Tarixə xronoloji baxış və ya tarix Azərbaycanın tərəfindədir
Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biri, azərbaycanlılar dünyanın qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi var. Əlverişli təbii-coğrafi şəraiti (şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi, təbii mağaraların,mülayim iqlimin olması) hələ qədim dövrlərdən ibtidai insanların məskən salmasına imkan yaratmışdır. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın qədim insan məskənlərindən biri olduğunu sübut edir.Azərbaycan faydalı qazıntılarla zəngindir. Dəmir, mis, qurğuşun, qızıl, gümüş, neft, çaxmaqdaşı, mərmər, duz və s.yataqları vardır.
Azərbaycan qərbdən şərqə,cənubdan şimala gedən,Avropa və Asiyanı əlaqələndirən ticarət yolları üzərində yerləşmişdir.Bu, ticarət əlaqələrinin genişlənməsinə,şəhərlərin inkişafına səbəb olurdu.
Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranıb.
Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub.Manna dövləti yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına -Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə aparırdı.
Eramızdan əvvəl VIII əsrin sonu -VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar.Sonrakı dövrlərdə nə Əhəməni-İran imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilməyib. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəlib. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəlib. Azərbaycanın zəngin sərvətləri, beynəlxalq karvan yollarının qovuşağında çox əhəmiyyətli hərbi-strateji mövqeydə yerləşməsi daim yadellilərin diqqətini özünə cəlb etmişdir.Bundan istifadə edən yadellilər Azərbaycanda möhkəmlənməyə və onun sərvətlərini çapıb-talamağa çalışırdılar.Basqınlar,təcavüzlər ara vermirdi.Bu isə tez-tez ölkənin ictimai-iqtisadi inkişaf ahəngini pozurdu.Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə çoxsaylı irandilli və ərəb mənşəli əhali köçürdülər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi, onlara geniş imtiyazlar verildi. Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi və Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə, ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi.
Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.Siyasi,iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verdi.Beləliklə,600 ilə qədər davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam dininin bütün ölkə ərazisində yayılması Azərbaycan xalqının etnik təkamülündə,vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən heç biri uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən vahid, davamlı, qüdrətli dövlətə çevrilə bilmədi və davamlı siyasi sabitlik təmin olunmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir. Azərbaycan intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil dövlətin daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, xalqın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla, Şimali Hindistanı ələ keçirdi. Lakin onun bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.
Beləliklə, XVIII əsrin ikinci yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla da Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli fürsət düşdü.
Azərbaycan qədim ölkədir.Azərbaycan ölkəsinin tarixi əraziləri Cənubi Qafqazın şərq və cənubi-qərb hissəsini və indiki İran dövlətinin şimali-qərbini əhatə edir.Ümumi sahəsi 410 min km2,əhalisinin sayı 60 milyondan artıq olan bu ölkənin şimal hüdudları Dərbəndə, cənub hüdudları isə Həmədana qədər uzanır. Şərqdə Xəzər dənizi və Qəzvin şəhəri, qərbdə isə indiki Gürcüstan və Türkiyə ilə həmsərhəddir.Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: Azərbaycanın şimalı Rusiyaya, cənubu isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.O vaxtdan Şimali Azərbaycan və Cənubi Azərbaycan coğrafi anlayışları meydana gəldi.Bundan sonra Azərbaycan Rusiyanın və İranın tərkibində müxtəlif inkişaf yolları keçdi. Buna baxmayaraq, vətənpərvər insanların, görkəmli ziyalıların fəaliyyəti sayəsində Azərbaycan xalqının mənəvi inkişafı təmin edildi, onun tarixi yaddaşı, milli mədəniyyəti qorunub saxlandı.Azərbaycan maarifçilik hərəkatı tariximizin ən vacib dövrlərindən birini təşkil etdi. Bu mərhələnin Azərbaycan xalqının mədəni və siyasi dirçəlişindəki rolu əvəzsizdir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası –Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü, dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili dövlət dili elan olundu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi və xalqın, milli dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən digər mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atıldı.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi.
