“102-ci bazanın əsası olmuş sovet diviziyasında xidmət etmişəm və yaxşı bilirəm ki...”
"Bütün hərbi-siyasi proseslər də göstərir ki, Ukraynada bataqlığa düşmüş Rusiyanın indiki durumunda ABŞ da, Avropa da Cənubi Qafqazın bütövlükdə Kremlin nəzarətindən çıxarılmasında maraqlıdır və bunun üçün...”
Son vaxtlar yayılan xəbərlərdən Ermənistanın ciddi daxili xarici siyasət böhranı yaşayan İranla əməkdaşlığının genişləndiyi təəssüratı yaransa da, hətta rəsmi İrəvanın yenidən daha çox Moskvaya meyillənməyə başladığı haqda informasiylar yayılsa da, baş nazir Nikol Paşinyanın nə yolla olursa-olsun Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaq barədə ABŞ-la gizli razılığa gəlməsi ilə bağlı məlumatlar da gündəmdədir. Görəsən, hazırkı gerçəklikdə belə bir gediş mümkündürmü?
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sovet dövründə Ermənistanın Gümrü şəhərində bəhs edilən bazanın əsasını təşkil etmiş sovet-rus diviziyasında xidmət etmiş Azərbaycanın müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov bunları söyləyib:
"Bəli, 102-ci bazanın Ermənistandan çıxarılması məsələsi qərbmeyilli hesab olunan Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən gündəmdədir. Bütün dava onun başındadır... Mən sovet dövründə Gümrüdə alay komandirinin müavini kimi xidmət etmişəm. Və Türkiyə ilə sərhəddə yerləşən və keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci moto-atıcı diviziyasının bazasında yaradılmış həmin birləşmənin Rusiya üçün hansı hərbi strateji əhəmiyyət daşıdığını yaxşı bilirəm. Bu hərbi birləşmə rəsmən Ermənistanın təhlükəsizliyinə cavabdehlik daşıyır. Ancaq bildiyiniz kimi, son illər və eləcə də bir neçə ay öncə ermənilər 102-ci bazanın qərargahı qarşısında dəfələrlə etiraz aksiyaları keçirərək "Ermənistanın təhlükəsizliyini təmin etmədiyi üçün” həmin bazanın və ümumiyyətlə Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb edirlər. Və Paşinyanın da həmin etirazların qarşısını almaq üçün ciddi tədbir görmədiyindən belə çıxır ki, Ermənistan hakimiyyətinin özü Rusiya bazasının çıxmasında xeyli dərəcədə maraqlıdır. Və bəlkə də doğrudan da Paşinyan bu barədə ABŞ-a söz verib. Bütün hərbi-siyasi proseslər də göstərir ki, Ukraynada bataqlığa düşmüş Rusiyanın indiki durumunda ABŞ da, Avropa da Cənubi Qafqazın bütövlükdə Kremlin nəzarətindən çıxarılmasında maraqlıdır və bunun üçün ciddi tədbirlər görür. Həmçinin Çinin "bir kəmər- bir yol” layihəsinin Zəngəzur, yəni Ermənistan ərazisindən də keçilməsi planlaşdırıldığı üçün rəsmi Pekin də bu yol üzərində hansısa digər güclü dövlətin hərbi mövcudluğunu istəmir. Odur ki, Azərbaycan bu situasiyadan maksimum yararlanaraq Zəngəzur dəhlizi ilə bağlı problemləri həll etməli və nəhayət, Ermənistanın həm sərhəd, həm Qarabağ ərazisi ilə bağlı sülh şərtlərini qəbul etməsinə nail olmalıdır”.
Sultan Laçın