Silahlı Qüvvələrimizin 2021-ci il ərzində imza atdığı uğurların SİYAHISI
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Eyni zamanda artıq ikinci ildir ki, qalib xalq kimi Yeni ili qarşılayırıq. Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Qələbədən sonrakı ikinci ili də yola salırıq. Keçən ilin yekunu olaraq yadda qalan əsas hadisələri qısaca olaraq xatırlayaq. Hərbi nailiyyətlərimizlə müşaiyət olunan keçən il ərzində azad edilən ərazilərdə türk Əsgərini yerləşdirə bildik. Əvvəlcə Şüşa, ardınca Bakı Bəyannaməsi imzalandı. Türkmənistan və İranla münasibətlərimizi üst səviyyəyə çıxardıq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdıq, hava limanı, 100 kilometlərlə yol, tunellər, 9 elektrik yarımstansiyası, su xəttləri və s. inşa etdik. Zəfər günündə şəhidlərimizin portretləri ilə möhtəşəm bir yürüş keçirtdik. Azad olunan ərazilərə onlarla səfərlər təşkil edildi, Şuşada beynəlxalq tədbirlər, poeziya günləri və festivallar keçirdik. Diplomatik və siyasi arenada isə daha ciddi uğurlar əldə etdik. Soçi görüşündə Ermənistan tezislərini zərərsizləşdirməklə Azərbaycanın maraqlarına maksimum cavab verən növbəti birgə Bəyanatı əldə etdik. Brüsseldə isə Ermənistanı narahat edən məsələlərə nə NATO, nə də Avropa İttifaqı reaksiya belə vermədi. Yuxarıda sadalanan proseslərin əksəriyyəti artan dinamika ilə davam edir.
Bütün bunlarla bərabər 2021-ci ilin mürəkkəb və çətin bir il oduğunu da qeyd etməliyik. Həm sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən, həm də Ermənistanla sərhəd istiqamətindən törədilən erməni təxribatları demək olar ki, ilin son gününə qədər müəyyən fasilərlə davam etdi.
İlin ən günişmiqyaslı erməni təxribatı 2021-ci il noyabrın 16-da baş verdi. Ermənistan silahlı qüvvələrinin məqsədi, dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində yerləşən yüksəklikləri ələ keçirmək və hansısa hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməkdən ibarət idi. Bu hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verdi, 10 nəfər isə yaralandı. Ermənistan tərəfi 20-dən artıq canlı qüvvə itirdi, 40-dan artıq hərbçi yaralandı, 30 nəfərdən çox hərbçisi əsir düşdü. Düşməndən xeyli sayda silah sursat qənimət götürüldü. Faktiki olaraq, noyabrın 16-da Ermənistanın uzun müddət tərəddüd etdiyi Zəngəzur dəhlizi Əsgərimizin qəhrəmanlığı sayəsində Azərbaycan üçün açıldı. Keçən ilin yanvarından sonrakı 10 ay ərzində, ta noyabr döyüşlərinə qədər danışıqlar masasına yaxınlaşmayan Ermənistan hakimiyyəti, Qarakilsə zərbəsindən sonra həm danışıqlar masasına oturmağa razı oldu, həm də daha mülayim bəyanatlar səsləndirməyə başladı. İl ərzində digər şəhidlərimiz və yaralananlarımız da oldu. Amma onların qisası da anında alındı. Helikopter qəzasında 14 nəfər DSX-nın aviasiya heyəti həlak olması da cəmiyyətimizi dərindən kədərləndirdi. Mina təhlükəsi də bizi dəfələrlə məyus etdi. Həm mülki, həm hərbçilər arasında itkilərimiz qaçılmaz oldu. Bəzən isə itkilərə Ermənistan ilə bərabər öz vətəndaşlarımızın məsuliyyətsizliyi da şərait yaratdı.
İl ərzində Azərbaycan bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, Vətən Müharibəsində əldə etdiyi hərbi üstünlükləri maksimum dərəcədə dəyərləndirə bildi. Müharibə başa çatdıqdan sonra belə özümüzün hesab etdiyimiz əraziləri azad etdik. Hazırda Qələbəmizi siyasi mexanizmlərlə möhkəmləndirməyə davam edirik. Vətən Müharibəsindən sonrakı il ərzində Azərbaycanı Qələbə münasibəti ilə təbrik edənlərin siyahısı artmaqda davam etdi. Müharibə zamanı və ondan sonrakı dövrdə daim ermənipərəst mövqe sərgləyən Makron son tvitlərini Azərbaycan dilində yazmağa başladı. Azərbaycana qarşı səslənən bütün şər-böhtanlara, təzyiqlərə və təhdidlərə baxmayaraq, kimsə Azərbaycanı nə yolundan döndərə, nə də dayandıra bildi. Bundan sonra da bu, belə də davam edəcək.