Xalq Cümhuriyyıtinin yaradılması Vətənimizin şimalında Azərbaycan dövlətçiliyinin bərpası yolunda ən böyük tarixi hadisə idi.Cümhuriyyət dövründə torpaqlarımızın bütövlüyünün qorunması sahəsində böyük işlər görülməsinə baxmayaraq,xarici hərbi müdaxiləçilərin və daxildə anti-Azərbaycan siyasəti yeridənlərin birliyi nəticəsində Şərqdə,İslam vəTürk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi.Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı və SSRİ-nin tərkibinə daxil edildi. Sovet hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyi çətin sınaqlar qarşısında qaldı. 1920-1922-ci illərdə Azərbaycanın artıq beynəlxalq birlik tərəfindən de-fakto tanınmış müstəqilliyi formal olaraq qismən qorunub saxlandı.1939-1945-ci illərdə dünyada yeni müharibə-İkinci Dünya müharibəsi baş verdi.1941-ci il iyunun 22-dən SSRİ-nin tərkibində Azərbaycan da bu müharibəyə cəlb edildi.Müharibə iqtisadiyyatımıza ağır zərbə vurdu.Azərbaycan xalqı II Dünya müharibəsi illərində böyük fədakarlıq göstərdi, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Bakı nefti faşizm üzərində qələbənin əldə olunmasında mühüm rol oynadı.Sovet dövləti Ermənistan vasitəsilə anti-Azərbaycan siyasətini davam etdirərək,azərbaycanlıları öz dədə-baba yurdlarından (Ermənistan SSR-dən) kütləvi sürətdə deportasiya etdi.Erməni zorakılığı ardıcıl olaraq sonrakı illərdə də davam etdirildi.60-cı illərin sonlarında Heydər Əlirza oğlu Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycanda idarəçilik sistemi təkmiləşdirildi.SSRİ-də və dünyada Azərbaycanın nüfuzu və mövqeyi yüksəldi.Milli dirçəliş başlandı.Mədəniyyətin inkişafına qayğı artdı.80-ci illərin ortalarında sovet cəmiyyətinin iqtisadi,siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı.İstehsalın artımı,sürəti,səmərəliliyi,əməyin məhsuldarlığı durmadan aşağı düşürdü.Kommunist ideologiyasına inam azalmışdı.Azərbaycan da daxil olmaqla müttəfiq respublikalarda milli özünüdərk,hüquqların tapdanmasına,sərvətlərin talan olunmasına etiraz güclənməkdə idi.80-ci illərin sonlarında SSRİ rəhbərliyi anti-Azərbaycan siyasətində ən yüksək mərhələyə çatdı.Azərbaycana qarşı başlayan erməni təcavüzünə dəstək verdi,”Qanlı Yanvar” faciəsini törətdi.Milli-azadlıq uğrunda xalq hərəkatı geniş vüsət aldı.Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizə başlandı.1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi.Müstəqillik yoluna qədəm qoymuş respublikamız özünün qədim və zəngin dövlətçilik ənənələrinin bərpası yolunda qəti addımlar atmışdır.Xalq öz soykökünü dərk etməyə,keçmişin mənəvi dəyərlərini özünə qaytarmağa çalışmışdır.Az müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi.
XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması milli tariximizin çox mühüm hadisəsidir. Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı.Müharibə,erməni işğalçıları tərəfindən yüzlərlə sosial-mədəni obyektin məhv edilməsi,postsovetrespublikaları ilə mədəni əlaqələrin zəifləməsi,təhsilə,elmə,incəsənətə öz mənfi təsirini göstərirdi.Bütün bunlara baxmayaraq,bu dövrdə Azərbaycan mədəniyyəti mübarizliyi,mənəvi qüvvələrin öz kökünə və ümumbəşəri dəyərlərə daha möhkəm bağlanması ilə səciyyələnirdi.Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş,daxili parçalanmalara,xarici işğallara məruz qalmışlar.Azərbaycan həmişə qonşularla sülhsevər,dinc münasibətlər saxlamışdır.Lakin bəzi qonşular,xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş,fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.Qarabağ müharibəsi maraqlı dövlətlərin Azərbaycanda mənafelərinin toqquşması,həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi səbəbindən baş verdi və xalqımızı faciəyə düçar etdi. Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrədək torpağı işğal olundu ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur.1993-cü ildə xalqın tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə gəlməsi vəziyyəti kökündən dəyişmiş, daha böyük faciələrimizin qarşısını almış,respublikada tüğyan edən hərc-mərcliyə son qoyulmuş,milli dövlətçiliyimizə qarşı çevrilmiş qəsdlərin qarşısı alınmış,dönməz sosial-siyasi sabitlik bərqərar edilmiş,dinamik iqtisadi və siyasi inkişaf prosesi başlanmışdır.Azərbaycan Respublikasının xarici siyasətində də uğurlar əldə edilmişdir.Dövlət başçımız Azərbaycanın haqq işini,onun günahsız olduğu halda faciələrə düçar edilməsinin səbəblərini dünyaya çatdırdı. Müstəqilliyimiz qorundu,inkişaf etdirildi,Azərbaycan dünya birliyində layiqli yerini tapdı.
Azərbaycan Respublikası XXI əsrə siyasi cəhətdən sabit,sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etməkdə olan bir ölkə kimi qədəm qoydu.İctimai-siyasi sabitliyin yaradılması,demokratik prinsiplərin bərqərar olması sahəsində ardıcıl addımların atılması Azərbaycan cəmiyyətinin və ictimai-siyasi qüvvələrin anarxiyadan demokratiyaya və qanunçuluğa keçidi yolunda ciddi dönüş yaratdı.Qanunun aliliyi prinsipinin reallaşdırılması,dövlət orqanlarının nüfuzunun bərpa olunması,azad düşüncənin təzahürü olan sərbəst siyasi fəaliyyəti məhdudlaşdıran bütün maneələrin aradan qaldırılması demokratiyanın təşəkkül tapıb daha da möhkəmlənməsi üçün şərait yaratdı.Yeni əsrin ilk illərində elm,təhsil,səhiyyə,idman,turizm,ətraf mühitin mühafizəsi problemləri Azərbaycan dövlətinin gündəlik qayğısı olmuşdur.2003-cü ildən Ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə yönəldildi.Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması, əhalinin rifahının yüksəldilməsini təmin etdi. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.
Hazırladı:
Gülanə SƏDA,
Tarixçi