“Aka, cavab ver” - Şəhid batalyon komandirinin qanla suvarılan döyüş yolu...

“Aka, cavab ver” - Şəhid batalyon komandirinin qanla suvarılan döyüş yolu...

"Aka, cavab ver”... "Aka cavab ver...” Aka susur, "Aka, cavab ver”... Aka cavab verməyəcək. O əbədi susub. Efirdə sükutdur. Ürəklərə elə bil soyuq su səpələnib. Kimsə nə edəcəyini bilmir, kimsə elə bil nəyin baş verdiyinin fərqində deyil. Hamı öz-özünü aldadırmış kimi, yenidən Aka ilə əlaqə yaratmaq üçün bir də cəhd etmək istəyir. Bəlkə bir də cəhd edək... reallıqla hesablaşmaq lazımdır, barışmaq lazımdır. O reallıqla ki, kamandan atılan ox, bir daha geri dönmür. Onun efiri dolduran zəhmli səsi, bəzən sakitcə dediyi "ne panikuyte” (panika salmayın) sözü bir daha eşidilməyəcək oldu. Amma deyirlər təbiətdə heç nə itmir və əgər mistikaya inansaq, insanların 2000 il əvvəl dediyi sözlər belə eşidiləcək. Bu məntiqlə Aka susmayacaq, o həmişə efirdədir, sadəcə biz onu eşidə bilmirik, Astral formada, paralel dünyamızda, axirətdə də... nə isə... Bu özünü təskinlik üçün insanın xəyallar dünyasına, hansısa paralel dünyada xəyallar burulğanında guya təsəlli tapmaq üçün etdiyi uğursuz cəhddən başqa bir şey deyil. Acı reallıq isə budur: "Aka heç vaxt danışmayacaq. Aka susur”. Gerçəkliklə barışmaq lazımdır.

 

Aka onun ləqəbi idi. Bu sözün etimologiyasını heç kim bilmir. Deyirlər bu adı O Ukraynanın Dnepropetrovsk şəhərindən gətirib. O yerdə ki, o uzun illər yaşayıb ”" yaradıb, ağır zəhmət bahasına böyük uğurlar əldə edib və "beş kişidən biri olmuşdu”. Gəldi ki, yüz kişidən biri olsun. İlyas 1990-cı ildə öz doğma kəndinə, keçmiş Martuni rayonunun Muğanlı kəndinə qayıdır. Özü də əliboş yox "Karlı pulla”. Gəldi ki, halal zəhməti ilə qazanmış olduğu pullarını, halal torpağının müdafiəsinə sərf etsin. Getdikcə qızışan münaqişədə O, bütün vəsaitini, bütün enerjisini, bacarığını ortaya qoydu. Təmənnasız... təmənna uman deyildi Aka... Hadisələr onu və ailəsinin bütün üzvlərini torpaqların müdafiəsi istiqamətində gedən proseslərin öncülünə çevirdi. Hardan idi onda bu əzmkarlıq, iradə, enerji, fanatizm dərəcəsində olan vətənpərvərlik?. Deyirlər torpaq sevgisi daha çox kəndlilərdə hiss olunur. İlyas təpədən dırnağa kimi "kəndçi” idi. Zəhmətkeş, torpağa bağlı insan bəlkə də bundan ilham alırdı?

