“Vətən müharibəsi qəhrəmanı” mayor Amid Heydərovun təltifi ailəsinə təqdim edildi
2021-ci il iyulun 08-də Lerik Rayon İcra Hakimiyyətində Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Heydərov Amid Rəbbil oğlunun ailə üzvləri ilə görüş keçirildi və ailəsinə şəhidin təltif olunduğu "Vətən müharibəsi qəhrəmanı” fəxri adının vəsiqəsi və medalı təqdim edildi.
Təqdimetmə mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edirdilər.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək bildirdi ki, Heydərov Amid Rəbbil oğlu 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olmuşdur. 1995-2006-cı illərdə Valeh İbrahimov adına Lerik şəhər orta internat məktəbində təhsil almış, 2006-cı ildə Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbi bitirmiş Amid Heydərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə taqım komandiri təyin olunmuşdur. 2015-ci ildə "baş leytenant” hərbi rütbəsi almış, 4 il bölük komandiri vəzifəsində işləmişdir. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində iştirak etmiş, göstərdiyi xüsusi qəhrəmanlığa görə ona Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə vaxtından əvvəl "kapitan” hərbi rütbəsi verilmişdir. Amid Heydərov 2020-ci ilin iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olmuşdur. Döyüşlərdə fəal iştirak etdiyinə görə ona "mayor” hərbi rütbəsi verilmiş və o, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin komandiri vəzifəsinə təyin edilmişdir.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Vətən müharibəsinin 44 günü ərzində müzəffər Azərbaycan Ordusunun qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycan Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə atmadan qaytarmağa nail oldu. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi.
Mayor Heydərov Amid Rəbbil oğlu Vətən müharibəsində Lələtəpə istiqamətindən başlayaraq Cəbrayıl rayonunun 8 kəndinin işğaldan azad olunmasında fəal iştirak etmiş, böyük şücaət göstərərək düşmənin çoxlu sayda tankını və digər döyüş texnikalarını sıradan çıxarmışdır. Cəbrayıl rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəmanımız şəhid Amid Heydərov uğurlu döyüş yolu keçmiş, Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli 2336 nömrəli Sərəncamı ilə "Vətən müharibəsi qəhrəmanı” adı verilmişdir. Bundan əlavə, şəhid Amid Heydərov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edilir. İllər keçəcək şəhidlərin xatirəsi isə qədirbilən xalqımızın qəlbində daim yaşacaqdır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə daim diqqət və qayğı göstərilir, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daha sonra şəhid Amid Heydərovun təltif edildiyi "Vətən müharibəsi qəhrəmanı” fəxri adının vəsiqəsi və medalı ailəsinə təqdim edildi.
Tədbirdə şəhidin atası Rəbbil Heydərov çıxış edərək bildirdi ki, oğlu hələ uşaq yaşlarından hərb sənətinə böyük maraq göstərir, hərbçi olmağı arzulayırdı. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə ləyaqətlə xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş "Dəmir yumruq” əməliyyatında düşmən məğlub edildi, uzun müddət işğal altında qalmış torpaqlarımız azad edildi. Mən şəhid ailələrinə göstərilən diqqət və qayğıya, oğlumun vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyinə görə ailəmiz adından cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, rayon ağsaqqallar şurasının sədri Elxan Qənbərov, rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, şəhid ailələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Veysəl Məlikov şəhid mayor Amid Heydərov haqqında xatirələrini bölüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad olunduğunu, onların keçdiyi döyüş yolunun təbliğ edildiyini və gələcək nəsillərə nümunə olacağını bildirdilər.
Miq.Az