Vaşinqton silah məsələsinə aydınlıq gətirdi

Vaşinqton silah məsələsinə aydınlıq gətirdi

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana hərbi texnika satışının yasaqlanması ilə bağlı məlumata aydınlıq gətirib.

Ötən həftə Amerika Erməni Milli Komitəsi belə bir xəbər yayıb ki, ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasını ABŞ-dan hərbi texnika almaq hüququndan məhrum edən qərar çıxarıb. Xəbərdə qeyd olunub ki, bu il mayın 29-da konqresmen Hovard Berman Dövlət Departamentinə üz tutaraq Azərbaycan Respublikasına satılan hərbi texnikanın Ermənistana və Dağlıq Qarabağ bölgəsinə qarşı tətbiq oluna biləcəyindən narahatlıq ifadə edib. Məlumat görə, iyunun 27-də Hovard Berman Dövlət Departamentindən rəsmi bildiriş alıb və həmin bildirişdə Azərbaycan Respublikasının adının ABŞ-dan hərbi texnika almaq hüququ olan ölkələr siyahısından çıxarıldığı qeyd edilib.

“Vətəninfo.az” xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi AzərTAc-ın sorğusunu cavablandırarkən bildirib ki, məsələnin bu cür qoyuluşu həqiqətə uyğun deyil: “ABŞ hökuməti hərbi texnikanın satılması və hərbi xidmətlərin göstərilməsi barədə ixrac lisenziyaları müraciətlərini ayrı-ayrılıqda nəzərdən keçirir və bu, beynəlxalq öhdəliklərimizə, eləcə də ABŞ qanunlarına uyğun cavablandırır.

Konqresmen Bermanın Dövlət Departamentinə məktubunda qeyd edilən fakta gəldikdə, hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışı ilə bağlı müraciət edən şirkət özü müraciətində dəyişikliklər etdiyinə görə Dövlət Departamenti müraciəti müvafiq şəkildə cavablandırıb”.

AzərTAc qeyd edirk ki, Silahların İxracına Nəzarət Aktının 38-ci maddəsinə uyğun olaraq ABŞ-dan silah, eləcə də hərbi xidmətlərin ixracı prezidentin nəzarəti altında olmalıdır. Bu vəzifəni isə Dövlət Departamentinin siyasi-hərbi məsələlər üzrə bürosu həyata keçirir. Qaydalara uyğun olaraq, lisenziyaya baxılarkən satılacaq silah və ya göstəriləcək hərbi xidmətin istifadə məqsədləri rol oynamır.

“Azadlıq” radiosunun məlumatına görə, iyulun 3-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Azərbaycana hərbi texnika satışının yasaqlanması barədə deyilənlərə aydınlıq gətirib: “ABŞ-da hər hansı bir şirkət Birləşmiş Ştatlardan kənara silah satmaq istəyirsə, Dövlət Departamentindən bunun üçün lisenziya almalıdır. Özəl şirkət müraciət və ərizələrlə çıxış edir. Həmin ərizələrdə bir sıra dövlətlərə müdafiə avadanlıqlarının satılması xahiş olunurdu. Bu ölkələr arasında Azərbaycanın da adı olub. Lakin sonradan həmin özəl şirkət öz ərizəsinə düzəlişlər edib və siyahıdan Azərbaycanın adını çıxarıb”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az