Vüqar Abbasov:”Erməni diasporu Hollandiyada bizdən fərqli olaraq planlı hərəkət edir”

Vüqar Abbasov:”Erməni diasporu Hollandiyada bizdən fərqli olaraq planlı hərəkət edir”

Vüqar Abbasov:”Erməni diasporu Hollandiyada bizdən fərqli olaraq planlı hərəkət edir”Beynəlxalq Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasovla müsahibə

- Vüqar bəy, bu günlərdə “Wereldregio” qəzetində Sizinlə bağlı çıxan məqalə yerli mediada, sosial şəbəkələrdə maraqla qarşılandı. Bunu Azərbaycanın uğuru kimi də qiymətləndirənlər oldu. Hollandiyada 4-ildən çoxdur ki, yaşayırsınız. Amma, buna baxmayaraq ölkənin siyasi-ictimai və media aləmi uğurlu əlaqələr qurmusunuz. Bu əlaqələri qısa zamanda necə qura bilmisiniz?

- Öncə təşəkkür edirəm, xoş sözlərinizə görə. Şadam ki, sözünü etdiyiniz yazı yerli mediada marağa səbəb olub. Baxmayaraq ki, yazıda Azərbaycandan söhbət açmış, problemlərimizi önə çıxartmağa çalışmışam, yenə də mən bunu Azərbaycanın uğuru kimi təqdim etməzdim. Bu çox təmtəraqlı səslənir. Olsa-olsa, Azərbaycandan gəlib Niderlandda məskunlaşmış bir həmyerlinizin uğuru sayıla bilər. Hətta buna belə şübhə edirəm ki, bu uğurdumu? Biz, eləcədə mən özüm, daha çox şeylər edə bilərik. Ancaq bunu minimum(kiçik) imkanlar daxilində edə bildiyimdən, az da olsa mənim uğurum hesab etmək olar. Baxmayaraq ki, həmən yazı yerli mətbuatda mənimlə bağlı olan növbəti yazılardan biri idi. Yəni nə birinci, nə də ümid edirəm ki, sonuncu deyil. Əlaqələrin qurulmasına gəlincə, ilk növbədə ünsiyyət qurmağı bacarmalısan. Yerli insanlarla, eləcədə mətbuat nümayəndələri ilə ünsiyyət qurmaq üçün isə, yerli dildə heç olmazsa danışıq səviyyəsində, bilmən vacibdir. Mən bunun üçün heç də az əziyyət çəkmədim. Bəzən gecənin bir yarısına kimi ktabların arxasından durmadım. Dili, yerli adətləri öyrənmək məqsədi ilə, günümün çoxu niderlandlıların içərisində keçdi. İstəmədiyim işlərdə işlədim. Bir sözlə, təsəvvür edilən qədər asand olmadı mənim üçün.

- Bu yazıdan sonra Sizinlə yerli dairələrdən maraqlanan olubmu? Yerli insanların ölkəmizlə bağlı fikirlərini eşitmək maraqlı olardı...

- Yerli dairələr mənimlə həmişə maraqlanır (gülünmsəyir). Sözü gedən yazıdan sonra, həqiqətən də çoxsaylı emaillər, telefon zəngləri aldım. Əvvəlki yazılardan sonra da reaksiyalar alırdım. Ancaq əlaqələrin genişləndikcə, verilən reaksiyalar da artır. Hətta bəzi dostlar məni Azərabaycanın Zirikzeedə, qaldığım şəhər, səfiri belə adlandırır. Bilirəm ki, dediklərim bir qədər təvəzökarlıqdan uzaq səslənir. Ancaq sualınızın cavabı kimi bunu dedim. Mən yazıda demişdim ki, Niderland mətbuatı Azərbaycanla bağlı ancaq siyasi yazılara üsünlük verir. Mən buna normal baxıram. Ancaq bizim isə başqa problemlərimiz də var. Yazıdan sonra məni tanıyanlar həmən “başqa problemlər”in nədən ibarət olduğunu soruşdular və mən də beləcə məlumat vermək imkanı qazandım. Bir neçə məktəblərdən təkliflər aldım ki, tətildən sonra onların məktəblilərinə və müəllimlərə Azərbaycanla bağlı məlumatlar verim. Baxaq, imkan dairəsində bu və digər bu kimi təklifləri dəyərləndirməyə çalışacam.

