Serbiya Tərəqqipərvər Partiyasının nümayəndələri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində olublar. Görüşdə Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir, Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyətinin rəhbəri Yadranka Yaksimoviç, Serbiya parlamentinin üzvü, Serbiya – Azərbaycan parlament dostluq qrupunun sədri Katarina Rakiç, Serbiya Tərəqqipərvər Partiyası prezidentliyinin üzvü, Serbiya Respublikası hökumətində Kosovo və Metohia üzrə ofisin rəhbəri Marko Dyuriç, Serbiya Tərəqqipərvər Partiyasının üzvü, Belqrad merinin köməkçisi İrena Vuyoviç, Serbiya Tərəqqipərvər Partiyası Beynəlxalq əlaqələr katibliyində məsləhətçi, Avropa İttifaqı üzrə nazir kabinetinin üzvü Nikola Erik iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Serbiya ilə Azərbaycan arasındakı dostluqdan danışıb. O qeyd edib ki, təkcə Yeni Azərbaycan Partiyası deyil, ümumilikdə dövlətlər arası əlaqələr bu gün inkişaf edən xətlə irəliləyir: “Bizim Partiyamızın, ümumiyyətlə Azərbaycanın Serbiya ilə yaxşı əlaqələri var. Prezidentlərimiz qarşılıqlı olaraq səfərlər edir. Diplomatik əlaqələrimiz sıx inkişaf edir. Sonuncu dəfə Serbiya baş nazirinin Azərbaycana səfəri olub. Biz istəyirik ki, gənclər sahəsində də əlaqələrimizi inkişaf etdirək. Sizin partiyanın gənclər birliyi ilə əməkdaşlığımızı möhkəmləndirək”.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov birliyin gördüyü işlərdən və tərkibindən danışıb. Serbiya və Azərbaycan gənclərinin beynəlxlaq əlaqələrdə bir- birini dəstəkləməsinin vacib olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda 650 minə yaxın Yeni Azərbaycan Partiyasının üzvü var. Partiyanın 45 %-i gənclərdən ibarətdir. Azərbaycanın bütün rayonlarında ofislərimiz var və koordinəli şəkildə fəaliyyət göstərilir. Hər il partiya gəncləri ilə regionlarda müxtəlif layihələr həyata keçiririk. Bu il iyun – iyul aylarında da regionlarda müxtəlif layihələr həyata keçirəcəyik. Sizin də razılığınız olarsa, bu layihələrdə iştirakınızı təklif edirik.
Bu günə qədər Azərbaycanla Serbiya arasında 25 sənəd imzalanıb. Bu da gələcək əlaqələrimizin inkişafından xəbər verir. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunub. Serbiya parlamentinin işğalı qınamasını yüksək qiymətləndiririk. Beynəlxalq səviyyədə qarşılıqlı dəstəyimizi davam etdirməliyik”.
Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyətinin rəhbəri Yadranka Yaksimoviç artıq Azərbaycanla Serbiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Beynəlxalq səviyyədə Azərbaycanla – Serbiyanın bir- birini dəstəkləmisini qeyd edib: “Biz istəyirik ki, işlərimizdə sənədlərdən daha çox işə keçək. Qarşılıqlı maraqlarımız var. İstəyirik ki, bir – birimizi qarşılıqlı olaraq dəstəkləyək. Təkcə ölkələrimiz arasında deyil. Beynəlxalq səviyyədə ədə bir – birimizə dəstək olmalıyıq. Sizin partiyanız kimi bizim partiya da ölkədə ən çox üzvü olan bir birlikdir. Partiyamız üzvlərinin sayına görə demək olar ki, regionda ən böyük partiyalardan biridir. Biz Qarabağ məsələsində və digər məsələlərdə hər zaman Azərbaycanın yanında olacağıq”.
Daha sonra çıxış edən Serbiya Respublikası hökumətində Kosovo və Metohia üzrə ofisin rəhbəri Marko Dyuriç Serbiya Tərəqqipərvər partiyasının parlamentdə təmsilindən danışıb. Dağlıq Qarabağ məsələsini araşdırdığını və Azərbaycanın yanında olacaqlarını qeyd edib: “Bizim partiyamız parlamentdə 70 nəfərlik deputatla təmsil olunur. Parlamentimizdə gənclər üstünlük təşkil edir. Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq. Bilirik ki, işğal zamanı minlərlə azərbaycanlı qətlə yetirildi. Milyondan çox insan bu gün qaçqın və köçkün şəraitində yaşayır. Biz bu vəziyyəti yaxşı başa düşürük”.
Avropa İttifaqı üzrə nazir kabinetinin üzvü Nikola Erik Yeni Azərbaycan Partiyasının üzvləri arasında gənclərin kifayət qədər yüksək faizə sahib olduğunu xüsusi qeyd edib. Bunun böyük potensial olduğunu vurğulayıb: “Partiyanızın 45 faizinin gənclər olduğunu vurğuladınız. Bu yüksək göstərici və yüksək potensial deməkdir. Gələcəkdə gənclər sahəsində qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Biz müşahidə edir və görürük ki, sizin güclü gənclər təşkilatlarınız var”.
Serbiya Tərəqqipərvər Partiyasının üzvü, Belqrad merinin köməkçisi İrena Vuyoviç isə Azərbaycan və Serbiya arasında gənclərin sağlam əməkdaşlığının vacib olduğunu vurğulayıb. Qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacib olduğunu ifadə edib.
Görüşün sonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov qonaqlara miniatur Azərbaycan xalçası hədiyyə edib. Daha sonra isə Gənclər Birliyinin iş qrafiki və otaqları ilə qonaqları tanış edib.