ABŞ-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” üzrə danışıqlar nəzərdə tutulub
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına əsasən, səfər ABŞ dövlət katibi Antony Blinken-in dəvəti əsasında həyata keçirirlir.
"Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında "sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub”, -rəsmi məlumatda deyilib.
Ermənistan XİN şənbə günü bildirib ki, xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da Washington-a işgüzar səfərə yola düşəcək və burada Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması haqqında saziş üzrə növbəti müzakirələrin keçirilməsi planlaşdırılır.
Azərbaycanın Turan informasiya agentliyi ABŞ-dakı diplomatik mənbələrə istinadən bildirib ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın dövlət katibi Antony Blinkenin dəvəti ilə bazar ertəsi, mayın 1-də ABŞ paytaxtına gələcəkləri gözlənilir və həmin görüşdə tərəflər sülhə aparan "yol xəritəsini" müzakirə edəcəklər.
Turan-ın məlumata əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü "bir neçə gün davam edə bilər".
Diplomatik mənbələrə istinadən bildirilib ki, Washington danışıqlarında "yol xəritəsini" hazırlamaq mümkün olsa, "bir neçə həftə ərzində" sülh müqaviləsi bağlamaq üçün Azərbaycan və Ermənistan liderlərinin görüşü Avropada baş tuta bilər, Turan yazıb.
Rəsmi Bakı hələlik gözlənilən görüş barədə açıqlama verməyib.
Sonuncu dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antony Blinken üçtərəfli formatda 8 noyabr 2022-ci ildə Washington-da görüşmüşüdlər.
Fevralın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirmişdi ki, Bakı və Yerevan "onlayn diplomatiyaya” keçib və tərəflər arasında danışıqlar mahiyyət etibarilə sülh sazişi üzrə şərtlərin mübadiləsi ilə məhdudlaşır.
Aprelin 20-də Bakıda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson ilə görüşdə Bayramov bildirmişdi ki, artıq altıncı həftədir ki, sülh sazişinin mətni ilə bağlı Ermənistan tərəfindən Azərbaycanın təkliflərinə cavab yoxdur.
Ötən gün, aprelin 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə demişdi ki,"biz sülh müqaviləsinin erməni variantını [Azərbaycan tərəfinə] verməmişik, çünki danışıqlar gözlənilir".
O qeyd edib ki, Bakı ilə Yerevan arasında danışıqlar "yaxın vaxtlarda keçiriləcək.”
Eyni formatda görüşün Rusiyada keçiriləcəyinin anonsunu bu yaxınlarda, aprelin 12-də Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da elan edib.
"Belə bir görüş haqqında razılıq əldə edilib, konkret tarix daha sonra elan ediləcək", - Zaxarova deyib.
Aprelin əvvəlində Ermənistan XİN-dəki mənbələrə istinad edən erməni Past nəşri Washington-da mayın ikinci yarısında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün keçirilə biləcəyi barədə məlumat yaymışdı.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan aprelin 3-də bildirib ki, Yerevan Bakı ilə münasibətləri düzəltmək və sülh müqaviləsi imzalamaq niyyətindədir.
Aprelin 10-da Qazaxıstanda səfərdə olan Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən əmin olduğunu bildirib ki, çətinliklərə baxmayaraq, "çoxillik düşmənçilik səhifəsini çevimək" və beynəlxalq hüquq normalarına əsaslanan sülh müqaviləsini bağlamaq mümkündür.
Ötən ilin dekabrında Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilməli idi. Lakin son anda Ermənistan tərəfi Laçın yolu ətrafında yaranmış vəziyyəti əsas gətirərək Moskvaya gəlməkdən imtina etmişdi. Rusiya və Azərbaycan XİN başçıları erməni həmkar olmadan görüş keçirdilər. Rusiyalı nazir Ermənistanın addımını "əldən verilmiş fürsət” adlandırdı.
Aİ Şurasının rəhbəri Charles Michel isə Ermənistan-Azərbaycan danışıqlarının Brüsseldə baş tutması üçün səylər göstərir.
Bu məlumatı fevralın sonunda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bildirib. Onun sözlərinə görə, Avropa Şurasının prezidenti Charles Michel Azərbaycan və Ermənistan liderlərinə Brüsseldə görüşməyi təklif edib.
Belə bir planın olduğunu martın əvvəlində Bakıda səfərdə olmuş Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da yerli mətbuata təsdiqləyib.
Charles Michel-in təşəbbüsü ilə sonuncu belə görüş keçən ilin dekabtın 7-də də Brüsseldə keçirilməli idi, lakin Ermənistan həmin görüşdə Fransa prezidenti Emmanuel Macron-un iştirakında israr etdiyindən görüş baş tutmamışdı.
"Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Macron iştirak edəcəyi təqdirdə razılıq verib. Bu o deməkdir ki, görüş baş tutmayacaq", - Prezident İlham Əliyev o zaman görüş ərəfəsi bildirmişdi.