Tələbələr SOCAR-da təcrübə keçəcəklər

Tələbələr SOCAR-da təcrübə keçəcəklər

Bakı Ali Neft Məktəbi (BANM) SOCAR-AQŞ MMC ilə əməkdaşlıq haqqında razılaşma imzalayıb.

İmzalanma mərasimində BANM-in rəhbərliyi, SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayevin rəhbərlik etdiyi heyət,  həmçinin BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və SOCAR-AQŞ ilə qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. E.Qasımov imzalanan razılaşmanın BANM-də “Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. O, bu əməkdaşlığın, eyni zamanda BANM-in tələbələri üçün yeni təcrübə və gələcək karyera imkanları verəcəyini qeyd edib.
Daha sonra SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev çıxış edərək, rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, SOCAR-AQŞ və BANM arasında yaradılan birgə əməkdaşlığın gələcəkdə tələbələr üçün daha böyük imkan yaradacağına əminliyini ifadə edib.
SOCAR-AQŞ-nin nümayəndələri III kurs tələbələri ilə görüşüb və müəssisədə 2 aylıq yay təcrübəsi keçmələri üçün onların arasında seçim aparıblar. 
Sonra BANM və SOCAR-AQŞ arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub.
İmzalanan əməkdaşlıq haqqında razılaşma BANM-də “Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq. Müqavilədə SOCAR-AQŞ-nin mütəxəssislərinin müəllim kimi BANM-də fənlərin tədrisinə cəlb olunması, tələbələr üçün SOCAR-AQŞ-nin fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kurslar təşkil olunması, BANM-in tələbələrinin və məzunlarının SOCAR-AQŞ-də təcrübə, iş imkanları  və digər məsələlər qeyd olunub.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az