
Xudat qəsəbəsindəki yeganə xəstəxana onsuz da köhnədir, zəruri tibbi avadanlıqlar çatışmır, 10-dan çox həkim yeri boşdur. Bir çox ixtisaslar üzrə həkimlər çatışmır. Nəticədə qəsəbədə xəstələnənlər Xaçmaz şəhərindəki Mərkəzi Xəstəxanaya üz tutmalı olurlar. Orada isə uzun növbələr yaranır.
"Hamilə gəlinimi rentgen müayinəsi üçün apardım, saatlarla gözləsəm də növbə çatmadı. Nəticədə məcbur olub 40 manat verdim, özəl xəstəxanada müaiyinədən keçirdim. İş yox, qazanc yox, haradan pul tapıb özəl xəstəxanalara verək? İndi də Xudatın yeganə xəstəxanasını bağlayırlar”,-sakinlərdən biri belə deyib.
Xəstəxana personalı, tibb bacıları isə xəstəxananın stasionar bölməsinin bağlanması nəticəsində 100-dən çox işçinin işsiz qalacağını deyiblər. Onların bildirdiyinə görə, 200-dən çox işçinin bir qisminə Xaçmazda iş təklif edilib, qalanlarının isə taleyi məlum deyil.

"Bu qəsəbənin 30 mindən çox sakini var. Xəstələrimiz hara müraciət edəcək? Xaçmaza , Bakıya aparana qədər xəstələrimiz yollarda ölür, onları heç olmasa kritik vəziyyətdən çıxarmaq üçün qəsəbədəki yeganə xəstəxananı saxlamaq lazımdır, amma bunlar bağlayırlar”,-etiraza toplaşan sakinlərdən biri deyib.
Baş həkim isə xəstəxananın bağlanacağı haqda deyilənləri əvvəlcə təkzib etmək istəyib, toplaşanların əslində deputatlığa namizədlə görüşə gəldiyini deyib. Lakin sakinlər ona etiraz ediblər, baş həkimi "moşennik” adlandırıblar və onun Xudat xəstəxanası hesabına illərdir yaxşıca varlandığın deyiblər.