“Təhsil kreditləri haqqında” qanunla bağlı bank sistemi ilə fikir ayrılığı var

“Təhsil kreditləri haqqında” qanunla bağlı bank sistemi ilə fikir ayrılığı var

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimlinin birgə hazırladığı “Təhsil kreditləri haqqında” qanun layihəsi uzun müddətdir parlamentdə müzakirəyə çıxarılmır. Bu qanun qəbul olunacağı təqdirdə imkansız ailələrdən olan istedadlı gənclərə ali təhsil almaq və cəmiyyətdə öz qabiliyyətinə uyğun yer tutmağa daha əlverişli şərait yarana bilər. Bundan başqa, universitetləri keyfiyyətli təhsil uğrunda rəqabətə sövq etdirə və yüz milyonlarla manat dövlət vəsaitinə qənaət edilməsinə səbəb ola  bilər. Amma, nədənsə qanun layihəsinin qəbulu ləngiyir. Buna səbəb nədir?
Vətəninfo.az-ın məlumatına görə, Vahid Əhmədov Modern.az saytına bildirib ki, məsələ hələ ki açıq qalıb:
“Qanun layihəsinə Milli Məclisdə baxılmalıdır. Bu il bir dəfə komitənin iclasında baxıldı. Sonra bildirdilər ki, təhsil haqqında strategiya qəbul olunacaq və s. Bu səbəbdən də məsələ hələlik açıq qalıb”.
O qeyd edib ki, parlamentin hər iclasında məsələni gündəmə gətirirlər:
“Hər dəfə, Milli Məclisin yaz, payız sessiyasında məsələ gündəmə gətirilir, gündəlik təsdiq olunanda məsələyə toxunuruq. Amma hələlik gündəliyə salınmır. Mənim fikrimcə, vacib bir qanun layihəsidir və gündəliyə salınmamasının ciddi bir səbəbi yoxdur.
Prezident tərəfindən təhsillə əlaqədar strategiya qəbul olunub. Orada da təhsil sahəsindəki maliyyə probleminin öz həllini tapması əks olunub. Təhsildə maliyyəni həll etməyin bir yolu “Təhsil kreditləri haqqında“ qanunu qəbul etməkdir. Layihədə güzəştlərlə əlaqədar bir sıra məsələlərə görə bank sistemi ilə fikir ayrılığı var, ancaq bunu ciddi problem hesab etmirəm”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az