İl ərzində Qalib ölkə kimi, Ermənistana təzyiqlərimizi davam etdirdik. Əvvəlcə Qarabağ, sonra isə sərhəd məsələsində işğalçı ölkənin "dalan”da saxlanılmasını təmin edə bildik. İrəvan neft-qaz kəmərlərindən, nəqliyyat dəhlizlərindən, telekommunikasiya xətlərindən, elektroenergetika layihələrindən və bu layihələrdən gələ biləcək mümkün gəlirlərdən hələ də məhrumdur. Ermənistan sülh müqaviləsini imzalamayana qədər, Türkiyə ilə bərabər Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər düşməni zəiflətmək üçün əlimizdə olan müxtəlif mexanizmlərdən istifadə ediləcək.
Qarabağda 30 il davam edən Ermənistan vəhşiliklərini və saxta "erməni soyqırımı” yalanlarını beynəlxalq arenada ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq və Qələbəmizdə əməyi olan Əsgərimizn fəaliyyətlərini işıqlandırmaq istiqamətində KİV-lərimiz kifayət qədər məhsuldar çalışdı.
BMT, NATO, Avropa Şurası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələr il ərzində münaqişə ilə bağlı düzgün, həqiqəti və beynəlxalq hüququ əks etdirən bəzi qərar və qətnamələrin qəbul edilməsi ilə nəticələndi.
Prezident İ.Əliyevin düzgün siyasi addımları nəticəsində Ermənistanla eyni hərbi blokda yer alan Orta Asiya ölkələrinin və İrəvanın ənənəvi müttəfiqləri hesab olunan ölkələrin, xüsusən də İranın Azərbaycanı Qələbə münasibətilə təbrik etməsi, işğalçı ölkəni son dayaq nöqtələrindən məhrum etdi. Ümumilikdə keçən il ərzində Azərbaycan Ermənistanın siyasi xəttlərini və "müttəfiqlik konsepsiyası”nı darmadağın edilməsini yekunlaşdırdı. Məhv edilmiş erməni ordusu və darmadağın "müttəfiqlik konsepsiyası”, il ərzində keçirilən müzakirələrdə Ermənistan tezislərinin nəzərə alınmaması ilə nəticələndi.
Azərbaycan isə bütün qonşularla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl münaibətləri inkişaf etdirir. Keçən il Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli formatları uğurla davam etdirildi. Hazırda Ermənistan isə bir dənə olsun üçtərəfli formatda aktiv iştirak edə bilmir. Türkiyə və Azərbaycanın icazəsi olmadan bu formatın fəaliyyəti mümkün görünmür.
Ermənistan keçən il ərzində həm hərbi, həm də siyasi mövqelərini itirməkdə davam etdi. Xatırlayırsınızsa, münaqişəni nizamlamağa məsul olanların status-kvo əbədi qorumaq cəhdləri boşa çıxandan sonra "status-kvo”nu qəbuledilməz adlandırdılar. Daha sonra "status-kvo dayanıqlı deyil” dedilər. İndi isə "status-kvo”nun əbədi cəhənnəmdə olduğunu hər bir sağlam məntiqə malik şəxs, o cümlədən N.Paşinyan da anlayıb. Deməli, 7 cəbhədə 7 düşmənlə savaşan Azərbaycan bütün təztiqlərə baxmayaraq, 200 illik sünii şəkildə boğamıza kəndir kimi dolanan Zəngəzur və Qarabağ kəndirini cəmi 44 gündə qırıb atdı. 2021-ci ildə biz artıq beynəlxalq təşkilatlardan və münaqişəni nizamlamağa məsul olanların dilindən "status” barədə iyrənc ifadələrə rast gəlmədik. Əksinə bizimlə əməkdaşlıq etmək istəyən qurum və ölkələrin bu məsələdə kifayət qədər ehtiyatlı və həssas davrandığını müşahidə edirik.
Müharibədən sonrakı il ərzində də qəhrəman Silahlı Qüvvələrimiz Ermənistan ordusunu alçatmaqda davam etdi. Keçən il həm də düşmən ölkənin ərazilərimizdə qalan tör tökünütülərinin kütləvi şəkildə rayon və kəndlərimizə salam göndərməsi ilə yadda qaldı. Hakimiyyətin, Əsgərin və Xalqın birliyindən ibarət olan "Dəmir Yumruq” müharibədə Şəhid qanı ilə qazanılan Qələbənin əbədi rəmzi olaraq qalmalıdır. Qarabağdakı rus sülhməramlılarının və ya sərhəddimizdə 102-ci bazanın tumanı altında gizlənib əsgərimizə və ya vətəndaşımıza qarşı atəş açan düşmənin ən kiçik təxribat fəaliyyətiı belə cəzasız qalmamlıdır. Bunu güc strukturlarımız mütləq nəzərə almalıdır.
Azərbaycan Silahlı Qüvvələri isə başa çatan 2021-ci il ərzində bir çox üğurlara imza atıdı. Onlardan ən yaddaqlanları aşağıdakılar oldu:
1. İl ərzində baş verən çox sayda düşmən təxribatlarının qarşısı qətiyyətlə alındı, Ordumuz düşmənə layiqli cavab verməklə bir daha yüksək döyüş potensialını nümayiş etdirdi.
2. Azərbaycan strateji tərəfdaşları ilə hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığını davam etdirdi.
3. İranla dövlət sərhəddinin çəkilməsi prosesi başa çatdı.
