Sarkisyanın içində olduğu hərbi vertalyot Ağdamda vurulsa...
Düşmən ölkənin son günlərdə növbəti təxribat xarakterli məlumatı Azərbaycan mətbuatının da manşet xəbərlərinə çevrildi. Elə bunun nəticəsidir ki, düşmən ölkə Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunun istifadəyə veriləcəyi ilə bağlı xəbərlər yaymağa başlayıb. Əslində bu məlumatın yayılması nəyə köklənib, məqsəd nədir və bununla Ermənistan Azərbaycanı hansı provakasiyaya çəkə bilər?
Məlumata görə, "Yell Extreme Park” layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək. "Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub”, - deyə "Yell Extreme Park” layihəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.
Şübhə yox ki, bu, ermənilərin nəbz yoxlama əməliyyatıdır. İşğalçı tərəf kiçiktutumlu təyyarələri Xocalı aeroportuna gətirməklə Azərbaycanın reaksiyasını yoxlamaq, buna uyğun olaraq digər qərarlarını vermək istəyir. 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan İrəvana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları həyata keçirməyə cürət etməmişdi. Üstəlik, o zaman Azərbaycan tərəfinin kəskin reaksiyası, xəbərdarlıqları, beynəlxalq qurumlara çağırışları İrəvanı bu həyasız addımından geri çəkilməyə vadar etdi.
Sabiq hərbi birləşmə komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bununla bağlı bildirib ki, ölkəmizin hava hücumundan müdafiə sistemləri tək Xocalı aeroportunda deyil, bütün Dağlıq Qarabağ ərazisində olan uçuş aparatlarını məhv etmək imkanına qadirdir . General qeyd edib ki, erməni KİV-ləri belə məlumatlar yaymaqla Azərbaycanı qıcıqlandırmağa çalışır: "Dəfələrlə qeyd olunub ki, uçuşlar həyata keçirilsə, Azərbaycan tərəfi tədbirlər görəcək. Buna baxmayaraq, müxtəlif zamanlarda belə təxribatçı fikirlər yayıblar. Həmin ərazilər Azərbaycanındır və Hava Hücumundan Müdafiə Qoşunları onları məhv etmək imkanına malikdir. Ölkənin həm siyasi, həm də hərbi rəhbərliyi bunu bir neçə dəfə bəyan edib”.
Düzdür, bir sıra hallarda Sərkisyan oğrun-oğrun Qarabağa uçur və onun havada ikən vurulması barədə çağırışlar da səslənir. Ancaq hər halda, bu uçuşlar sistemli xarakter daşımır. Məsəslən, aprel döyüşlərindən sonra Sarkisyan bir neçə dəfə Azərbaycanın işğal altındakı ərazilərində olan Ağdərə rayonunun Mataqis və Talış kəndləri istiqamətində yerləşən erməni mövqelərinə baş çəkib. Əlbətdə Sarkisyan bu ərazilərə heç də piyada və ya onu müşayət edən hansısa avtomobil korteji ilə gəlmir. Çox şübhəsiz ki, Sarkisyan Azərbaycan əsgərinin dayandğı 100-200 metrəlik məsafəyə hansısa hərbi vertalyotla gəlir.
Bəs görəsən, düşmən ölkənin prezidentinin içində olduğu hərbi vertalyot Ağdamda və ya Ağdərədə Azərbaycan hərbçiləri tərəfindən vurulsa, məsuliyyəti kim daşıyır?
Bu barədə Miq.Az-a açıqlama verən tanınmış politoloq Elxan Şahinoğlu fikirlərini belə izah etdi:
"Elə etmək lazımdır ki, Ermənistan prezidenti Dağlıq Qarabağa təyyarə və ya helikopterlər uçuşun necə risqli olduğunu anlasın. Bunun üçün bir daha bəyan edilməlidir ki, Azərbaycanın hava sahəsini pozan və əmrlərə tabe olmayan təyyarələr və helikopterlər vurulacaq. Belə bir təcrübəmiz var. İşğalçılar Dağlıq Qarabağ ətrafında hərbi təlimlər keçirərkən, Azərbaycan ordusu işğalçı ölkənin helikopterini vurdu. Bu təcrübəni davam etdirmək lazımdır.
Indi də erməni separatçıları təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəyirlər, adını da qoyublar: "ekstremal turizm”. Təxribatdır. Xocalı hava limanını neçə il əvvəl təmir ediblər, zəruri avadanlıqlar yerləşdiriblər. Ancaq uçuşlara başlaya bilmirlər, çünki bilirlər ki, həmin təyyarələr Azərbaycan hərbi hava qüvvələri və ya raket kompleksləri tərəfindən vurulacaq. Beynəlxalq Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə edir: "Dağlıq Qarabağın hava məkanı Azərbaycana aiddir və icazəsiz uçuşlar həyata keçirilə bilməz”.
