"Əziz soydaşlarım, bildiyiniz kimi 2005 və 2010-cu ildə olduğu kimi yenə 20 saylı Nərimanov II seçki dairəsindən deputatlığa namizədəm. Qələbəmə zərrə qədər də şübhəm yoxdur. Çünki həm dairəmin insanlarını tanıyıram, həm də illərdir onların problemlərinin həlli ilə məşğulam”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyev deyib.
Adil Əliyev qeyd edib ki, o bəzi rəqibləri kimi seçicilərini seçkidən seçkiyə xatırlamır: "Mən tək seçki zamanı deyil, hər zaman onların yanındayam. Qərargahımın qapısı 10 ildir seçicilərimin üzünə açıqdır. Artıq seçki kampaniyasına başladım. Rəqiblərimə də uğurlu seçki kampaniyası arzulayıram. Ancaq rəqiblərimdən biri artıq ilk gündən suyu bulandırmağa başlayıb. Mən real şəkildə mübarizəyə başlayarkən, mitinqlərə start verərkən, seçicilərimin dərdlərini dinləyərkən, o virtual aləmdə varlığını göstərməyə çalışır. Saytların birində dairələr üzrə virtual səsvermə keçirilir. O da indidən haray-həşir salıb ki, bəs qoymayın sayta müdaxilə olub "mənim səslərimi” oğurlayıblar. Birincisi, həmin saytı mən və tərəfdarlarım da izləyir, sayta girişdə heç bir problemlə rastlaşmadıq, indi də işləyir. İkincisi, millət vəkili virtual səsvermədə yox, real səsvermədə müəyyənləşəcək. Bunu mən iki dəfə həmin şəxsə də sübut etmişəm. Hətta öz ətrafı da etiraf edib ki, dairənin əsl qalibi Adil Əliyevdir. Üçüncüsü, bildiyim qədəri ilə virtual səsvermə seçkiqabağı təşviqat üçün nəzərdə tutulan müddətdə aparılacaq. Necə deyərlər, cücəni payızda sayarlar. "Mübarizəni kişi kimi apararlar” deyən rəqibimin diqqətinə onu da çatdırıram ki, dairəmizdən deputatlığa 9 namizəddən 3-ü xanımdır. Kişilikdən danışarkən, onların hüquqlarını pozmasın. Mən isə ondan fərqli olaraq bütün rəqiblərimə mərdanə mübarizə aruzlayıram”.