"Status necə kəskin olursa olsun, onu yazana təzyiq etmək yolverilməzdir"

Qətlə yetirilən jurnalist Rasim Əliyevin yas mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edib.

Mətbuat Şurasının sədri yas mərasimindən çıxdıqdan sonra mərasimdəki jurnalistlərin suallarını cavablandırıb.

Vətəninfo.az Ölkə.az-a istinadən jurnalistlərlə Əflatun Amaşovun söhbətini oxucuların diqqətinə çatdırır.

- Əflatun müəllim, öncə hadisəyə münasibət bildirərdiniz...

- Hadisə baş verən kimi Mətbuat Şurası olaraq hadisələri diqqətdə saxladıq. Mütamadi olaraq müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətlə maraqlandıq. Bu hadisə bizi çox üzdü, kədərləndirdi. Mətbuat Şurası bu hadisəni çox ciddi şəkildə pisləyir. Mətbuat Şurası hadisə baş verən gün bəyanat verdi və hadisəni kəskin şəkildə pislədi. Hadisəni törədənlərin tezliklə tapılıb öz cəzalarını almasını və hadisənin hüquqi müstəvidə araşdırılmasını əlaqədar orqanlardan tələb etdi. Hazırda Azərbaycan prezidenti həm DİN-nə, həm də Baş prokurorluğa məsələnin tez araşdırılması üçün göstəriş verib. Mən şəxsən inanıram ki, hadisə tezliklə və tam olaraq təfsilatı ilə araşdırılacaq, hadisə hansı səbəbdən baş verib, günahkarlar kimlərdirsə, onlar da haqlı cəzalarını alacaqlar.

- Siz buna inanırsız?

- Bəli. İnanıram.

- Jurnalistlərə qarşı baş vermiş cinayətlərin heç birinin üstü açılmayıb. Nə Rafiq Tağının, nə Elmar Hüseynovun qətlinin üstü açılmayıb. Bahəddin Həziyevi, İdrak Abbasovu, Aqil Xəlili döyənlər hələ də tapılmayıblar. İnamınız hardan qaynaqlanır?

- Bu hadisənin açılmasına şəxsən Mətbuat Şurasının sədri kimi inanıram. Yaxın zamanlarda hadisəni kimlər törədib, tam olaraq müəyyənləşəcək və onlar haqlı cəzalarını alacaqlar.

- Rasim Əliyev döyüləndən sonra xəstəxanada onu ziyarət etdiniz?

- Bakıda deyildim. Bakıya dünən gəlmişəm. Gəldikdən sonra mərhumun evinə getdim, valideynləri, qohumları ilə görüşdüm, onlara başsağlığı verdim.

- Hadisədən xəbər tutduqdan sonra qayıtdınız?

- Müvəqqəti olaraq çıxmışdım Bakıdan...

- Sosial şəbəkələrdə tənqidi fikirlər insan ölümü ilə nəticələndi. Bunun nəzarətə götürülməsi üçün hansısa işlər görüləcəkmi?

- Ümumiyyətlə sosial şəbəkənin tənzimlənməsi heç bir ölkədə mümkün deyil. Yalnız ümumi prinsiplər var. Narkotik maddələrin yayılması, terrorizmə çağırış və digər məsələlər birmənalı qaydada qadağan edilib. Sosial şəbəkələrin tənzimlənməsi həmin şəbəkənin daxili işi ola bilər. Dünyanın bir çox yerində yazılan statuslarla bağlı anlaşılmazlıqlar olur. İnsanlar bəzən bu məsələləri hüquqi müstəvidə deyil, zor müstəvisində həll edirlər. Heç bir fikrə, yazıya, sosial şəbəkələrdə yazılan statuslara görə, hətta status kəskin olsa belə, insana zor tətbiq etmək, insanı öldürmək düzgün deyil. Sosial şəbəkələrə diqqət etdikdə görürük ki, bəzi insanlar bilərəkdən, bilməyərəkdən kifayət qədər alçaldıcı statuslar yazırlar. İnsanların dözüm səviyyəsi eyni deyil, bəzi insanlar təhqirləri başqa müstəvidə həll etməyə çalışır.

- Başqa bir versiya var. RATİ-nin bəyanatında deyilir ki, Emin Hüseynovun gizlədilməsində Rasim Əliyev də iştirak edib və onun döyülməsi RATİ-nin bağlanılmasının ildönümünə təsadüf edib...

- Bu barədə mənim xəbərim yoxdur. Gəlin hadisələri qabaqlamayaq. Hüquq-mühafizə orqanları hadisələrə tam aydınlıq gətirsin, ondan sonra versiyalar irəli sürə bilərsiniz.

- RATİ-nin yaydığı bəyanatla tanış olmusunuz?

- Xeyr. O bəyanatla tanış deyiləm. RATİ təşkilatı sonda hüquq-mühafizə orqanlarının çıxardığı qərarla razı olmasa, yekun qərara münasibət bildirə bilər. İnsanlar fikir söyləməkdə azaddırlar. Fikir söyləyərkən isə gərək qarşı tərəfə hörmətlə yanaşasan.

- Sizcə Rasim Əliyevin statusu ölümə səbəb ola biləcək status idi?

- Status necə kəskin olursa olsun, heç bir statusa görə sahibinə hər hansı bir formada təzyiq etmək düzgün deyil. Bu məsələni kəskin şəkildə pisləyirik.

- Azərbaycanda bloggerlərlə birgə 13 jurnalist həbsdədir...

- Yəqin ki, siz məhkəmələrdə olursunuz. Məhkəmələrdə onlara qarşı irəli sürülən iddiaları görürsünüz. Biz də prosesləri izləyirik və məhkəmələrin son qərarlarını gözləyirik.

- Jurnalistlərin ölümü, həbsi hamısı sizin dövrünüzdə baş verib. Siz öz fəaliyyətinizi jurnalistika üçün faydalı hesab edirsiniz?

- Mətbuat Şurası kifayət qədər faydalı bir qurumdur. Azərbaycan Mətbuat Şurasının üzərinə düşən missiya aydın və konkretdir. Mətbuat Şurasının vəzifəsi mətbuatla cəmiyyət arasında olan münasibətləri tənzimləyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az