Sərdar Cəlaloğlu Araz Əlizadəni dövlətçiliyə qarşı çıxmaqda SUÇLADI

Sərdar Cəlaloğlu Araz Əlizadəni dövlətçiliyə qarşı çıxmaqda SUÇLADI

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin himnimizlə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.

Araz Əlizadə bildirib ki, Azərbaycan himninə qulaq asanda adam əlinə dəsmal götürüb ağlamaq istəyir.

"Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Araz Əlizadəyə etiraz edib. O, deyib ki, Azərbaycan himninin sözləri kifayət qədər qiymətli və güclü ideya, fikirlərlə zəngindir.

"Himnimizin musiqisində və sözlərində adamı ağlamağa vadar edən heç bir şey yoxdur. Himnin musiqisi də kifayət qədər təmtəraqlıdır. Kim özü himnə necə yanaşırsa, bu cür də anlayır. Şəxsən mən Azərbaycan himnini ağlamalı bir əsər kimi yox, vətənpərvərlik, mərdlik nümayiş etdirən bir əsər kimi qiymətləndirirəm. Hansı dövlətin himnində bu qədər gözəl sözlər, fikirlər var?”.

Sərdar Cəlaloğlunun fikrincə, Araz Əlizadənin himnə qarşı çıxması dövlətçiliyin əleyhinədir.

"Dövlət himninin bu cür müzakirəyə çıxarılması və təhqir olunması yolverilməzdir. Bu, dövlətçiliyə ziddir. Azərbaycanın himni, gerbi, bayrağı varsa, bu cür müzakirəyə çıxarması, təhqir etməsi, şübhə altına alması yolverilməzdir”. /modern.az/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az