SOCAR-ın “Qalatasaray”a sponsorluq etməsi barədə bir müddət əvvəl yayılan, ancaq ARDNŞ tərəfindən qətiyyətlə təkzib edilən məlumat təsdiqini tapıb.
Vətəninfo.az xəbər verir ki, İnterpress.az-in Türkiyə mətbuatına istinadən xəbərinə görə,, “Qalatasaray” futbol klubunun rəsmi səhifəsində bu barədə açıqlama yer alıb. Belə ki, futbol klubu forma sponsorlarını açıqlayıb. Sponsorlar arasında SOCAR-ın da adı var. Sarı-qırmızılılar Türkiyə Super Liqasında SOCAR-ın, “Çempionlar Liqasın”nda isə Rusiya bankı olan “Sberbank”ın reklamı olan formalar geyinəcək. “Qalatasaray”ın prezidenti Ünal Aysal dünən keçirdiyi toplantıda “Sponsor problemini həll etdik. Bir həftə içində açıqlama veriləcək” deyib.
Bu açıqlamadan sonra Türkiyənin “SABAH” qəzeti “Qalatasaray”ın formasının sponsorlarının adlarını yayıb. Qəzetin yazdığına görə, futbol klubu sponsorlarla bağlı maraqlı strategiya hazırlanıb. Belə ki, “sarı-qırmızılılar” Super Liqa və Çempionlar Liqasında ayrı-ayrı sponsorlarla işləyəcək. SOCAR-la bu barədə müzakirələrin iyul ayından başladığı bildirilir. Qəzetin yazdığına görə, “Qalatasaray” azarkeşi olan SOCAR-ın İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev sevimli komandasına reklam verəcək. Xatırladaq ki, bir müddət öncə Türkiyənin ən nüfuzlu media orqanları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin Qalatasaray futbol klubuna 20 milyonluq yardımından yazmışdı.
Ancaq SOCAR-ın mətbuat xidmətinin katibi Nizaməddin Quliyev 20 milyonluq bu yardımın yalan olduğunu iddia etmişdi. Türkiyə mətbuatında yazılan bu xəbərdən sonra SOCAR-ın mətbuat xidmətinin katibi ilə bir daha əlaqə saxladıq. Nizaməddin Quliyev məlumatı yenə təkzib etdi. "Məlumatda adı çəkilən, şirkətin İnvestisiya İdarəsinin rəisi Vaqif Əliyevlə danışdım və o da məlumatı təkzib etdi".