TÜRKSOY "Opera Günləri" keçirəcək
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi
layihələrindən olan "Opera Günləri” 18-ci dəfə sənətçiləri bir araya
gətirəcək.
Vətəninfo.az "Report"-a istinadla xəbər verir ki, sentyabrın 15-dən 24-dək davam
edəcək 18-ci TÜRKSOY Opera Günlərinin konsertləri Türkiyədə və Şimali
Kiprdə baş tutacaq.
Quruma üzv ölkələrin opera və balet sənətçiləri
sentyabrın 15-də İstanbulda, 17-18-də Şimali Kiprdə çıxış edəcək, 23-24
sentyabrda isə Antalyada keçiriləcək 22-ci Beynəlxalq Aspendos Opera və
Balet Festivalında TÜRKSOY gecəsində iştirak edəcəklər.
TÜRKSOY
Opera Günlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan,
Türkiyə, Tatarıstan, Başqırdıstan, Çin və Şimali Kiprdən 24 sənətçi
iştirak edəcək. Azərbaycanı bu tədbirdə Dövlət Akademik Opera və Balet
Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor)
və balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılov təmsil edəcək.
TÜRKSOY Opera Günləri iştirakçılarının qatılacağı Beynəlxalq Aspendos
Opera və Balet Festivalı 2 min illik antik Aspendos teatrının tarixini
yaşadan, dünyaya tanıdan layihədir.
Türkiyənin mədəni turizminə
və tanıdılmasına da töhfə verən festivalda bu il 3 konsert proqramı, 2
balet və 2 opera təqdim olunacaq. Antik teatr tamaşaçılarına gözəl,
əsrarəngiz, zövqlü yeddi gecə yaşadacaq festivalda İzmir, Mersin,
Ankara, Antalya Dövlət Opera və Balet Müdirlikləri ilə yanaşı, əcnəbi
qrup və solistlər də yer alacaq. Festivalda Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Tatarıstan, Türkmənistan, Türkiyə sənətçiləri iştirak
edəcək. Tədbirə Koreya və Bolqarıstandan da opera və balet ifaçıları
qatılacaq.
Festival ənənəvi olaraq "TÜRKSOY Opera və Balet Ulduzları” konserti ilə başa çatacaq.
Qeyd edək ki, Antalyadakı Aspendos teatrı təkcə Anadolunun deyil, bütün
Avropa, Şimali Afrika teatrları içərisində dünyanın ən yaxşı qorunan
antik teatrı olmaqla bərabər, həm də memarlıq üslubu ilə məşhurdur.
Teatr binasının günümüzə qədər qorunub qalmasının əsas səbəblərindən
biri Səlcuqlar dövründə bərpa olunmasıdır.