"Tehran bilir ki, Türkiyə, İsrail, ABŞ Azərbaycanın yanındadır" (ŞƏRH)

"İranın Azərbaycanla savaşa başlaması Tehran üçün risklidir. İran Bakı ilə münasibətləri tənzimləməyə çalışacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev İranla Azərbaycan arasında yaşanan gərginliyin böyüyərək savaşa çevrilməsi ehtimalından danışarkən deyib.
 
Onun fikrincə, Tehran bilir ki, Türkiyə, İsrail, ABŞ Azərbaycanın yanındadır, hətta Rusiya da prosesə qoşula bilər:
 


 
"İranla Azərbaycan arasında dəfələrlə gərgin münasibətlər olub. Amma son 30 il ərzində nə sərhəd bağlanıb, nə blokada halları olub, nə də hansısa birbaşa hərbi münaqişə baş verməyib. İndi də gərginlik hökm sürür. Amma bu da müvəqqəti xarakter daşıyır. Çünki İran gərginliyin davamlı olmasında maraqlı deyil. Regionda gedən proseslər, İsrailin ərəb ölkələri tərəfindən tanınması, İran daxilindəki gərginlik və nüvə proqramı məsələsində sərt vəziyyətin yaranması prizmasından yanaşdıqda Tehranın vəziyyətinin o qədər də qənaətbəxş olmadığını görərik. Ona görə də indiki situasiyada Azərbaycanla hər hansı bir problemə daxil olmaq İrana sərf etmir. Tehran bilir ki, Türkiyə, İsrail, ABŞ Azərbaycanın yanındadır. Hətta Rusiya da prosesə qoşula bilər”. 

Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Azərbaycanla İran arasında savaş olmayacaq:
 

 
"Belə bir ehtimal yoxdur. Müharibənin olması nə İrana xeyirlidir, nə də Azərbaycana. Azərbaycan İrana hücum etməyəcək. İran da həmçinin Azərbaycana hücum etməyəcək. Hazırda münasibətlərin gərgin olması fonunda sadəcə söz savaşı gedir. İki ölkə arasında hərbi toqquşma mümkün deyil və bu gözlənilmir”. 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az