Tofiq Yaqublu Baş Prokurorluğa çağırıldı

Tofiq Yaqublu Baş Prokurorluğa çağırıldı
Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Tofiq Yaqublu 2016-cı il martın 20-dən etibarən Feysbuk sosial şəbəkəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazmaqla, kütləvi informasiya vasitələrinə müsahibəsində Azərbaycanda guya mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən fikirlər bildirib.
 
Miq.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan başqa, o, kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə dini radikallıq mövzusuna toxunaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şiə və vəhhabi təriqətinə etiqad edən məhkumlar arasında gərgin münasibətlərin olduğu, vəhhabilərin həbsxanadan buraxılacağı təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəkləri barədə fikirlər söyləyib.
 
T.Yaqublunun hərəkətləri ölkənin hüquq mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, cəza siyasətinin həyata keçirilməsi, dini nifrət və düşmənçiliyin salınmasının qarşısının alınması və digər sahələrdə görülən işlərə kölgə salmaq məqsədinə xidmət edir. Bununla əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək onunla müvafiq söhbət aparılıb. O, söhbət zamanı fikirlərinin kütləvi informasiya vasitələrində təhrif olunduğunu bildirib.
 
T.Yaqubluya milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsi əməllərinə görə Cinayət Məcəlləsinin 283-cü maddəsində cinayət məsuliyyətinin nəzərdə tutulması izah olunub. Ona "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada gələcəkdə qərəzli, reallığa uyğun olmayan, habelə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az