- Ümumiyyətlə, Hollandiya mediasında Azərbaycanın tanıtım strategiyasını qurmaq üçün hansı təkliflərləriniz var? Bildiyimi qədərə yaşadığınız şəhərin yerli mediası Azərbaycan və Qafqazla bağlı mövzularda Sizin fikirlərinizə önəm verirlər...

- Bir şeyi hər vaxt qeyd etmişəm, yenə də demək istəyirəm ki, Azərbaycan rəsmiləri gərək imkan verməsinlər ki, xarici mətbuat ancaq neqativ şeyləri görsün. Bunun üçün neqativ işlər görməmək lazımdır. Bu müsahibəyə başlamazdan bir qədər öncə, mənə yerli jurnalist təşkilatından email gəldi və məndən Azərbaycanda söz azadlığının durumu ilə maraqlandılar. Təbii ki, mən onlara həqiqəti deyəcəm, daha doğrusu özümün həqiqət bildiyimi. Yerli mətbuatla ünsiyyət qurmaq mümkündür. Bununla bağlı özüm üçün planlarım var və planıma uyğun olaraq da gedirəm. Geniş mənada təkilfə gəlincə, inanın ki, bu, sizi və bəzi jurnalist dostlardan başqa kimsəni maraqlandırmır. Ona görə də vaxt itirib təklif səsləndirmək fikrində deyiləm. Yaşadığım şəhərin yox, bu çox balaca əhatə olur, bölgənin mətbuatı ilə sıx əlaqələrim var və vaxtaşırı fikir mübadiləsi edirik. Ancaq fikirlərimə nə qədər önəm verirlər, bunu bilmirəm. Ancaq mənim əlaqələrim tək bölgə jurnalistləri ilə məhdudlaşmır. Bilirsiz ki, yerli jurnalistlər birliyinin üzvüyəm və vaxtaşırı tədbirlərə dəvət alıram. Həmən tədbirlərdə isə digər jurnalistlərlə tanış olmaq imkanı qazanıram. Təəssüf ki, bir çox tədbirlərə qatıla bilmirəm.

- Bəzən Belə fikiləşirəm ki, avropada boş və mənasız konfranslar keçirməkdənsə, yerli mediada Azərbaycanın tanıdılması ilə bağlı bir məqalənin çıxması daha məqsədəuyğun olardı. Bəlkə mən səhv düşünürəm?..

- Düz düşünürsüz (gülümsəyir). Təbii ki, zarafat edirəm. Düşünürəm ki, konfranslar (tədbirlər) da lazımdır, mitinqlər də. Ancaq siz deyən kimi, boş və mənasız konfranslardansa, balaca bir məqalə daha önəmlidir. Bilirsiz necədir, müəyyən bir iclas, görüşlərlə siyasi elita ilə işləyə bilərsən. Mətbuatla isə həm də yerli əhaliyə sözünü çatdıra bilərsən. Yerli insanların həmən konfranslardan məlumatı olmur. Bunlar çox geniş müzakirə olunası söhbətlərdir. Bizlər ilk öncə özümüz üçün nə istədiyimizi müəyyən etməliyik. Mən istənilən adamla bunu müzakirə etməyə hazıram.

- Erməni diasporunun holland mediasına təsir imkanları hansı səviyyədədir?

- Həmişəki səviyyədə. Yazılarımın birində qeyd etmişdim ki, bir çox halda maraqlı qüvvələr öz gördükləri işləri erməni diasporasının adı ilə bağlayırlar. Yerli mətbuatda ermənilərin gücünü bir o qədər də hiss etmirdim, bir neçə müddət öncə yerli TV –in birində tam olaraq onların xeyrinə olan film getməyənə kimi. Etiraf edək ki, onlar bizdən daha planlı hərəkət edirlər və mən təəssüf edirəm ki, buna təəssüf etməkdən başqa heç nə etmirik.

Söhbətləşdi: Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az