“Arif müəllimin nəvəsi Arif ermənini yıxıb...”

“Arif müəllimin nəvəsi Arif ermənini yıxıb...”
Braziliyanın Salvador şəhərində gənclər arasında dünya çempionatında birincilik qazanmış gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvləri artıq vətənə dönüblər.
Hava limanında jurnalistlərə açıqlama verən komandanın böyük məşqçisi Əsgərxan Novruzov bildirib ki, böyük ümidlərlə yollandıqları çempionatdan yaxşı nəticələrlə qayıdıblar.
59 ölkənin idmançılarının iştirak etdiyi çempionatda gənc güləşçilərimiz demək olar ki, bütün çəki dərəcələrində medal qazanıb. Komanda hesabında 58 xal toplayan güləş üzrə Azərbaycan yığması çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb. Qızıl medalları ölkəmizə Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) qazandırıblar. Arif Hüseynov (50 kq) isə bürünc medala sahib olub. Özü də erməni güləşçiyə qalib gəlməklə...
Komandanın ən gənc üzvü - bürünc medala sahiblənmiş 19 yaşlı Arif Hüseynov dünən elə hava limanından Salyana - evlərinə dönüb.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri Ariflə toy-bayram ab-havasının yaşandığı ata evində görüşüb.
Arif uzun illər sovet orqanlarında rəhbər vəzifələrdə çalışmış babasının adını daşıyır. Atası Aruz Hüseynov isə FHN-in Salyan Yanğınsöndürmə Xidmətinin zabitidir.
Arif ailənin tək oğlan övladıdır. 3 bacısı var. O da, bacıları da ali məktəb tələbəsidir. Arif hazırda Moskva Müasir Humanitar Akademiyasının Dağıstan filialının bədən tərbiyəsi fakültəsinin II kursunda təhsil alır.
Arifin dediyinə görə, hələ uşaq vaxtlarından güləşə böyük marağı olduğundan 6-cı sinifdən Bakıya gedərək "Neftçi”nin güləş bölməsində hazırlıqlara başlayıb. Ən böyük arzusu isə dünya çempionu olmaqdır. Təəssüflənir ki, 20 yaşı tamam olmadığı üçün Bakıda keçirilən I Avropa Oyunlarına güləşçi kimi qatıla bilməyib.
Arif Braziliyadakı yarışmanın ən maraqlı detalı - Ermənistan güləşçisi Razmik Misakyanla mübarizəsindən danışır. Deyir tatamiyə çıxarkən ağlına qələbədən savayı ayrı şey gəlməyib: "Çünki bu, mənim üçün təkcə idmançı kimi yox, həm də milli şərəf məsələsi idi”.
Babası Arif kişi və atası Aruz deyir ki, yarışı canlı olaraq internetdə gecə saat 3-dən izləyiblər: "Həddən artıq həyəcan keçirirdik, bəlkə də Arifdən də çox. Şükürlər olsun ki, o, ermənini də məğlub etdi. Bu mükafat bürünc olsa da bizim üçün qızıldan da qiymətlidir. Çünki erməninin kürəyini yerə vurmaqla qazanılıb”.
Onu da qeyd edək ki, Arif hələ uşaqlıqdan ərəb dilinə də böyük maraq göstərib. O, Qurani-Kərimi orijinaldan sərbəst şəkildə oxuyur, namaz qılır.
Salyanda bu gün hara getsən ondan danışılır: "Arif müəllimin nəvəsi Arif ermənini yıxıb...”
Bizə isə Arifə və digər gənc idmançılarımıza döyüş meydanını həmişə qalib kimi tərk etməyi arzulamaq qalır...
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az