Sabah Ərdoğanla Putin görüşəcək- Həllini tapmayan problemlər
Məhəmməd Əsədullazadə
Politoloq
Sabah Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçidə görüşəcək.
Rusiyanın öz təsir dairəsi kimi gördüyü Cənubi Qafqazda Türkiyənin Azərbaycanla birgə taktiki təlimləri Soçi görüşü fonunda baş verir. Türkiyənin bu regionda hərbi iştirakı Moskvada soyuq duş kimi qəbul edilir. Təsadüfü deyil ki, Putinin ideoloqu olan Duginin bu hərbi təlimlər ərəfəsində Qarabağla bağlı əleyhimizə yönələn açıqlamaları, Moskvanın Azərbaycana qarşı siyasətinin bariz nümunəsidir. Azərbaycan daima Rusiyanın basqısı ilə qarşı-qarşıyadır. Türkiyə -Azərbaycan birliyi bu kimi təhdidləri önləməyə qadirdir. Qeyd edim ki, Soçidə iki ölkə başçısı əsasən Suriyada vəziyyət, rəsmi Moskvanın Suriyada PYD və onun hərbi qanadı YPG dəstəyi, iki ölkə arasında hərbi -ticari xüsusilə havadan müdafiə sistemi "S-400" raket komplekslərinin alınması müzakirə predmeti olacaq. Təbii ki, burada iki ölkə arasında hələki həllini tapmayan iqtisadi əməkdaşlıq məsələləridə müzakirə olunacaq. Ərdoğan -Putin görüşündə Qarabağ münaqişəsinin müzakirəsi mütləqdi. Türkiyə strateji müttəfiqi olan Azərbaycanın bu problemini Rusiya ilə daima müzakirə edir.
Türkiyənin bu görüş ərəfəsində Azərbaycanla hərbi təlimləri, Türkiyənin Qafqazda geosiyasi prosesdə olduğunu Rusiyaya da bir mesajıdır. Çünki, Rusiya Suriyada YPG kürd terrorçularına müəyyən dəstək verməklə, Türkiyə sərhəddində problemlərə yol açır.
Türkiyə-Rusiya prezidentlərinin görüşünün nəticəsi, yalnız 16 mayda - Ərdoğan- Tramp görüşündən sonra aydın olacaq.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir. Burada iki ölkənin daxili qoşunlarınında birgə təlimləri həyata keçirilir. Bu təlimlər özlüyündə Ermənistanda ciddi narahatlıq doğurub. Ermənistanın hazırda danışıqlar prosesində iştirakı imitasiya olmaqla, cəbhədə vəziyyəti gərginləşdirməyə hesablanıb. Azərbaycanın taktiki təlimləri işğal olunmuş ərazilərin azad edilməsinə hesablanıb.
Miq.Az