Türkiyədə parlament seçkiləri bitdikdən sonra ölkədə siyasi qeyri-müəyyənlik hökm sürür.
Hələlik isə müxalifət partiyaları AKP ilə koalisiyaya getməkdən oyun qaçırırlar.
AKP seçkilərdə 40% səs yığsa da xarici media və politoloqlar bu seçkiləri Ərdoğanın məğlubiyyəti kimi şərh edirlər. Ərdoğanın məğlubiyyətinə sevinənlərin başında isə İsrail gəlir.
Türkiyədəki son siyasi durumu tanınmış media rəhbəri, "Yeni Zaman" partiyasının sədri Musa Ağayev şərh edib.
Musa Ağayev: "Türkiyədə siyasi vəziyyət elədir ki, AKP 40% səs yığsa da koalisiya qurmaq imkanları məhduddur. Türkiyədəki seçkiləri Ərdoğanın məğlubiyyəti saymaq olar. Bu məğlubiyyət Ərdoğanın həm daxildə, həm də xaricdə apardığı yanlış siyasətin nəticəsi idi. İlk növbədə Ərdoğan Suriya məsələsində çox çalışdı ki, Bəşər Əsədin devrilməsində ABŞ-a kömək etsin, ancaq ABŞ Ərdoğanın istədiyi kimi hərəkət edə bilmədi.
ABŞ güclü Türkiyəni istəmir. Ərdoğan bunu anlamalı idi, ancaq Ərdoğan şəraitdən istifadə edib həm özü üçün, həm də Türkiyə üçün Osmanlının gücünü qaytarmaq istəyirdi. Aydın məsələdir ki, bu mümkün deyildi, çünki istəklə potensial uyğun gəlməlidir, ancaq Türkiyə Ərdoğanın istədiyi gücdə deyil. Ərdoğan illərdir daxili siyasətində avtoritarizmə üstünlük verir. İnsan hüquqları, söz azadlığı, ən çox həbsdə olan jurnalistlərin sayına görə, Türkiyə beynəlxalq təşkilatların siyahısında ikinci yerdə durur.
Qaldı İsrailin Ərdoğanın son seçkilərdə uduzmasına sevinməsi məsələsinə, bütün bunları oyun hesab edirəm. Ərdoğanın İsrailə qarşı olması heç inandırıcı deyil".
Ölkə.az