YAP-dan İP-dəki istefalara münasibət: “... Gözlənilən idi”

YAP-dan İP-dəki istefalara münasibət: “... Gözlənilən idi”

“Müxalifətin radikal qanadının birləşdiyi İctimai Palata adlanan bir qurumda istefaların baş verəcəyi çoxdan gözlənilən idi.Çünki bu qurumda ziddiyyətli, iddialı, bir-birini qəbul etməyən və ambisiyalı şəxslər təmsil olunurlar”. “Vətəninfo.az”-ın məlumatına görə, bunu  mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı  Müsavat Partiyasının başqanı Yadigar Sadıqov və politoloq Ərəstun Oruclunun dünən  İctimai Palatadan (İP) istefa verməsinə, eləcə də, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun onun adı ətrafında yaşananlara etiraz əlaməti olaraq  bu qurumdan gedə biləcəyi ilə bağlı mövqe sərgiləməsinə  münasibətini bildirərkən dilə gətirib.
M.Qurbanlının dediyinə görə, cəmiyyətdə, siyasi arenada hər hansı bir formada özünə yer tapa bilməyən, ciddi sosial bazası və dayağı olmayan İctimai Palata adlanan qurum əslində  “ölü doğulmuş” bir qurum idi: “ Ümumiyyətlə, müxalifət, xüsusilə, onun radikal qanadı zaman-zaman müxtəlif adlar altında bir təşkilatda birləşməyə cəhd göstəriblər, hətta, bir müddət birləşiblər, ancaq sonradan tezliklə həmin təşkilatların hamısı bir-bir yox olub, sıradan çıxıb, qeybə çəkilib. Müxalifətin radiklal qanadının iki il öncə yaratdığı İctimai Palatada adlanan qurumda da həmin düşərgəyə aid olan müxtəlif şəxslər və kiçik qruplar birləşiblər.
 Ancaq onların hamısını üst-üstə götürəndə belə, ictimai rəyə heç bir ciddi təsirləri olmayıb və yoxdur. Eyni zamanda, bu qurumda ziddiyyətli , ambisiyalı şəxslər, qruplar təmsil olunurlar və məhz  onların ambisiyaları hər zaman yaratdıqları qurumların iflası ilə nəticələnib. Bu baxımdan, İctimai Palatda son günlər baş verən istefalar da gözlənilən idi”. YAP rəsmisi bildirib ki, hətta, bir müddət öncə bu təşkilatı istefalar dalğası götürmüşdü, ancaq  o zaman müəyyən danışıqlar yolu ilə və digər vasitələrlə bunu ört-basdır etməyə çalışdılarsa, amma nəticədə gözlənilən istefalar baş verdi:
 “Odur ki, bu qurumda istefalar bundan sonra da yaşanacaq və digər qurumlar kimi, İctimai Palata da  tezliklə tarixin arxivinə yuvarlanacaq”.
Kamil
“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az