Rod Freyzerin rəhbərlik etdiyi "Stork Technical Services (RBG) Limited" şirkətinin Azərbaycandakı saxtakarlıq fəaliyyəti ifşa olunub. Ona görə də şirkətin xarici vətəndaş olan məsul şəxsləri ölkədən qaçmağa hazırlaşırlar
Bu barədə Vətəninfo.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində adıçəkilən şirkətin saxta əmək müqavilələri bağlayaraq külli miqdarda vergidən yayınmaya yol verdiyi, tender fırıldaqçılıqları üzə çıxıb: "Onlarla azərbaycanlının əmək hüquqlarını kobud şəkildə ayaq altına atan xarici şirkət işçilərlə saxta əmək müqaviləsi bağlayıb. Belə ki, həmin müqavilələr möhürsüz olub. Bununla "Stork Technical Services (RBG) Limited" şirkəti külli miqdarda vergi və sosial sığorta ödəmələrindən yayınıb".
Qeyd edək ki, adıçəkilən şirkət əsasən neft sənayesində xidmət həyata keçirir. Şirkətin uzun illərdir Azərbaycanda fırıldaqçılıqla məşğul olduğunu deyən S.Vəkilov əlavə edib ki, Dövlət Neft Şirkətinin keçirdiyi tenderləri udmaq məqsədi ilə bir neçə dəfə adını dəyişib. Lakin şirkətin saxtakarlığı diqqəti cəlb etdiyi üçün bir neçə dəfə tenderdən kənarda qalıb. Eyni zamanda şirkətin adı Azərbaycanda vətəndaşların əmək hüquqlarını pozan təşkilat kimi dəfələrlə hesabatlara salınıb.
S.Vəkilov şirkətin fırıldaqçılıqlarını sübut edən sənədləri də sayta təqdim edib: "Həmin sənədlərdən bəlli olur ki, 18.12.1996-cı il tarixdə Böyük Britaniyanın Şimali İrlandiyanın Rigblast Energy Services LTD Kompaniyasının Bakı Şəhərində Nümayəndəliyi kimi fəaliyyətə başlayan şirkət 18.03.2008-ci il tarixdə adını dəyişdirərək "RBG LİMİTED" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyikimi qeydiyyatdan keçib. Həmin vaxt şirkətin rəhbəri Smith Rennie John Vatson olub. 03.04.2012-ci il tarixdə isə yenidən adı dəyişilərək "Stork Technical Services (RBG) Limited" ŞirkətininAzərbaycan Respublikasındakı Nümayəndəliyi (şirkətin rəhbəri Smith Rennie John Vatson)olub. 24.04.1998-ci ildə Məhdud Məsuliyyətli "Sədəf" Müəssisəsi kimi qeydiyyatdan keçmiş Şirkət sonradan 25.05.2012-ci il tarixdə "Stork Technical Services Sədəf" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişdirilib ( rəhbəri Fraser Roderick).
Hüquq müdafiəçisi onu da bildirib ki, adıçəkilən şirkətin insan resursları üzrə baş mütəxəssisi (HR menecer) Rəna Əfəndiyevanın onlarla sənəddə cinayət tərkibli əməlləri üzə çıxıb: "R.Əfəndiyeva rəsmi sənədlərə saxta məlumatlar daxil edib. Əlimizdə bu çür onlarla təkzibedilməz sənədlər var. Adıçəkilən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün həmin sənədləri respublikanın hüquq mühafizə orqanlarına təqdim edəcəyik".
Bundan başqa S.Vəkilov həmin şirkətdə işləmiş Həsənov Ağasəlim Bəhman oğlunun müdafiəsi ilə bağlı Nəsimi Rayon Məhkəməsində məhkəmə prosesinin başa çatdığını bildirdi. Məhkəməyə əmək hüquqlarının müdafiəsi və vurulmuş zərərin ödənilməsi iddiası ilə müraciət edilib və Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Ağasəlim Həsənovun on illik təcrübəsi tanınsa da həmin on il üzrə nəzərdə tutulmuş ödəmələrlə bağlı tələbi rədd edilib. Ona görə də iddiaçı yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. A.Həsənovun şikayətinə iyulun 1-də Bakı Apellyasiya Məhkəməsində Azad İmanovun sədrliyi ilə baxılacaq.
Kənan
Vətəninfo.az