Tərtərin icra başçısı... Ağlına və ağzına gələni niyə danışır?
"Qadınlar və uşaqlar çıxarılıb...”
Tərtər rayon İcra Hakimiyyətinin başçısı cəbhədəki son gərginliklə bağlı danışıb. Müstəqim Məmmədov "Qafqazinfo”-ya açıqlamasında hazırda hər şeyin qaydasında olduğunu bildirib və bir nəfərin öldüyünü təsdiqləyib.
Bu açıqlamanı normal qarşılamaq olar. Adam cəbhə bölgəsində yerləşən rayonun icra başçısıdr. Baxmayaraq ki, haqqında mətbuatda ən çox tənqidi materiallar gedən icra başçısı kimi tanınır. Amma və lakin...
"Hər şey normaldır. Təmas xəttində yerləşən kəndlərdən qadınlar və uşaqlar çıxarılıb”-deyə açıqlama verən Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədovun bu açıqlaması başadüşülən deyil.
İcra başçısının nəzərinə və qarışıq düşmüş diqqətinə Miq.az olaraq çatdırırq ki, bu kimi açıqlamalar nəinki Tərtər camaatı, hətta bütün ölkə əhalisi arasında çaşqınlıq yaradır.
Çox hörmətli Müstəqim Məmmədovun top səsindən qarışıq diqqətinə bir şeyi də çatdırmaq istəyirik. Cəbhə bölgəsində hansısa müdafiə rayonunun icra başçısı olmaq həmin ərazidə yerləşən birləşmə komandirinin (korpus komandiri) məsuliyyəti qədər ağırdır. Və müharibə qanunlarına görə təmas xəttində yerləşən rayonun icra başçısının səlahiyyəti də böyükdur. İctimaiyyət onun nə dediyini gözləyir. Və həm də icra başçısının çıxışları ən çox ideoloji savaşa köklənməlidir.
"Qadınlar və uşaqlar çıxarılıb...” ifadəsinin icra başçısı tərəfindən səsləndirilməsi normal hal deyil. Bu insanlar arasında çaşqınlıq yaradır. Və bir də...Müstəqim Məmmədovun Tərtərdə bilmədiyi və ya bu gün bildiyi hadisəni Miq.az dünəndən bilsə də, dövləti maraqlar və hərbi sirr baxımından bunu yayımlamırıq.
Mövzuya ekspertlərin rəyi ilə bir də qayıdacağıq.
Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.
Miq.az