Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu il Norveçin Oslo Universitetində Beynəlxalq Yay məktəbində təhsil alacaq universitetin bir qrup tələbə və müəllim heyəti ilə görüşüb. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, görüşdə hər il olduğu kimi bu il də tələbə və müəllimlərin xarici ölkələrə göndərildiyini deyən rektor Səməd Seyidov bu baxımından ilin daha məhsuldar olduğunu söyləyib. ADU-nun 10 nəfər tələbəsinin universitet hesabına 2015-2016-cı tədris ilində Çin Xalq Respublikasının Şenyan Pedaqoji Universitetində təhsil alacağını söyləyən rektor Çinə məhz bu sayda tələbənin göndərilməsinin Azərbaycanda ilk dəfə olduğunu vurğuladı. Rektor Səməd Seyidov tələbələrin İtaliya, Fransa, Almaniya və digər ölkələrə oxumaq üçün göndərildiklərini bildirdi. Həmçinin rektor universitetə ABŞ, Fransa, Koreya, İspaniya, Çin və digər ölkələrdən tələbələrin gəldiyini də qeyd etdi. Hazırda Azərbaycanın möhtəşəm Avropa Oyunlarına ev sahibliyi etdiyini deyən rektor Səməd Seyidov Norveçə gedən nümayəndə heyətinə olduqları ölkədə vətənləri haqqında obyektiv reallıqları, mədəniyyəti, incəsənəti ilə bağlı geniş məlumatların çatdırılması zərurətindən danışdı. Rektor Səməd Seyidov müstəqil Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində azərbaycanlı gənclərin inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirmək şansı əldə etdiklərini qeyd etdi. Norveçin yüksək mədəniyyətə malik ölkə olduğunu deyən rektor Səməd Seyidov Norveçə gedən nümayəndə heyətinə uğurlar arzuladı.
Daha sonra Norveçə gedən müəllimlər Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi hesabına uzun müddətdir ki, müəllim və tələbələrin xarici ölkələrə konfranslara, təlimlərə, təhsil almağa göndərildiklərini və bu addımla digər ali təhsil müəssisələrindən fərqləndiyini bildirdilər. Yaradılan şəraitə, dəstəyə görə təşəkkürlərini bildirən müəllimlər Azərbaycanı uğurla təmsil edəcəklərini və yüksək bilikləri mənimsəyərək geri dönəcəklərinə əminliklərini ifadə etdilər.
Norveçə gedən tələbələr özlərini təqdim edərək Azərbaycanı layiqincə təmsil edəcəklərinə söz verdilər.
Qeyd edək ki, ADU-nun maliyyə dəstəyi ilə universitetin Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Xarici Dillər kafedrasının 5 nəfər müəllimi Avrasiya təqaüd proqramı vasitəsilə Oslo, eyni zamanda Bergen universitetlərinin BYM-kurslarında iştirak edəcəkdir.
Bundan əlavə, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər kafedrasını təmsil edən bir nəfər müəllim, o cümlədən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan 6 nəfər tələbəsi Oslo Universitetində Beynəlxalq Yay Məktəbi (BYM) 2015-də iştirak edəcəklər.
Bu il Yay məktəbinə gedən tələbələr Norveç dili, müəllimlər isə tədris etdikləri müvafiq ixtisaslar - Norveç dili və ədəbiyyatı, Norveç tarixi, Beynəlxalq siyasət və digər sahələr üzrə kurslarda iştirak edəcəklər.
Xatırladaq ki, Oslo Universitetində təşkil olunan kurslar 21 iyun 2015-ci ildən başlayaraq 1 avqust 2015-ci il tarixinədək davam edəcək.
Onu da qeyd edək ki, Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında layihə çərçivəsində hər il təşkil olunan yay məktəbində 2007-ci ildən bu günədək ümumilikdə ADU-nun 120 nəfərə yaxın müəllim və tələbəsi müxtəlif ixtisaslar, xüsusilə də Norveç dili üzrə təhsil alaraq geri qayıdıblar.