Buna baxmayaraq, separatçıların yanlarındakı hazır hava limanından istifadə edə bilməmələri onları əsəbləşdirir, nəsə yol axtarırlar ki, hansısa uçuşlar həyata keçirsinlər. Azərbaycan XİN dərhal açıqlama verməli, Şuşaya istiqamətlənən istənilən təyyarənin Azərbaycanın hava məkanını pozması anlamı daşıyacağını və bunun qarşısının müvafiq tədbirlərlə alınacağı vurğulanmalıdır. Təyyarə reyslərinə "ekstremal turizmlə” başlayacaqlar, sonra Xocalıdan İrəvana uçacaqlar, bir sözlə ardı gələcək. Buna yol vermək olmaz!"
Miq.Az-ın "Sarkisyanın içində olduğu hərbi vertalyot Ağdamda vurulsa, məsuliyyəti kim daşıyır sualına" politoloq Məhəmməd Əsədullazadə isə belə cavab verdi:
"Ermənistan hakimiyyəti bir neçə aydır ki, danışıqlar prosesindən yayınmaq kursunu götürüb. Bu il demək olar ki, rəsmi Yerevan rejiminin Qarabağla bağlı açıqlamaları, yalnız vəziyyəti sabotaj etməyə hesablanıb. Mart ayında Minsk qrupunun regiona səfəri də danışıqlarda dinamikliyə xidmət etmədi. Çünki, Ermənistan Rusiyanın hazırda satalleti olaraq, şimaldan gələn siyasi kursla davam edir. Buna baxmayaraq, Serj Sarkisyan və onun müharibə komandası kompromisə və danışıqlar mühütindən kənardı. Aprelin axrında Rusiyanın moderatorluğu ilə Azərbaycan və Ermənistan XİN rəhbərliyi səviyyəsində aparılan danışıqlar da nəticəsiz sonlandı. Bu görüşdən sonra heç bir müsbət açıqlamanın verilməməsi, bir daha göstərirdi ki, Ermənistan işğal olunmuş ərazilərin boşaldılmasında maraqlı deyil. Rəsmi Yerevan artıq, mümkün danışıqları arxa plana keçirtmək üçün Azərbaycanın beynəlxalq səviyyədə kodlaşdırılmış hüquqi cəhətdən mülkiyyətində olan Xocalı aeroportundan uçuşlar həyata keçirilməsi üçün təxribatçı hərkətlərə getməyə planlaşdırır. Şuşa ilə Xocalı arasında turistik kiçik motorlu təyyarənin uçuşa verilməsi, Azərbaycanın reaksiyasını yoxlamaqdı. Əgər, Azərbaycan buna ciddi şəkildə reaksiya verməsə, Yerevandan Xocalıya sərnişin təyyarə reysi açmaqla avantürist siyasətə gedərlər."
"Hazırda istifadəsiz qalan Xocalı aeroportundan ermənilər çalışacaq ki, istifadə etsin. Amma bunun qarşısı yalnız Azərbaycanın ciddi hərbi reaksiyasından sonra alınıb və alınacaq. Düzdür, Ermənistan prezidenti işğal olunmuş ərazilərə Helikopterlə uçuşlar edir. Buna Azərbaycan dözüm və səbrlə yanaşır, bu da Azərbaycanın Ermənistana bir güzəştidir ki, Helikopterləri hədəfə çevirmir. Qeyd edim ki, beynəlxalq aviasiya qanunlarına görə işğal olunmuş ərazilərdə hava məkanı Azərbaycana aiddir və bu hava məkanını pozan istənilən obyekt vurula bilər. Buna Azərbaycanın tam hüquqi çatır. Əgər bundan sonra Ermənistan danışıqları bir daha sabotaj edəcəksə, aeroport məsələrini gündəmə gətirib, spekulyasiya ilə məşğul olacaqsa, Azərbaycan mümkündür ki, hərbi təzyiqlərdən istifadə etsin. Onda da cəbhədə vəziyyət gərginləşəcək. Təmas xəttində intensiv atəşkəsin pozulması davam edərsə, Ermənistan bu ərazilərə hərbi helikopterlər göndərməsi, Azərbaycanın bunları vurması tam hüququdur. Buna görə də heç bir beynəlxalq təşkilatlar Azərbaycana irad tuta bilməz. Əgər Ermənistanın hərbi kamuflyaj Helikopteri Azərbaycan ordusunun gözlə görünə bilən sahəsinə yaxınlaşırsa, içində Ermənistan prezidenti olarsa da, bu ordumuz üçün bir təhdid olur. Bunun neytrallaşdırılması baş verərsə, məsuliyyət Ermənistan tərəfi daşıyır. Çünki, Ermənistan prezidenti də dəfələrlə deyib ki, Ağdam və digər ərazilər Azərbaycana aiddir. Gələn ay Minsk qrupunun regiona səfəri gözlənilir. Bu səfərdə Azərbaycan konkret olaraq, həmsədrlərdən tələb etməlidir ki, Ermənistanın bu kimi təxribatlarının qarşısını alsın. Əks təqdirdə isə, yeni toqquşmalarda Ermənistan tərəfi məsuliyyət daşıyacaq"-deyə politoloq Məhəmməd Əsədullazadə bildirdi.
Miq.Az