4. Birgə təlimlər, kurslar, məsləhətləşmələr və s. fasiləsiz rejimdə davam etdi.
5. Minatəmizləmədə mexaniki vasitələr alındı, mövcud mühəndis-istehkam bölmələrinin ştat strukturları genişləndirildi, FHN-də isə yeni mühəndis-istehkam alayı yaradıldı.
6. Türk ordu modelinə keçid istiqamətində mühüm addımlar atıldı, güc strukturlarında bir çox yeni təyinatlar, yerdəyişmələr və ehtiyata buraxılmalar oldu. Müharibədə iştirak edən generalların vəzifəyə təyinatı ictimaiyyət tərəfindən dəstəkləndi, bəziləri isə geniş və xoşagəlməyən müzakirələrə səbəb oldu.
7. Qarabağda və Şərqi Zəngəzurda hərbi infrastrukturun yaradılmasına xüsusi diqqət ayrıldı.
8. Azad edilən ərazilərdə ən azı 3 komando hərbi hissəsi yaradıldı. Onların hər biri yeni hərbi şəhərciklə təmin edildi.
9. Qoşunların Vətən Müharibəsində sərf etdiyi resurslar bərpa edildi.
10. Prezident İ.Əliyev həm Vətən Müharibəsində, həm də 1-ci Qarabağ Müharibəsində şəhid olnlar və yaralanlarla bağlı onlarla fərman imzaladı.
11. Dövlət başçısı tərəfindən Silahlı Qüvvələrdə xidmətlərini davam etdirən hərbi qulluqçuların, xüsusilə də Ermənistanla sərhəddə və sülhməramlıların nəzarətində olan ərazilərimizin perimetri boyunca vəzifələrini icra edən heyətin maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir neçə fərman imzalandı. Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların veteran vəsiqəsi və təqaud ilə təminatına aid fərman, bu kateqoruiyanın da diqqətdən kənarda qalmadığını nümayiş etdirdi.
12. Qarabağ və Şərqi Zəngəzurda qəhrəman Əsgərimizin sayəsində hərbi vəzifələrimizi tam yerinə yetirdik.
12. "Böyük Ermənistan”, "Qərhəman erməni sərkərdələri”, "Məğlubedilməz erməni ordusu” şüarlarını qəhrəman övladlarımız erməni leksikonundan birdəfəlik silib atdı.
13. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə isə görəcəyimiz işlər hələ çoxdur. Bu milli məsələdir və tək Silahlı Qüvvələrə aid vəzifə deyil. Bunu hakimiyyət, xalq və millət olaraq bir yerdə həyata keçirməliyik.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Eyni zamanda qalib xalq kimi Yeni ili qarşılayırıq. Həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan yaşayan azərbaycanlılar müharibə və ondan sonrakı dövrdə Azərbaycanda gedən prosesləri yaxından izlədilər, əksəriyyəti maddi və mənəvi dəstəyini əsirgəmədi. Yeri gəlmişkən mənim də ehtiyacı olanlara yardım haqqında etdiyim çağırışlara dəstək verənləri unutmadım. Xalqımızın qəlbində abidə quran Hikmət babanı da kimsə unutmadı.
Əsgərimizin və Ali Baş Komandanımızın sayəsində, Müharibədən sonra keçən müddət ərzində qəhrəman Azərbaycan xalqının nümayəndəsi kimi özümüzü daha qururlu hiss edirik. Bunu beli bükülən erməniləri yaxından tanıyan xaricdə yaşayan soydaşlarımız daha qabarıq şəkildə hiss etdiyinə əminəm.
Xalqımızın qarşısında Qarabağ və Zəngəzurun təhlükəsizliyini təmin etmək, Xankəndində Bayrağımızı ucaltmaq, ərazilərimizi tam təmizləmək və yenidən qurmaq, doğma torpaqlarımızı cənnətə çerimək kimi mühüm vəzifələr dayanır. Bu isə çox böyük zaman və vəsaitlər tələb edir. Elə bir gün yoxdur ki, azad edilən ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı yeni xoş xəbərlər almayaq. Bu Vətən Müharibəsində şəhid olan, yaralanan və veteran olan övladlarımızın sayəsində mümkün oldu. Buna görə də qəhrəmanlarımızın hamısının qarşısında baş əyirik.
Bu gün mən də həm öz adımdan, həm yaxınlarım və dostlarım adından soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayram münasibətilə təbrik etmək istəyirəm. Arzu edirəm ki, Qarabağ və Zəngəzurdan aldığımız xoş xəbərlərin ardı-arası heç zaman kəsilməsin, bundan sonra heç kim sərhəddən pis xəbər almasın, heç bir ana oğulsuz, heç bir bacı qardaşsız , heç bir uşaq atasız, heç bir qadın yoldaşsız qalmasın. Daim ən xoş günlər xalqımızın qisməti olsun. Azərbaycan xalqına Qələbə, Qələbəyə isə xalqımız yaraşır. Bayramınız mübarək!
Ədalət Verdiyev, hərbi ekspert