Yazıçılar Birliyində nələr olur? - VİDEO

Yazıçılar Birliyində nələr olur? - VİDEO

Son iki gündə ölkə mediasında müzakirə mövzusu olan Azərbaycan Tərcümə Mərkəzinin hansı quruma verilməsi məsələsi gündəmə gəlib.

Vətəninfo.az ANS TV-ə istinadən xəbər verir ki, əslində qalmaqal predmeti olan Azərbaycan Tərcümə Mərkəzi öz bərbad halı ilə yaxşı qələmi olan bir yazıçı üçün xammaldır. Ən azı maraqlı bir hekayə mövzusudur. Əvvəlcə səhv gəldiyimizi zənn etdik. Amma binada yeganə göz oxşayan lövhə yanılmadığımızdan xəbər verirdi.

Bəli, burda rəhmətlik Aydın Məmmədovun barelyefi vurulmuş bu binada Azərbaycanın aydınları, fikir adamları oturur. Məsələn, Zakir Fəxri hələ gənc ikən “Sənsiz” şerini əzbərdən dediyimiz şair. Saday Budaqlı, tanınmış nasir. Hansı ki, “qızıl kəlmə” mükafatının laureatıdır və mən bilmirəm ki, bu şəraitdə o, bu qızıl kəlmələri necə xırdalıyır? Özlərindən soruşanda xeyli güldülər. Mən də onlara qoşulub doyunca güldüm.

Əslində isə Azərbaycan Tərcümə Mərkəzinin bu günkü şəraiti və deməli yazıçılarımızın vəziyyəti gülməli yox, ağlamalıdır. Saysan, işıqların beşindən üçü yanmır. Bina sanki nəhəng bir hörümçək torunda çabalayır. Açığı, təfərrüatlara o qədər vardım ki, bura nə üçün gəldiyimi də az qala yaddan çıxarmışdım. Bəli, söhbət məhz bu hörümçək yuvası binadan gedir ki, iki yazar və onların timsalında iki qurum bunun üstündə kəllə-kəlləyə gəlib.

Belə ki, Afaq Məsud bu ilin mayında dövlət başçısının sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin sədri təyin edildikdən sonra Yazıçılar Birliyi də onun yerinə Səlim Babullaoğlunu təyin edib. Məntiqlə Afaq Məsud təyinatdan sonra bu binanı tərk etməliydi. Çünki bu bina Yazıçılar Birliyinin balansındadır. Afaq xanımsa heç yerə çıxmayıb. O səbəbdən ki, ona sadəcə vəzifə veriblər, bina verməyiblər.

İndi Səlim Babullaoğlu da qalıb ortalıqda. Ortalıqda olan həm də bu sualdır. Azərbaycanda iki eyniadlı quruma ehtiyac varmı? Yəni, prezidentin sərəncamı ilə yeni bir struktur yaranıbsa, Yazıçılar Birliyinin nəzdindəki Tərcümə Mərkəzinə nə ehtiyac var? Əlbəttə, sualımıza tərəflərin özləri cavab versəydi, səbəbini biləcəkdik. Amma nə Afaq xanım, nə Səlim Babullaoğlu bu haqda danışmaq istədi. Susdular. Biz isə bu binanı görüb susa bilməzdik. Bunun üstündə mübahisə etməyə dəyməz. Adətən yaradıcılıq mübahisələri ilə gündəmə gələn yazarlara bunu yaraşdırmırıq. Varsa da, süpürün getsin. Tərcümə Mərkəzindəki bu süpürgənin özü ilə birlikdə.

Vətəninfo.az 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az