"Bunu etmişəm, geriyə yol yoxdur" - Rauf Arifoğlu danışdı
APA-ya açıqlamasında R. Arifoğlu bildirib ki, partiyadan getmək
barədə qərarı çoxdan qəbul edib və onun həyata keçirilməsi zaman
məsələsidir: "Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar
ki, hamısına elan etmişdim ki, qurultaydan sonra partiya üzvlüyündən
gedəcəyəm. Bir neçə ay öncə bu qərarı icra edəcəkdim, indiki başqanın
xahişi ilə təxirə saldım. Artıq Müsavat Partiyasında vəziyyət
stabilləşib, hər şey başqanın kontrolundadır, bütün strukturlar işləyir.
Hesab edirəm ki, cəmiyyəti alışdıra-alışdıra mənim də Müsavat
Partiyasından getməyimin zamanı gəlib. Uzun müddətdir Müsavatın
opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı
şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız
olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər”.
R. Arifoğlu qeyd edib ki, jurnalistika özü bir dünya partiyasıdır və
onun öz qızıl prinsipləri var, bu prinsiplər partiyalılıq prinsipləri
ilə ziddiyyət, özü də tam diametral ziddiyyət təşkil edir: "Biri hər
şeyi açıq tutmağı, gündəmə çıxartmağı, digəri isə gizlətməyi,
qapalılığı tərcih edib. Bunların ikisi bir yerdə əslində mümkün deyil.
Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər
"öz” partiyalarına - məsləklərinə aid olmalıdırlar. Onların partiya
nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir.
Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz
azadlığının verdiyi imkanlardan da könüllü olaraq imtina edir, onu
məhdudlaşdırır, buna məcbur qalır. Siyasi liderin yanında sirr tutan
jurnalist artıq jurnalist deyil, o, peşəsinə xəyanət edir".
R. Arifoğlu əlavə edib ki, partiyadan getmək kimi strateji və həyati qərarının başqa özəl səbəbləri də var: "Bütün
səbəbləri partiyadan istefa verəcəyim gün yazacağım məqalədə
göstərəcəyəm. Amma bunun Müsavat Partiyasının perspektivi, indiki
rəhbərliyinin mənə münasibəti ilə əlaqəsi yoxdur. Hesab edirəm ki,
Müsavat Partiyası Azərbaycanın keçmişi, bu günü və sabahında mühüm rol
oynayan-oynayacaq təşkilatdır. Lakin mənim həyatımda əsas rolu 26 il
öncə yaratdığım qəzet oynayır. Seçim anıdır, bunu etmişəm, geriyə yol
yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət
göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum Milli Strateji
Düşüncə Mərkəzində fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da
bu cür daha rahat olacaq”.
R. Arifoğlu onu da deyib ki, rəsmi istefa ərizəsini Müsavat rəhbərliyinə doğum günündən sonra yollayacaq: "49
yaşı müsavatçı kimi tamamlayım, sonra ərizəni göndərəcəyəm. Bundan
sonra da həyatımın 26 ilini sərf etdiyim bir layihə ilə - Müsavatla
mənəvi bağlılığım təbii ki, qalacaq. Lakin mənim üzərimdə heç bir
öhdəlik, heç bir məsuliyyət olmayacaq. Təşkilata informasiya dəstəyini
isə davam etdirəcəyəm. Ancaq Müsavatın yeni rəhbərliyi istəməsə, bunu
məcburi edəsi deyiləm ”.
"Yeni Müsavat”da çalışan digər müsavatçı jurnalistlərin qərarı ilə bağlı suala R. Arifoğlu belə cavab verib:
"Özləri bilərlər. Mən bir neçə ay öncə onlara "qalın” deyə xahiş etdim.
Çünki təşkilatda vəziyyət fərqli idi. İndi kimsəyə "gedin” deməyəcəyəm.
Hər kəs özü qərar verəcək”.