Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında “Vahid Azərbaycan: həmrəyliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMİP Mərkəzi Şurasının üzvü, partiyanın Cənubi Azərbaycan Komissiyasının sədri Əli Orucov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, Şimali Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu, Cənubi Azərbaycana da təsir edib: “Azərbaycan iki hissəyə parçalandıqdan sonra onun birləşdirilməsinə cəhdlər çox olub. Təəssüf ki, biz hələ bu birliyə nail ola bilməmişik. Lakin bununla belə, birliyə gedən yol istiqamətində müəyyən addımlar atılıb, təşəbbüslər göstərilib. Azərbaycanın vahid dövlətdə birləşməsində Azərbaycan hökumətinin və bir sıra təşkilatların da üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, biz bu birliyə nail olacağıq”.
Vətəndaş Həmrəyliyi Partiyasının şöbə müdiri Arif İsmayılbəyli bayramın təsadüfən meydana gəlmədiyini, bu tarixin qeyd olunmasında xalq hərəkatının təsirinin böyük olduğunu söyləyib. Vahid Azərbaycan uğrunda aparılan mübarizənin hazırda zəiflədiyini deyən A. İsmayılbəyli, gələcək nəsillərin də bu birlik uğrunda səy göstərməsinin vacibliyini vurğulayıb.
Ziyalılar Forumunun üzvü, professor Firudin Cəlilov vahid Azərbaycan uğrunda aparılan mübarizəni idarə edən mərkəzin yaradılmasını təklif edib. Onun sözlərinə görə, Cənubi Azərbaycanda milli azadlıq hərəkatına dəstək adı ilə çoxlu təşkilat fəaliyyət göstərsə də, onların işi səmərəli deyil.
KXCP sədrinin müavini Xəzər Teyyub isə Dağlıq Qarabağın azadlığının Təbrizdən keçdiyini bildirib.