XİN Suriyadakı səfirliyimizin erməni məhəlləsində yerləşməsi məsələsinə aydınlıq gətirdi
Xarici İşlər Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Respublikasının Livanın
paytaxtı Beyrut şəhərində yerləşən Suriya Ərəb Respublikasındakı
Səfirliyinin erməni məhəlləsində yerləşməsi və bununla əlaqədar
Azərbaycanın xüsusi xidmət orqanları və XİN-in tədbir görməli olması
barədə gedən yazılara münasibət bildirib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bu məlumat düzgün deyildir: "Azərbaycan
Respublikasının Livanın paytaxtı Beyrut şəhərində mənzillənən Suriya
Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş Rabia rayonunda
yerləşir. Dəqiq ünvan isə belədir: Əl-Mətn, Antillyas, Əl-Rəhbani
küçəsi, Aramta mərkəzi. Beyrutda ermənilərin kütləvi şəkildə yaşadıqları
rayon isə Burc Hammud adlanır. Əgər müqayisə üçün desək Beyrutda
səfirliyin yerləşdiyi rayon ilə Burc Hammud arasındakı məsafə fəqri
təqribən Bakının Səbayıl rayonu ilə Əhmədli arasındakı fərqə bənzəyir.
Bununla belə, Livan və Beyrut ilə yaxından tanış olan şəxslər bilirlər
ki, ermənilər kompakt yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər
rayonlarına da səpələnmişlər".
Beyrutda Azərbaycan səfirliyinin yerləşdiyi ərazidə digər ölkələrin
diplomatik nümayəndəliklərinin olması barədə suala cavabında H.Hacıyev
isə deyib: "Bu ərazidə və Azərbaycan səfirliyinin qonşuluğunda Türkiyə,
Yunanıstan, ABŞ, Meksika və Fransanın səfirlikləri vardır. Səfirlik
əməkdaşları da diplomatik rayon olan bu ərazidə yaşayırlar".
Trend