Sədaqət, YOXSA XƏYANƏT? - İslahatlara meydan oxuyan ELDAR ƏZİZOV komandası

Sədaqət, YOXSA XƏYANƏT? - İslahatlara meydan oxuyan ELDAR ƏZİZOV komandası

Nefçalada DTX-nın "qara maskalıları”nın keçirdiyi son əməliyyatdan sonra icra başçısının məsum,bir az da boynubükük şəklini yəqin ki, hamı yaxşı xatırlayır. Aylardır ki, dövlət başçısı "etməyin,eləməyin” deyə xəbərdarlıq edir, iş prinsiplərini açıqlayır. Amma, paranın gözqamaşdırıcı cazibəsinə qapanıb deyilənləri qulaq ardına vuranların hələ də iş başında olduğu məlum oldu və onların son aqibətinin də necə olduğunu bir daha gördük.

Rubrika.Az saytında dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətində isti yuva quran,dövlət qanunlarına məhəl qoymayan, aparılan islahatlara meydan oxuyan qruplaşma haqqında məlumatlar dərc etmişik. Eldar Əzizovun ətrafında komanda görüntüsü yaradaraq mütəşəkkil fəaliyyət göstərən, əslində isə öz əməlləri ilə bilavasitə icra başçısını zərbə altına atan bu qruplaşmanın da tezliklə hədəfə alınacağı istisna edilmir.

2018-ci ilin sentyabrında E.Əzizov tərəfindən İH-nin aparat rəhbəri vəzifəsinə gətirilən Elgün Həbibullayev və Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunan Coşqun Cəbrayılov bu qruplaşmanın kilid isimləridir. Bu yaxınlara qədər İH-nin sözçüsü görəvini yerinə yetirən İsrafil Kərimovun da adını qruplaşmadan kənarda saxlamaq olmaz. Bu "üçlüyün” xəbəri olmasa Bakı ŞİH-də quş belə uça bilməz. Paytaxtın idarəedilməsində bütün sahələrə əl qoyan "troyka” bütün qaranlıq maliyyə əməliyyatlarından tender fırıldaqlarına qədər hər şeyə nəzarət edir (E.Əzizov dönəmində saxta tender əməliyyatları ilə bağlı redaksiyamıza məlumatlar daxil olub, bu barədə araşdırma yazı verəcəyik). Bu şəxslərin Eldar Əzizovun tənqidlərə tuş gəlməsində, uğursuz fəaliyyətində müstəsna xidmətləri var.

Daha çox E.Əzizovun "qara kassası” kimi tanınan E.Həbibullayev və C.Cəbrayılov meriyada baş tutan bütün qaranlıq əməliyyatların "memarları” hesab olunurlar. Bu əməllərdən E.Əzizovun nə qədər xəbərdar olduğunu deyə bilməsək də,hər halda bu şəxslərin şəhər İH-də kütləvi narazılıq formalaşdırdığı, dövlət siyasətinə zərbə vurduğu şübhəsizdir. Paytaxtda baş tutan istənilən qanunsuzluğun altından məhz onların "izləri” aşkara çıxır.

Onların qanunsuz əməlləri artıq sərhəd tanımır. Onların vəzifəyə təyinatı ilə E.Əzizov özü öz uğursuzluğuna imza atıb desək yanılmarıq.

İsrafil Kərimov isə bu şəxslərin qanunsuz əməllərini "malalamaqla” məşğuldur. Vəzifəsi İH-nin fəaliyyəti barədə cəmiyyəti məlumatlandırmaq olan İ. Kərimov əslində meriyada baş tutan qanunsuzluqları gizlətməklə məşğuldur. Onun "gərgin əməyi” nəticəsində həm cəmiyyət, həm də E.Əzizovun özü əsl həqiqətlərdən məlumatsız qalır. E. Həbibullayev və C.Cəbrayılovun qanunsuz əməlləri ilə bağlı hər gün meriyaya onlarla müraciət edilir. İH-nin sözçüsü isə bu müraciətlərin E.Əzizova çatmasını əngəlləyir,ən müxtəlif yollarla onları itirir. Bir çox hallarda tənqidi fikir yürüdən media orqanları ilə anlaşma saxlanılır, tənqidçilər susdurulur. Nəticədə isə E.Əzizov komandasının "qüsursuz fəaliyyətindən” iftixar hissi keçirir. Əslində isə əlbir olan bu 3 şəxs öz qeyri-qanuni əməlləri ilə E.Əzizovun "edam hökmü”nü hazırlayırlar.

Rubrika.Az saytında barələrində dərc olunan tənqidi yazıdan sonra döymədiyi redaksiya qapısı qoymayan İ.Kərimov haqlarında yazılan materialları "sildirməklə” məşğuldur. Sanki tənqidləri sildirməklə işlərində dönüş baş verib. Təsəvvür edin ki, bu şəxslərin idarəetməyə, problemlərin həllinə baxış bucağı necədir. Mediadan tənqidi materialları sildirməklə hamını aldadacaqlarını zənn edən bu "yığma komanda”nın üzvləri əslində bu gün görülən işlərə,aparılan islahatlara kölgə salırlar. Dövlət başçısı bir çox problemləri məhz mediadan öyrəndiyini söyləyir,jurnalistləri özünün dostu adlandırır. Belə olan halda tənqidləri mediadan yığışdırmaqla E.Əzizovun komandası cənab Prezidenti aldatmağa cəhd etmirmi? Sevindirici haldır ki, bu gün Prezident Administrasiyasında İlham Əliyevin ətrafında böyük təfəkkürə, yüksək idarəetməyə məxsus gənclər formalaşmaqdadır. Bu bütün sahələrdə özünü göstərir. Təəssüf ki, "köhnələr" bu inkişafa qısqanclıqla, rişxəndlə yanaşırlar. Hesab edirik ki, bu da çox hörmətli Samir Nuriyevin diqqətindən yayınmayacaq.

Bir daha xatırladırıq ki, ölkədə gedən son proseslərin fonunda E.Əzizovun "kölgəsində” gizlənərək min-bir oyun çıxaran qruplaşmanın bu yolla çox da uzağa getməyəcəyi məlumdur. Milyonluq şübhəli tender əməliyyatları, maliyyə maxinasiyaları birbaşa dövlət siyasətinə zərbə vurmaqdır. Nərimanov rayon icra başçısı A.Fərzəliyevlə birlikdə təşkil edilən kef məclislərində E.Əzizovun şərəfinə təntənəli sağlıqlar deməklə dövlətə və vətənə xidmət olmur. Unutmayaq ki, sonuncu həbs edilən icra başçısının da başının üzərində Prezidentin şəkli asılmışdı. Xəyanət və sədaqət sözləri isə bir-birinə yaman bənzəyirlər...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az