“Xəzər Lənkəran” "Kasımpaşa"ya qarşı
2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən "Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununu keçirəcək.
Vətəninfo.az Apasport.az-a istinadla xəbər verir ki, "ağ-yaşıllar” Kapadokya bölgəsində gerçəkləşən təlim-məşq toplanışındakı ikinci sınağında "Kasımpaşa” ilə üz-üzə gələcək.
Üç gün əvvəl aşağı dəstə klubu "Niğdespor”a minimal hesabla (1:0) qalib gələn Yunis Hüseynovun yetirmələri Superliqa təmsilçisinə də gücünü göstərməyə çalışacaq. Cənubluların ikinci sınağı Nevşehir stadionunda baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
"Xəzər Lənkəran”ın rəqibi "Kasımpaşa” 94 illik tarixə malik olsa da, ciddi uğur qazanmayıb. 1921-ci ildə yaradılan komanda İstanbulun Beyoğlu bölgəsini təmsil edir. Komandanın əsas uğurları son illərlə bağlıdı.
Düzdü, "Kasımpaşa” 1959-64-cü illərdə Superliqada 5 mövsüm keçirib. Həmin vaxt ən yaxşı nəticəsi 1961/62 mövsümündəki 5-ci yer olan komanda sonra aşağı dəstəyə yuvarlanıb. 43 il aşağı liqalarda mübarizə aparan "Kasımpaşa” I, II, hətta III və həvəskar liqasına qədər enib. 2007/08 mövsümündə Superliqaya qayıdan komanda yenidən uğursuz çıxış edib, aşağı liqaya düşüb. İlk cəhddən geri qayıdan "Kasımpaşa” 2009/10 və 2010/11 mövsümlərini güclülər sırasında olsa da, I liqaya yuvarlanıb. 2012-ci ildən yenə Superliqaya qayıdan klub ardıcıl 3 mövsümdü çıxış etdiyi liqada möhkəmlənmək üzrədi. Ötən mövsüm komanda çempionatı 13-cü pillədə başa vurub.
Yoxlama oyunu
14 iyul
19:30. "Kasımpaşa” (Türkiyə) – "Xəzər Lənkəran” (Azərbaycan)
Nevşehir stadionu