Aka kəndin özünümüdafiə qüvvələrinin yaradılmasında, nizam- intizamın formalaşmasında əvəzsiz rol oynadı. Aka öz pulu ilə bir neçə ədəd artilleriya qurğusu almıştı... mərmi və güllədə həmçinin o qayda ilə. Özü cavanlığında sovet ordusu sırlalarında artilleriya peşəsinə yiyələnmişdi. Artilleriya bölüyünə də özü rəhbərlik edirdi. Aka topları ilə ermənilər üçün əsl başağrısına çevrilmişdi. Dəqiq artilleriya zərbələri ilə Martuni istiqamətində düşmənin bir neçə ağır hərbi texnikasını və çoxlu canlı qüvvəsini məhv etmişdi. Əgər müharibə olmasaydı, hamı onu çox bacarıqlı, təsərrüfatçı olduğunu deyərdi. Sən demə bu adam anadan hərbiçi doğulmalı imiş. Hədsiz dərəcədə dəqiqiliyi, qayda -qanun sevən, olduqca sərt, tələbkar, riskli, prinsipial... Akanın sərtliyi əvvəl onun özünə, doğma qardaşlarına, ən yaxın qohumlarına, sonra isə digərlərinə qarşı yönəldilmişdir. Bütün döyüş əməliyyatını o və qardaşları Eyvaz, Əbülfət hazırlayır, əməliyyatı isə icra edən yenə öz qohumları, əfsanəvi kəşfiyyatçı kiçik qardaşları İbad, əmisioğlu Müşfiq və bibisoğlu Ədalət edərdi. Əməliyyatlarda öndə getmək üçün bu qohumlar arasında qızğın mübahisə gedərdi. Təbii ki, şəhid olanlar, əlil olanların əksəriyyəti bu nəslin payına düşürdü. Şərait belə idi ki, cəmiyyətin önündə olanlar təyin olunmur, seçilirdilər. Bu müqəddəs yolda İlyas və  qardaşları valideynlərindən xeyr -dua almışdılar. Ot kökü üstə bitər. Valideynləri Mövsüm kişi və Kifayət ana yalnız fiziki göstəricilərinə görə proseslərə qarışa bilmirdilər. Döyüşlərdə qardaşlardan Eyvaz, Əbülfət ağır yaralanır, estafeti İlyas qəbul edir, o da yaralanır, lakin qarabağlılar demişkən bu "bekara şeydir”. Aka əvvəlcə qərargah rəisi, sonra isə batalyon komandiri təyin olunur. Artıq bu zaman düşmənə qarşı sonsuz nifrəti, içindən gələn qisas etirası ilə çalğalanan Aka, öz şəxsi ambissiyasını, prinsipiallığını həyata keçirmək üçün şans əldə edir. Onun şəxsi ambissiyası o dövrlər üçün hələ Azərbaycanda analoqu olmayan çox güclü döyüş qabiliyyəti, nizamlı, komplektləşdirilmiş ordu hissəsi yaratmaq idi. Çox çətin adam idi İlyas. Onda qəribə bir prinsipiallıq var idi. Ola bilməzdi ki, o mövcud kllasik hərb elmi ilə razılaşsın. Nə isə yenilik gətirmək istəyirdi. Gətirdi də. Baxmayaraq ki,ali hərbi təhsili yox idi. Ermənilərin düzgün hərbi taktika ilə manevr etdiyini  analiz edərək, yerli coğrafi quruluşu  və bir çox başqa şeyləri götür -qoy etdikdən sonra, effektli mübarizə taktikası işləyib hazırladı. Heç kim tərəfindən bu ideya təsdiqlənməsə də, o bildiyini edirdi. Dahilərdən biri deyib ki, heç bir şeyə vaxtında qiymət vermək olmur. Həqiqətən belə idi. Yaxudda ki, biz o dövrdə İlyası başa düşəcək səviyyədə deyildik.

Komandir heç nəyə məhəl qoymur və yeni bir taktika işləyir. "Qranatomyot taktikasi”. Artilleriyanı və ağır döyüş texnikasını əvəz edən qranatomyot. Taktika tətbiq olunur. 1994-cü il yanvarın 26-da ermənilərin nəzarəti altında olan Kuropatkin kəndinin strateji yüksəklikləri bir həmlə ilə geri alınır. 60 erməni məhv edilir. 1 tank, 1 zenit qurğusu sıradan çıxarılır. 1994-cü ildə aprel ayının 14-27-də  ermənilər Ağdamın Tağıbəyli və Suma kəndləri istiqamətində genişmiqyaslı hücuma keçir. Düşmənin ən mühüm hücum qüvvələri  İlyasın iki rotası tərəfindən məhv edilir.

Qeyri -bərabər, amansız döyüşlərdə uğurlu nəticələr əldə olunur. Iki həftə davam edən aramsız döyüşlərdə batalyon 5 şəhid, 45 yaralı verdiyi halda. Ermənilərin elit hərbi hissələrinin onlarla canlı qüvvəsini məhv etmiş, 3 ədəd ağır texnikasını sıradan çıxarmış, xeyli qənimət əldə etmişdi.

Deyəsən inandırıcı olmadı, elə deyilmi? Bu mövzuda yazılmış məqalələrdə tez -tez rastlaşdığımız, üzr istəyirəm şablon cümlələr, şişildilmiş rəqəmlər oxucunu yorur. Yuxarıda elə rəqəmlər göstərdik ki, həqiqətən buna inanmaq çətindir. Tam məsuliyyəti ilə bəyan edirəm ki, bu belədir. Biz ermənilərin bu döyüşlərdə nə qədər itki verməyinin fərqində olmasaq da düşmən bu itkidən şoka düşür.


