusiya ərazilərində qalmasını dəstəkləyir ki, gələcəkdə mümkün danışıqlar zamanı sövdələşmək mümkün olsun.

Sentyabrda Putin xəbərdarlıq etmişdi ki, Ukraynaya bu silahlardan istifadəyə icazə verilərsə, bu, NATO-nun Rusiya ilə birbaşa münaqişəyə cəlb olunması demək olacaq.

İndi Putinin bu xəbərdarlığı sınağa çəkilir.

"ABŞ-ın qərarı Rusiyanın daha ehtiyatlı olmasına səbəb olacaq"

ABŞ-ın siyasətindəki dəyişiklik çoxdan gecikib, - deyə ABŞ-ın Ukrayna danışıqları üzrə keçmiş xüsusi nümayəndəsi əlavə edib ki, beynəlxalq hüquqda raketlərdən istifadə dairəsini məhdudlaşdıran heç nə yoxdur.

BBC-nin Radio 4-ün "Today” proqramına danışan Kurt Volker-in sözlərinə görə, beynəlxalq qanun deyir ki, raketlər yalnız özünümüdafiə üçün və hərbi hədəflərdə istifadə edilə bilər.

"İndi yöndəmsiz saydığımız və aradan qaldırmaq istədiyimiz bu cür uydurma məhdudiyyət yaratmaqdansa, başlamaq üçün buna yapışmalıydıq", - o deyir.

Prezident Putinin Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurmasına icazə verilməsini NATO-nun müharibədə "birbaşa iştirakı” kimi qiymətləndirməsinə Kurt Volkerin cavabı belə olub:

"O, hər şey haqqında belə deyir. Bu, onun Ukraynaya qarşı təcavüzüdür... O, Ukraynanın cavab atəşi açmağa çalışacağını gözləməli idi”.

Volker deyir ki, ABŞ-ın qərarı Rusiyanın daha ehtiyatlı olmasına səbəb olacaq.

"Bu, Ukraynaya hazırda Rusiyanın xüsusi zonasında olan aerodromları, silah-sursat anbarlarını və yanacaq təchizatını, logistikanı izləməyə imkan verəcək. Onlar bunu qorumaq üçün vaxt və səy sərf etməli olacaqlar".

Putin nə deyib?

Putin sentyabrın 12-də deyib ki, bu raket sistemləri üçün uçuş missiyaları mahiyyətcə yalnız "NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukraynalı hərbçilər bunu edə bilməz”.

"Əgər bu qərar qəbul edilərsə, bu, NATO ölkələrinin - ABŞ, Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa bir şey demək olmayacaq", - Rusiya prezidenti bildirib. Bu o demək olacaq ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə müharibə edir”.

Həmin vaxt Putin reaksiyanın konkret nə ola biləcəyi barədə detallara varmayıb və xəbərdarlığını belə ifadə edib: "Bizim üçün yaradılacaq təhdidlər əsasında müvafiq qərarlar qəbul edəcəyik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az