Bu ağlasığmaz qəhrəmanlığı İlyas və onun batalyonu edə bilərdi. Həmin hadisələrin canlı şahidi Müdafiə Nazirliyinin  döyüş istiqaməti üzrə müavini polkovnik Cahangirovun təşəbbüsü ilə yalnız İlyasın batalyonunun tapşırığı yerinə yetirmək gücündə olduğu etiraf edilir. AKA tərəfindən cızılmış plan əsasında həyata keçirilən əməliyyatlar həmişə uğurla başa çatırdı. Tam komplektləşdirilmiş rotalar və qərargah arasında radio əlaqə vacib idi. İlyas Hüseynovun radio tezlikdə parolu "AKA” idi. Döyüşçüləri onu məhz AKA deyə çağırırdılar, bütün döyüşlərdə ən kritik anlarda ratsiya ilə əlaqə saxlayan AKA-nın efirdə olması döyüşçülərdə əlavə enerji yaradır, yeni stimul verirdi. ən ağlasığmaz, demək olar ki, ümidsiz vəziyyətlərdə AKA-nın insan şüuruna, onun psixologiyasına hesablanmış danışıq tonunda verilmiş tapşırıqlar döyüşçüləri ruhlandırır, "əgər AKA bunu deyirsə, demək mümkündür” məntiqi ilə düşünən döyüşçülər verilən əmirləri icra edirdilər. Ilyas özü də bilirdi ki, elə şeylər var ki, insan şüuru, onun potensial bacarığı bunu etməyə qadir deyil. Lakin ekstermal vəziyyətdə adi söz belə insanı möcüzələr yaratmağa vadar edir. AKA-nın radiotezlikdə efirdə olması müvəffəqiyyətin rəhni demək idi. AKA -nın efirdə olması döyüşçülərdə belə bir təəssürat oyadırdı ki, komandir onların yanındadır, əgər yanındadırsa demək heç bir problem yoxdur. Tanıyanlar ona müraciətlə komandir, həmkəndliləri isə Elyas deyərdilər. Lakin bir qayda olaraq, döyüşçülər onu Aka çağırardı. Aka onlar üçün həm zəhmli böyük qardaş, həm də ən adi mehriban bir insan idi, baxmayaraq ki, xaraktercə çox ağır, tələbkar idi. Xalq arasında belə bir deyim var: "filankəsin ortası yoxdur”. Ilyas həmişə axıra qədər mübarizə aparan, yarımçıq adam deyildi. O əsəbləşəndə elə bil ildırım çaxardı, Aka güləndə elə bil günəş yenidən doğurdu. Onun sərtliyi də, mərhəməti də hüdud bilmirdi. Vətənə, torpağa bağlı bu vətənpərəvər insan atəşkəs dövründə də hərbi qaydalarla yaşayır, yenə də canından əziz sevdiyi torpaqda yaşayırdı. Respublikadan bəlkə də çoxları bilmir ki, işğal edilmiş Dağlıq, eləcə də aran Qarabağ arasında kiçik bir ərazi də var ki, bu torpaq məhz Dağlıq Qarabağ ərazi vahidinə aid torpaqdır. Xocavənd rayonun ərazisidir. Məhz Aka və onun batalyonu tərəfindən azad edildi, bu gündə onun rəhbərlik etdiyi keçmiş batalyonu tərəfindən müdafiə olunur. Xarakatercə prinsipial adam olan Aka, atəşkəs dövründə məhz həmin o kiçik Dağlıq Qarabağ ərazisində, döyüş xəttinin lap yaxınlığında yaşayaraq, müqəddəs Azərbaycan bayrağını ora sancmışdır. Aka bununla içindən gələn vətən yanqısının, torpaq sevgisinin, düşmənin lap gözünün qabağında ona nifrətini bildirirdi.


Lakin odlu - alovlu, vətənpərvər çılğın təbiətli bu adam döyüşlərdə almış olduğu çox saylı yaralardan qəflətən vəfat etdi.  II qrup Qarabağ müharibəsi əlili olan İlyas Hüseynov aldığı kontuziya və yaralarlar, eyni zamanda Vətən sevgisi və həsrəti ilə yaşayırdı. O, şəhid əsgərlərinin qanı bahasına azad etdiyi bu müqəddəs torpağı sona kimi tərk etmədi və Nərgiz təpədə yaşadı. Və elə orada, sona kimi müdafiə etdiyi Vətən torpağında həyata əlvida dedi. Onun vəfatı onu tanıyan insanlara, onun dövlət, vətən qarşısında misilsiz xidmətlərinin şahidi olmuş keçmiş döyüşçülərə çox böyük mənəvi zərbə oldu.

Aka əbədi susmuşdu. O bir daha efirdə öz döyüşçülərini ruhlandıra bilməyəcək. Onun zəhmli səsi bir daha eşidilməyəcək. Heç kim bu acı həqiqəti həzm etmək istəmir.

Bəlkə efirdə texniki nasazlıq var, bəlkə bir də cəhd edək? "Aka cavab ver... Aka, cavab ver”... Aka susur, adamın bağrını yaran lənətə gəlmiş bu sükut nə vaxtadək davam edəcək? Lakin... başınızı uca tutun, Aka həyatda istədiyi, həyata keçirmək istədiyi hər şeyi etdi. Onun etmək istədiyi amma edə bilməyəcəyi bir şey qalmadı. Bu prinsipial şəxs öz funksiyasını yerinə yetirdi. Məyus olmaq, kədərlənmək yox fərəh hissi, qürur duymaq lazımdır. Insanın şərəfli ölümündən də məmnun qalmağı bacarmalıyıq.

(Bu yazı keçmiş döyüşçü Sahib Şirinov tərəfindən Xocavənd batalyonunun komandiri İlyas Hüseynovun vəfatı ilə əlaqədar olaraq  illər öncə yazılıb)

 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az